“Neftçi”ni bizi qane edəcək səviyyəyə çatdırmağa çalışacağıq”

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın bu gün təqdimat mərasimi keçirilib.

Newsport.az xəbər verir ki, “Bakcell Arena”da təşkil olunmuş mətbuat konfransında rumıniyalı mütəxəssis əvvəlcə bunları söyləyib:

“Hamını salamlayır, buraya gələnlərə təşəkkürümü bildirirəm. Keçidimdə əməyi keçən hər kəsə minnətdaram”.

Rumıniyalı mütəxəssis bu gündən komandanı məşqə çıxaracağını bildirib: “Klubu layiq olduğu yerlərə gətirməyə çalışacağam. Avropa Konfrans Liqasında uğurlar qazanmaq istəyirik. Eyni zamanda, ölkə çempionluğu uğrunda mübarizə aparacağıq. Asan olmayacağını bilirik”.

46 yaşlı baş məşqçi hazırlıq üçün vaxtın az olduğunu söyləyib: “Milli komandanın oyunçuları düşərgəyə hələ qoşulmayıblar. Bir neçə gün sonra bizimlə bərabər olacaqlar. Digər futbolçular isə komanda ilə hazırlıqda iştirak edir. İyulun 1-dən ölkə xaricində təlim-məşq toplanışına başlayacağıq. Orada hamı bizə qoşulacaq. Bura vaxtdan şikayətlənmək üçün gəlməmişəm. Vaxtla bağlı hər zaman çətinlik olur. Çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasının ilk matçınadək komanda hazır olacaq”.

Regekampf hazırda transferlər barədə suallara cavab verə bilməyəcəyini vurğulayıb: “Bu gündən istədiyimiz komandanı qurmağa başlayırıq. Biz tərəfdən qısa zamanda yeni oyunçular haqqında mesaj alacaqsınız”.

O, çalışdığı hər komandada təzyiq altında işlədiyini əlavə edib: “Azarkeşləri yaxşı başa düşürəm. Hər baş məşqçinin onlara uğur gətirməsini istəyirlər. Həmin təzyiqi özümə motivasiya olaraq görür və oyunçularımı oyatmaq üçün səbəb kimi görürəm. İnanıram ki, hər zaman bizə dəstək olacaq və təzyiq yaradacaqlar”.

Regekampf məvacibi barədə danışmaq istəmədiyini bildirib: “Müqavilə konfidensial bir şeydir. Bu barədə heç vaxt danışmamışam. Sadəcə, maliyyə mövzusu hər zaman hamını maraqlandırır. Ona görə media belə məsələlərə yer verir. Müqaviləm 2 illikdir. Klub prezidentini məcbur edə bilmərəm ki, mənimlə 5 illik sözləşmə imzalasın. Gəlin, gözləyək. Hər şeyi zaman göstərəcək”.

Təcrübəli baş məşqçisi “Neftçi” haqqında heç kimlə maraqlanmadığını söyləyib: “Başqa insanlarla danışmağa ehtiyac yoxdur. Hər komandaya öz baxış bucağım var. Təklif aldıqdan sonra Bakıya gəldim, rəhbərliklə üzbəüz söhbət etdik və layihə ilə tanış olduq. “Neftçi” ölkənin ən tanınmış klublarından biridir. Hər şey heç də pulla ölçülmür. Pul söhbəti olsaydı, buraya gəlməzdim”.

O, hücumameylli futbol oynadacağını deyib: “İstəyirəm ki, komandam hər zaman topa sahib olsun, aqressiv oynasın. Qarşıdakı müddətdə bu amillərin üzərində çox işləyəcəyik. Oyun üslubu barədə hər şeyi bilirəm. Yaxşı olardı ki, bunu sizə öz oyunumuzla göstərim”.

Baş məşqçinin sözlərinə görə, lazımi mövqelərə nə qədər yaxşı legioner gətirsən, uğur qazanmaq şansı daha çox olar: “Bu halda yerlilər öz üzərilərində daha çox işləyəcək, yaxşı futbolçularla birlikdə məşq edəcəklər. Səviyyə baxımından daha da inkişaf edəcəklər. Heç vaxt media qarşısında şikayətlənməyəcəyəm. Hər görüşümüzdə bunun şahidi olacaqsınız. Hakimlər haqqında da danışmağı xoşlamıram. Bəzən meydanın kənarında bunu unudursan və hirslənirsən. Öz futbolçularıma dəstək olmağa çalışacağam. Şikayətimi qapalı yerdə müzakirə edəcəyəm”.

Mütəxəssis tez-tez komanda dəyişməsi barədə fikirlərlə razılaşmadığını qeyd edib: “Styaua” ilə qrupdan çıxan ilk baş məşqçiyəm. Hətta pley-offda “Ayaks”a qalib gəlmişəm. “Əl-Vahda”da 3 titul qazanmışam. “Əl-Vasl”a gedişim çox da yaxşı alınmadı. Oraya dostumun dəvəti ilə getdim. İki klub prezidenti arasında gedən müharibənin qurbanı oldum. Oradan isə Rumıniyaya qayıdıb, “Universitatya”nın (Krayova) sükanı arxasına keçdim. Qarşıma qoyulan ilk məqsəd Avropa Konfrans Liqasına vəsiqə qazanmaq, daha sonra çempionluq uğrunda mübarizə aparmaq idi. Amma rəhbərliklə görüşümdən sonra gördüm ki, hədəfə uyğun dəstək almayacağam. Ona görə də yollarımızı ayırdıq. Azərbaycana açıq ürəklə gəlmişəm ki, “Neftçi”nin baş məşqçisi olum. İnanıram ki, bu yolun sonu uğur olacaq”.

O, “Neftçi”də uğur qazanmaq istədiyini bildirib: “Bunun üçün sizə söz verə bilərəm. Bu, mənim işimdir. Özümü hər gün inkişaf etdirirəm. Hər bir çağırışa hazır olmalısan. Yenilikləri öyrənmək üçün çox oxumaq lazımdır. Ötən mövsümün bütün oyunlarını izləmişəm. Hazırkı mətbuat konfransında “Qarabağ” barədə danışmaq istəmirəm. Düşüncələrim var, bu barədə klub prezidenti və menecerlə danışmışam. Birlikdə komandanı daha da yaxşılaşdıracağıq. “Neftçi”ni bizi qane edəcək səviyyəyə çatdırmağa çalışacağıq ki, titul qazanaq”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah