“Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər” - Mirbağır İsayev

Səbail” Futbol Akademiyasının direktoru Mirbağır İsayevin Azərbaycanda uşaq futbolunun əsas problemləri haqda danışıb. 

– Hazırda akademiyada vəziyyət necədir?

– Akademiyada davamiyyət, şərait əladır. 10, 11, 12, 13 yaşlı komandalarımız xüsusi meydançada məşq edirlər. ASCO təhbərliyi bizə bu şəraiti yaradıb. 15, 16, 17 və 19 yaşlılar “ASCO Arena”da hazırlıq keçirlər. Akademiyanın prioriteti uşaqları aşağı yaş qruplarından ibarət milli komandalara, eləcə də əsas yığmaya hazırlamaqdır. “Mütləq çempion olmalıyıq” məqsədi qoymamışam. Yalnız U-19-un qarşısına ən yüksək yerlər üçün vuruşmaq hədəfi qoyulub. Çünki onlar yaxın gələcəkdə əsas komandaya, əvəzedicilərə, milli komandalara düşməlidirlər.

– Akademiyadakı uşaqların hamısı Bakıdan cəlb olunub?

– Xeyr, bölgələrdən gələnlər də var. Ümumilikdə akademiyamızda 500-ə yaxın uşaq hazırlaşır. Zaqataladan 5-6 uşaq, Qusarın Şirvanovka kəndindən, Xaçmazdan, Xudatdan, Tovuzdan gətirdiklərimiz var. Hamısının yeməyini, qalmağını, ən əsası isə təhsilini ASCO rəhbərliyinin köməyi ilə öhdəmizə götürmüşük. Hətta perspektivli uşaqlara ASCO rəhbərliyi tərəfindən müəyyən məbləğ də ayrılıb. İndi çətin dövrdür, gedib-gəlmək problem olur. Əsas odur ki, uşaqlar müntəzəm məşqlərə qoşulsunlar.

– Uşaq seçimini necə aparırsınız?

– Bakıda komandalar çoxdur, hamısında da müqaviləli uşaqlardır. Biz üstünlüyü regionlara vermişik. Bölgələrdən axtarıb tapırıq.

– Hansısa rayondan istedadlı uşaq gətirmək istəyəndə valideyni necə razı sala bilirsiniz?

– 14 yaşadək olan uşaqları heç vaxt gətirmərəm. Çünki balacalar valideyn yanında böyüməlidirlər, üstlərində ailə nəvazişi, nəzarəti olmalıdır. Hətta çox az sayda 14 yaşlı uşaq gətiririk. 15 yaşdan 19 yaşadək gəncləri akademiyamıza rahat cəlb edə bilirik.

– Dediniz ki, yalnız U-19-dan nəticə tələb edirsiniz. Ümumiyyətlə, aşağı yaş qrupu komandalarından çempionluq istəmək nə dərəcədə düzgündür?

– Həqiqətən də, biz onlardan nəticə tələb etmirik. Buna baxmayaraq, U-15, U-16, U-17 və U-19 komandalarımızın hamısı çempionatın yuxarı pillələrində qərarlaşırlar. Uşaqların varlığı, sağlamlığı, təhsili bizim üçün çempionluğa bərabərdir. Artıq 4-cü ildir ki, “Səbail” akademiyasındayam. Bizim yanaşmamız budur. Aşağı yaş qrupundan ibarət uşaqlar futbolu sevməlidirlər. Onlar hələ futbolçu deyillər ki, nəticə tələb edək. Onları öncə futbolçu etməliyik. U-19-dan da ona görə nəticə istəyirik ki, orada Çempionlar Liqası turnirinə qatılmaq iddiası var.

– Azərbaycanda uşaq futbolu ilə bağlı qlobal problem kimi nəyi göstərmək olar?

– Problemlər zəncirvaridir. Başqa akademiyalar barədə danışa bilmərəm. Bizim üçün əsas problem uşaqlarımızın ölkədən kənara çıxmamalarıdır. Halbuki uşaq vaxtından beynəlxalq oyunlar təcrübəsi keçməlidirlər. Beynəlxalq arenaya çıxanda həm mədəniyyətin, həm dünyagörüşün, həm futbola baxışın artır, həm də öz gücünə bələd olursan. Beynəlxalq oyunlar nə qədər çox olsa, uşaqlar bir o qədər tez böyüyərlər. Bu, milli komandalarımızın rahatlığına da şərait yaradar. Elə uşaqlar var ki, ilk səfərini aşağı yaş qrupu yığmasının heyətində edir. Əlbəttə ki, onun rəqiblə fərqi olacaq.

– Bu vəziyyəti düzəltmək üçün hansı addımlar atmağı düşünmürsünüz?

– Bununla bağlı planlarımız var. ASCO rəhbərliyi ilə görüşdə bu barədə danışmışıq. Yay təlim-məşq toplanışını Nabranda keçirdik. Bu il Nabrandakı bazamızda ot örtüyünü təbii edəcəklər. Orada dəniz kənarında meydançamız, qalmağa yerimiz var. ASCO rəhbərliyinin gəlişindən sonra bu işlər görülüb. İnşallah, üzümüzə gələn ildən ölkə xaricinə çıxışlar da olacaq.

– Böyük futbolla uşaq futbolu arasında nə kimi fərqlər var?

