Zəfər Kubokunun püşkü atıldı

22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.

 

Newsport.az-ın məlumatına görə, tədbir Azərbaycan Voleybol Federasiyasının (AVF) mənzil-qərargahında baş tutub.

 

İdman Araşdırmalar Mərkəzinin Azərbaycan İdman Jurnalistləri, AVF və "Avropa Group"la birlikdə təşkil etdiyi yarışa 8 komanda qatılıb.

Bunlar işğaldan azad olunmuş əraziləri təmsil edən "Şuşa", "Ağdam", "Kəlbəcər", "Füzuli", "Zəngilan", "Xankəndi", "Xocalı" və "Suqovuşan"dır.

 

Püşkatma mərasiminə İAM-ın sədri Elşən Məmmədov, AVF-nin baş katibi Fərid Xəlilov, baş sponsor "Avrora Group"un nümayəndəsi Elvin Babayev, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və iştirakçı komandaların nümayəndələri qatılıblar.

 

E.Məmmədov daha əvvəl futbol üzrə Zəfər Kubokunun keçirildiyini xatırladıb: "Futbolda olduğu kimi, voleybolda da iştirakçı komandaların sayının çox olmasını istəyirdik və buna da nail olduq. Say Azərbaycan voleybol çempionatlarındakı iştirakçılardan çoxdur. Biz voleybolun inkişafına dəstək olmaq və buna öz köməyimizi vermək istəyirik".

 

F.Xəlilov tədbirin ənənəvi olmasını istədiklərini söyləyib: "Bu turnirin hər il baş tutmasını istəyirəm. Bu, voleybola marağın artması və Vətən müharibəsindəki qələbəni qeyd etmək baxımından çox gözəl təşəbbüsdür. Hamınıza uğurlar arzulayıram".

 

E.Babayev daim sağlamlığa dəstək verməyə çalışdıqlarını və bunlar arasında idmanın da yer aldığını vurğulayıb: "Hər birinizə uğurlar arzulayıram. Maraqlı alınacağına inanıram. İştirakınıza görə təşəkkür edirəm".

 

E.Zülfüqarov isə yarışın qaydaları haqqında məlumat verib: "Turnir olimpiya sistemi ilə keçiriləcək. Hər oyun 3 hissədən ibarət olacaq. İlk iki hissə 25-dən, bərabərlik qeydə alınsa, üçüncü set isə 15-dən ibarət olacaq.

 

Püşk nəticəsində 1/4 final cütlərinin tərkibi müəyənləşib.

1. "Füzuli" - "Zəngilan"

2. "Şuşa" - "Xocalı"

3. "Ağdam" - "Kəlbəcər"

4. "Suqovuşan" - "Xankəndi"

 

Bu mərhələnin oyunları iyulun 11-də keçiriləcək. İyulun 16-da keçiriləcək yarımfinalda "Füzuli" - "Zəngilan" cütünün qalibi "Ağdam" - "Kəlbəcər" cütünün qalibi ilə, "Şuşa" - "Xocalı" cütünün qalibi "Suqovuşan" - "Xankəndi" cütünün qalibi ilə üz-üzə gələcək. Final qarşılaşması iyulun 22-də oynanılacaq.

 

Turnirin qalibinə Zəfər Kuboku, 800 manat pul mükafatı və diplomlar, finalçı komandaya diplomlar veriləcək. Eyni zamanda yarışın ən yaxşı voleybolçusu 100 manat pul mükafatı alacaq.

 

Qeyd edək ki, Zəfər Kubokunun baş sponsoru "Avrora Group", İnformasiya dəstəkçisi "Report" agentliyidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right