Çempionlar Liqası: tarixə sayəhət, rekordlar, ən yaxşılar

Gələn həftə Çempionlar Liqasında qrup mərhələsinin oyunları start götürəcək. Sentyabrın 16-da “A”, “B”, “C” və “D” qruplarında oyunlar baş tutacaq. Ertəsi gün isə digər 4 qrupun iştirakçıları meydana çıxacaqlar. Bu həyəcanı yaşamamışdan öncə qitənin ən mötəbər klub turnirinin tarixinə səyahət edib, rekord göstəricilərlə tanış olmaq heç də pis olmaz. Yeri gəlmişkən, ÇL-lə paralel “Qarabağ”ın da mübarizə apardığı Avroliqa da start götürəcək. Bu turnir haqqında yazını isə gələn sayımızda dərc edəcəyik.

60 YAŞLI TURNİR

Turnir ilk dəfə 1955-ci ildə keçirlib. Avropa Çempionları Kubokunun əsasını fransalı idman jurnalisti, “L’Equipe”nin redaktoru, 12 oyunda Fransa millisinin şərəfini qorumuş Qabriel Ano qoyub. Əslində ideya Britaniya mətbuatının bir açıqlamasından sonra yaranıb. Belə ki, 1954-cü ildə “Spartak” və “Honved”i məğlub edən “Vulverhempton”u ingilislər Avropanın ən güclü klubu elan etdilər. Ano isə qitənin ən güclüsünü müəyyənləşdirmək üçün turnir keçirməyin zəruri olduğunu bildirdi. Ertəsi günü isə o, çalışdığı mətbuat orqanında turnirin mümkün lahiyəsini dərc etdi. Beləcə, 1955-ci ilin yanvarında ilk turnir baş tutdu.

Avropa Çempionları Kubokunun 1955/56 mövsümündə komandalar “play-off” (ev və səfər) sistemi ilə mübarizə aparırdılar. 1992-ci ilə kimi turnirdə yalnız öz ölkəsinin çempionları və turnirin son qalibi iştirak edirdi.

1991/92 mövsümündən etibarən turnirin formatı dəyişdi. Artıq oyunlar qrup mərhələsi ilə start götürürdü. 1 il sonra isə yarış Çempionlar Liqası adını aldı.

1997/98 mövsümündən etibarən UEFA-nın əmsallar cədvəlində yüksək pillələri tutan ölkələr yarışda 1 deyil, 2 komandayla iştirak etmək hüququ qazandı. Bundan başqa, aşağı reytinqli ölkələrin çempionları qrup mərhələsində mübarizə aparmaq üçün “play-off” oyunlarında yarışmalı idilər. Son illərdə baş verən dəyişikliklərdən sonra UEFA-nın əmsallar cədvəlində ilk 3 yeri tutan komandalar yarışda 4 klubla təmsil olunurlar.

1960-cı ildən 2004-cü ilə kimi bu yarışın qalibi olan komanda Libertadores kubokunun ən güclülü ilə Qitələrarası kubok uğrunda mübarizə aparırdı. Lakin son illər bu yarış ləğv olunub. Hazırda  Çempionlar Liqasının qalibi FİFA-nın təşkil etdiyi Klublarası Dünya Çempionatında iştirak edir.

 

TƏSNİFAT...

Bayaq da qed etdiyimiz kimi, klubların sayı ölkələrin əmsallar cədvəlinə uyğun olaraq müəyyənləşib. Reqlamentə əsasən

– cədvəldə ilk 3 yeri tutan ölkələr turnir də 4, 4-6-cı yeri tutanlar 3, 7-15-ci pillədə qərarlaşanlar 2, 16 və daha aşağı yerin sahibi olan ölkələr isə ÇL-da cəmi 1 klubla təmsil olunurlar. 

Klubların turnirə hansı mərhələdən başlayacağı da əmsallar cədvəlinə əsasən müəyyənləşir. Məsələn, sıralamada ilk 3 pillədə qərarlaşan ölkələrin 3 təmsilçisi turnirə birbaşa qrup mərhələsindən qoşulur. Dördüncü komanda isə “play-off”dan mübarizəyə start verir.