– Ustalardan ibarət komandada çalışmaq həm çətin, həm də asandır. Çünki oradakı insanlar peşəkar futbolçulardır. Onları yeri gələndə cərimə etmək də olur. Orada işləməyin çətinliyi isə mütləq nəticə vermək öhdəliyinin olmasıdır. Uşaq futbolunda çalışmaq isə daha çətindir. Bir var məşq keçmək, bir də var öyrətmək. Hazır futbolçuya fiziki, taktiki tapşırıqları verirsən. Aşağı yaş qruplarındakılar isə hələ futbolçu olmaq istəyənlərdir. Bu gün onlara məşq keçmək yox, futbolun əlifbasını öyrətmək lazımdır. Azərbaycan futbolunun əsas problemi də məhz təməldədir.

– Məsələn, nələr?

– Bu, uşaqların problemi deyil. Bizim məşqçilərimiz dahilər olub. Bizə Tofiq Abbasov, Şamil Heydərov, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Ənvər Quliyev, Konstantin Abramenko, Tofiq Rzayev kimi böyük müəllimlər təməl qoyublar. Əgər futbolumuzun gələcəyinin olmasını istəyiriksə, ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər.

– Hansısa futbolçunun karyerasını başa vuran kimi aşağı yaş qrupu komandasına baş məşqçi təyin olunması nə dərəcədə düzgündür?

– Əslində, karyerasını bitirən futbolçuların akademiyalarda çalışmalarına sevinərəm. Məsələn, Elnur Abdullayev, Müşfiq Qənbərov, Eşqin Quliyev, Yaşar Abuzərov, Ramiz Hüseynov keçmiş futbolçular olublar, indi isə akademiyamızda çalışırlar. Onların yetirmələri bilirlər ki, məşqçiləri peşəkar futbol oynayıblar. Əlbəttə ki, hər futbolçu məşqçi ola bilməz. Uşaq futbolunda çalışmaq böyük səbr, istedad tələb edir. Karyerasını bitirən futbolçularımız dərhal əsas komandalar barədə düşünməsinlər, gələcəyimizi fikirləşsinlər.

– Futbolla təhsili necə tənzimləyirsiniz?

– Səbail rayonunda ağsaqqalımız Cavanşir müəllim məktəblərlə çalışır. Regionlardan gətirdiyimiz uşaqları da ən yaxın məktəblərə yerləşdiririk ki, həm dərsə, həm də məşqə gedə bilsinlər.

– Gələn mövsümdən əvəzedicilərin çempionatı ilə Birinci Divizion ayrı olacaq. Buna münasibətiniz necədir?

– Buna yalnız sevinərəm. Çünki B komandanın ilk vəzifəsi əsas kollektiv üçün oyunçu hazırlamaqdır. Əvəzedici heyətin məşqçisinin isə gözü A komandasında olmamalıdır. Onun vəzifəsi akademiyadan uşaqlar götürüb əsas heyət üçün yetişdirməkdir.

– İldən-ilə yetişən futbolçular əvvəlkilərin boşluğunu doldura bilmir. İstedad get-gedə azalır, yoxsa oyunçular düzgün yetişdirilmir?

– Bu barədə AFFA-nın vitse-prezidenti Elxan Məmmədovla da söhbətim olub. Azərbaycanda kifayət qədər potensiallı oyunçu var. Sadəcə, bu istedadları üzə çıxarmaq lazımdır. Uşağı məşqçi hazırlamalıdır. Hər bir regionda, klubda bacarıqlı uşaqlar var. U-19 komandasında 20 oyunçu varsa, onun 4-5-i böyük futbol oynasa, papağımı göyə ataram. Klublar hər yaş qrupundan 4-5 futbolçu yetişdirsə, say da çox olar. Onsuz da böyük futbola keçid zamanı itkilər çox olur. Bu məqama nəzarət eləmək lazımdır. Bilirsiniz, əvvəllər küçə futbolu, məktəblərarası çempionat, “Sevinc kuboku” var idi. İndi telefon var, kompyuter var, bir də uşaqlara düzgün istiqamət verməyən valideynlər.

– Valideynlər çox problem yaradırlar?

– Biz 11-12 yaşımızda “elektriçka”ya minib Suraxanıya məşqə gedirdik. Uşaqların bu gün komfortlu həyat yaşamalarına sevinirəm. Amma valideyn uşağın dalınca nə qədər çox düşəcəksə, o qədər problem yaranacaq. “Səbail” akademiyasında qərarı valideynlər yox, biz veririk. Heç bir müdaxilə ola bilməz. O qədər müdaxilə etməyə çalışan valideyn var ki. Hər bir valideyn düşünür ki, öz uşağı güclüdür, o oynamalıdır. Amma qərarı məşqçilər verir. Bizim klubda son sözü məşqçi deyir. Nə qədər ki, buradayam, məşqçilərə heç kim müdaxilə edə bilməz. Bəzən acı da olsa, valideynə sözün düzünü deyirəm. Bu uşaq sabah ailə sahibi olacaq. Əgər futbolla ailəsini saxlaya bilməyəcəksə, valideynə izah etməyə çalışıram ki, uşağını başqa sahəyə yönəltsin. Başa düşənlər var. Elələri də var ki, uşaqları ilə prinsip apardığımı düşünür. Ancaq yenə də bunu deməyi özümə vəzifə borcu bilirəm. Biz özümüz beynəlxalq arenada, milli səviyyəsində yetişmişik. Həm futbolçu, həm də məşqçi kimi beynəlxalq oyunları çox görmüşük. Ümumiyyətlə, uşaq futbolçu həm çətin, həm şərəfli, həm də maraqlıdır. Sabah hansısa biri peşəkar futbolçu olanda, biləcəksən də bunda sənin də əziyyətin var. Onların qazandığı pul məşqçinin gördüyü işin qiymətidir.

Futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right