"Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı"

"İslamiadaya qələbə ilə başlamaq əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlaşırdıq".

 

Newsport.az-ın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Seneqala qalib gəldikləri B qrupunun ilk oyunu barədə danışarkən deyib.

 

O, qalibiyyət münasibəti ilə komanda yoldaşlarını və azarkeşləri təbrik edib: "İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik və buradan Vətənə qızıl medalla dönəcəyik. Komandamıza uğurlar arzulayıram".

 

Azərbaycan komandasının bayraqdarlarından biri olan Abduləzimova bu etimadı qazanmağın qürurverici olduğunu söyləyib: "Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı. Bayrağımız hər zaman yüksəklərdə dalğalanmalıdır. Mən də bir idmançı kimi çalışacağam ki, bu yarışda qalib gələrək üçrəngli bayrağımızı qalib kimi də ucaldım".

 

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda növbəti matçını avqustun 10-da Əfqanıstana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu qrupda Kamerun yığması da mübarizə aparır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right