2004/05 mövsümündə “Liverpul” UEFA-nı çətin duruma salmışdı. Belə ki, həmin vaxt “Qırmızılar” turnirin son qalibi olsa da, ölkə çempionatını beşinci yerdə tamamlamışdı. Bu səbəbdən də İngiltərə Futbol Assosiasiyası ölkəni ÇL-də təmsil edəcək sonuncu komandanın çempionatı dördüncü pillədə başa vuran “Everton”un olmasını istəyirdi. Yekunda UEFA həm “Liverpul”un, həm də “Everton”un turnirdə mübarizə aparmasına qərar verdi. “Liverpul” yarışa birinci, “Everton” isə üçüncü mərhələdən qoşuldu.

Həmin hadisənin bir də təkrarlanmaması üçün UEFA qərar qəbul etdi. Qəbul olunmuş qərara əsasən, bundan sonra turnirin son qalibinin növbəti mövsümdə də yarışda çıxış etməsi mütləqdir. Onun ölkə çempionatında neçənci yeri tutması əhəmiyyət kəsb etmir. Əgər, qalib komanda mövsümü aşağı pillədə başa vursa, bu halda normal halda ÇL-ə vəsiqə verən sonuncu pillənin sahibi turnirdən kənarda qalır. Yəni, “Liverpul” turnirin son qalibi olub, mövsümü beşinci pillədə başa vursa, növbəti ÇL-də İngiltərəni Premyer Liqada ilk 3 yeri tutan komanda + ”Liverpul” təmsil edəcək. Dördüncü yerin sahibi isə Avroliqaya yollanacaq.

2009/10 mövsümündə UEFA daha bir yenilik etdi. Belə ki, qitə futbol qurumu təsnifat mərhələsində etapların sayını artırdı. İndi komandalar 3 mərhələ, üstəlik “play-off”da mübarizə aparırlar. Amma ilk mərhələdə əmsallar cədvəlində son 6 pillənin sahibi olan ölkələrin təmsilçiləri iştirak edirlər.

2005/06 mövsümündə  “Liverpul” və “Artmedia” klubları ilkə imza atdılar. Belə ki, İngiltərə və Slovakiya təmsilçiləri mübarizəyə ilk təsnifat mərhələsindən başlayan və qrup mərhələsinə vəsiqə əldə edən ilk klublar kimi tarixə düşüblər. Daha sonra bu uğuru (2008/09 mövsümündə) BATE və “Anortosis” də təkrarlayıb.

 

...VƏ QRUP MƏRHƏLƏSİ

Qrup mərhələsi başlamamışdan öncə püşk atılır və 32 komanda hər birində 4 komanda olmaqla 8 qrupa bölünür. Qrupada hər bir komanda 6 oyun keçirir - 3-ü evdə, 3-ü də səfərdə. Yekunda qrupda ilk 2 yeri tutanlar 1/8 finala vəsiqə əldə edirlər. Qrup sonuncuları avrokuboklarla vidalaşdığı halda, üçüncü yeri tutan komanda Avroliqanın 1/16 final mərhələsində iştirak hüququ qazanırlar.

ÇL-in 1/8 final mərhələsində püşkatma kor-koranə atılmır. Belə ki, bu mərhələdə eyni ölkənin təmsilçiləri və qrup mərhələsində bir-birinə rəqib olmuş komandalar üz-üzə gələ bilməzlər. Qrup qalibləri ikinci yeri tutanlarla qarşılaşır. 1/8 finala qrup lideri kimi adlayanlar ilk oyunu səfərdə keçirir. 1/4 finaldan etibarən isə “kor püşk” atılır. Yəni, istənilən komanda digəri ilə qarşılaşa bilər. Final görüşü isə neytral meydançada baş tutur. Həlledici görüşü qəbul edəcək stadionu UEFA müəyyənləşdirir. Həmin arena mütləq qitə futbol qurumu tərəfindən 5 ulduza layiq görülmüş stadionlar arasında olmalıdır.

 

MÜKAFAT FONDU

UEFA Çempionlar Liqasının iştirakçılarına 3 milyon avro ödəyir. Qrup mərhələsinin iştirakçıları daha 2,4 milyon avro əldə edirlər. Bundan başqa, qrup mərhələsindəki hər qələbəyə görə komandalar 600 min avro gəlir əldə edirlər. 1/4 finala yüksələn hər komanda əlavə 2,5 milyon, yarımfinalçılar 3 milyon, finalçılar 4 milyon, qalib isə əlavə 7 milyon avro gəlir götürür.

 

SPONSORLAR

Turnir yarandığı ilk ildə qəbul olunmuş qərara əsasən, yarışın sponsorlarının sayı 8-dən artıq ola bilməz. Həmin sponsorlar meydançanın ölçüsünə uyğun olaraq 4 reklam şitinə, hər oyun üçün müəyyən olunmuş sayta biletə yiyələnirlər. Bundan başqa, oyundan əvvəl və sonrakı mətbuat konfranslarında da sponsorların loqosu yer almalıdır. Bu şirkətlər oyunun fasiləsi zamanı da reklam hüququna malikdilər.

Hazırda ÇL-in rəsmi sponsoları aşağıdakı şirkətlərdir: Ford, Heineken, MasterCard, Sony Computer Entertainment, UniCredit, Gazprom, HTC, PlayStation.

ÇL-lə həmçinin Adidas və Konami də əməkdaşlıq edir. Adidas turnirin matçlarını toplarla təmin edir. Konami isə Çempionlar Liqasının videooyunun yaradıcısıdır.

 

KUBOK

Çempionlar Liqasının qalibi olan komanda kuboku özündə 10 ay saxlamaq hüququna malikdir. Kubokun kiçildilmiş forması isə komandalarda qalır.

Amma kuboka birdəfəlik də yiyələnmək mümkündür. Bunun üçün ümumilikdə 5 və ya ardıcıl 3 dəfə ÇL-in qalibi olmaq şərtdir.

Bu günə kimi 5 komanda ÇL-in kubokunu əbədi olaraq muzeyinə apara bilib.

“L’Equipe”nin hazırladığı ilk kubok “Real”ın qisməti olub. Madrid klubu ardıcıl 5 dəfə Avropa Çempionları Kubokuna sahib çıxıb.

Növbəti kubok əvvəlkindən fərqlənirdi. Onu bernli zərgər Yurq Ştadelmann hazırlamışdı. Kubokun dəyəri 10 min İsveçrə frankı idi. Gümüşdən olan kubokun içi qızılla bəzədilmişdi. Hündürlüyü 62 sm, çəkisi isə 7,5 kq idi.

“Real”dan sonra ilk dəfə “Ayaks”(1973), ardınca “Bavariya” (1976) kuboku birdəfəlik muzeyinə aparmaq hüququna yiyələnib. Bu kollektivlər ardıcıl 3 dəfə ÇL kubokuna sahib çıxıblar. “Milan” (1994) və “Liverpul” (2005) isə ümumilikdə 5 dəfə qalib olduqdan sonra kuboku birdəfəlik “özəlləşdiriblər”.

 

BOMBARDİRLƏR

ÇL-in tarixi ərzində ən yaxşı bombardir Raul Qonsalesdi. İspan forvard 144 oyunda 71 qol vurub. 107 oyunda 68 qol vuran Ronaldo Raulun rekordunu yeniləməyə çox yaxındır. Eyni uğura Lionel Messi də imza ata bilər. Çünki argentinalı futbolçu Ronaldodan cəmi 1 qol az vurub.

ÇL-in tarixində ən çox qol vuran 10 futbolçunun siyahısında həmçinin Ruud van Nistelroy (81 oyun, 60 qol), Andrey Şevçenko (116 oyun, 59 qol), Tyerri Anri (115 oyun, 51 qol), Filippo İnzagi (85 oyun, 50 qol), Alfredo Di Stefano (58 oyun, 49 qol), Eysebio (64 oyun, 47 qol) və Alessandro Del Pyero (92 oyun, 43 qol) var. Didye Droqbanın hazırda aktivində 42 (86 oyunda), Zlatan İbrahimoviçin  hesabında isə 41 (105 oyunda) qol var. Elə cari mövsümdə adıçəkilən futbolçular ÇL-in bombardirlərinin siyahısında ilk “10-luğ”a düşə bilərlər.

 

QALİBLƏR

Bu günə kimi ÇL-i 22 müxtəlif komanda qazanıb. Onlar 10 müxtəlif ölkəni təmsil edirlər. Müxtəlif klub sayına görə ingilislər kuboku hamıdan çox qazanıblar. Bu ölkənin 5 təmsilçisi turnirin qalibi olub. İtaliya, Almaniya və Hollandiyanın 3, İspaniya və Portuqaliyanın 2, Şotlandiya, Rumıniya, Serbiya və Fransanın 1 klubu ÇL-in kubokunu başı üzərinə qaldırıb. Ümumilikdə isə İspaniya klubları ən çox qalib adına sahib çıxıblar. İspaniya klubları 14, İtaliya və İngiltərə klubları 12, Almaniya təmsilçiləri 7, hollandlar 6, Portuqaliya kollektivləri 2, Şotlandiya, Rumıniya, Serbiya və Fransa çempionları isə hərəyə 1 dəfə turniri qazanıblar.

Klublara gəldikdə lider “Real”dır. Turnirin son qalibi olan “Kral klubu” 10 dəfə (1956, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014), “Milan” 7 (1963, 1969, 1989, 1990, 1994, 2003, 2007), “Bavariya” (1974, 1975, 1976, 2001, 2013) və “Liverpul”un ((1977, 1978, 1981, 1984, 2005) hər biri 5, “Barselona” (1992, 2006, 2009, 2011) və “Ayaks” (1971, 1972, 1973, 1995) isə hərəyə 4 dəfə kuboku qazanıb.

“İnter” (1964, 1965, 2010) və “Mançester Yunayted”in (1968, 1999, 2008) aktivində 3 kubok var. “Yuventus” (1985, 1996), “Benfika” (1961, 1962), “Nottingem Forest” (1979, 1980) və “Portu”nun (1987, 2004) hər biri turniri 2 dəfə qazanıb.

“Seltik” (1967), “Hamburq” (1983), “Styaua” (1986), “Marsel” (1993), Dortmund “Borussiya”sı (1997), “Çelsi” (2012), “Feyenord” (1970), “Aston Villa” (1982), PSV (1988) və “Srvena Zvezda” (1991) hərəyə 1 dəfə kuboku başı üzərinə qaldır.

“Atletiko”, “Reyms” və “Valensiya” hərəyə 2, “Fiorentina”, “Ayntraxt”, “Partizan”, “Panatinaikos”, “Lids Yunayted”, “Sent Etyen”, “Borussiya” (Münhenqladbax), “Brügge”, “Malmö”, “Roma”, “Sampdoriya”, “Bayer Leverkuzen”, “Monako” və “Arsenal” hərəyə 1 dəfə ÇL-in finalına yüksəlsələr də, qalib ola bilməyiblər.

 

BU İLKİ İŞTİRAKÇILAR

“A” qrupu: “Olimpiakos” (Yunanıstan), “Atletiko” (İspaniya), “Yuventus” (İtaliya), “Malmö” (İsveç)

“B” qrupu: “Liverpul” (İngiltərə), “Ludoqorets” (Bolqarıstan), “Real” (İspaniya), “Bazel” (İsveçrə)

“C” qrupu: “Benfika” (Portuqaliya), “Zenit” (Rusiya), “Monako” (Fransa), “Bayer Leverkuzen” (Almaniya)

“D” qrupu: “Borussiya” (Dortmund, Almaniya), “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə), “Anderlext” (Belçika)

“E” qrupu: “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya), ÇSKA (Rusiya)

“F” qrupu: APOEL (Kipr), “Ayaks” (Hollandiya), PSJ (Fransa), “Barselona” (İspaniya)

“G” qrupu: “Maribor” (Sloveniya), “Sportinq” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Şalke” (Almaniya)

“H” qrupu: “Atletik” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Portu” (Portuqaliya), BATE (Belarus)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right