"Tam istədiyimizi almasaq da, bizi qane edən futbolçular da oldu" Millimizin baş məşqçisi

18 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Newsport.az sayına müsahibə verib:
- Qəbələdə 23-29 arasında toplanışda oldunuz. Toplanış necə keçdi?
- Bir həftəlik toplanışımız oldu. "Qəbələ"nin əvəzedici heyəti və "Zaqatala" ilə yoxlama görüşü keçirdik. Toplanış sırf seleksiya xarakteri daşıyırdı. 16 yeni futbolçu dəvət etmişdik. Bizim üçün də yeni futbolçuları görmək mənasında yeni fürsət idi. Təbii ki, tam istədiyimizi almasaq da, bizi qane edən futbolçular da oldu. Növbəti toplanış üçün onları dəvət etmək olar ya yox, fikirləşəcəyik. Təbii ki, çətindi. Bir neçə futbolçumuz U-19-ların düşərgəsindəydi Sloveniyada. Bir yaş kiçik futboilçular dəvət edirik, 2006-cı il təvəllüdlü oyunçular da dəvət edirik. Onlar da Maltada iki yoxlama oyunu keçirdi. Əsas heyətdə 12-13 oyunçumuz yox idi. Bununla belə sıxıntımız olmadı. Seleksiya xarakterli idi deyə, yeni oyunçular gördük. Futbolçular ilk dəfə idi toplanışımıza qatıldı. Bəzi futbolçular istədiyimizi verdi. Oyunlarda nəticə o qədər də önəmli deyildi. İlk oyun "Qəbələ"yə qarşı idi. Verdiyimiz tapşırıqları yerinə yetirə bilməsələr də, sonrakı oyunlarda bəzi futbolçulardan 50 faiz razı qaldıq.
 - 16 yeni futbolçudan neçə nəfəri gələcəkdə yenidən yığmaya dəvət edəcəksiz?
- 2006-cı il təvəllüdlü oyunçuları dəvət edə bilməmişdik. Çünki onlar Maltaya toplanışa getmişdilər. Buna görə də sırf 2005-ci il təvəllüdlü oyunçular çağırmışdıq. Yeni qapıçılar da var idi, onlar haqda qərarı qapıçı məşqçisi verir. Qapıçı məşqçisi ilə söhbət etmişik, bəzi qapıçıları bəyənib və yenidən siyahımızda ola bilər. 16 nəfərdən sayca bir çoxunu deyə bilmərəm, bir neçə futbolçu var ki, növbəti toplanışa dəvət edilə bilər. Rusiya, Gürcüstan, Almaniyada olan azərbaycanlılarımız var. Onları haqda əvvəldən məlumatımız var idi. Keyfiyyət baxımından həqiqətən də düşündüyümüz də çox şey aldıq onlardan. Pozitiv anlar gördük. Yaxşı tərəfləri var idi, çünki U-17, U-19, əvəzedici, birinci liqada oynayan uşaqlarımız var. Çox istəyərdim ki, daha yuxarılarda oynasınlar və təzyiq görsünlər. Çünki təzyiq görən futbolçu inkişaf edir. Sıxıntılar olur, bəzi problemlər yaşayırıq. Amma ümid edirəm ki, çalışıb, istədiyimizə nail ola bilərik.
 - Siz həm də elit məşqlərdə fəaliyyət göstərirsiz. 13 yaşlı uşaqlar arasında gələcəyinə böyük ümid bəslədiyiniz oyunçular var?
- Bölgədəki məşqçilərlə təmasda oluruq. 2009-2010-cu il təvəllüdlər arasında seleksiya oyunu oldu. Təbii ki, gözləntinin altında şeylər oldu mənim üçün. Daha çox şey gözləyirdim. Çünki bu yaş qrupunda istedadı yüksək olan futbolçularımız daha çox olurdu. 2019-cu ildən uşaq liqalarını daha yaxından izlədiyim üçün, bugünkü gündə məni üzən şeylər çox oldu. 2019-cu ildə bu yaşda olan uşaqlar indikilərdən bir addım daha öndəydilər. Bölgədən gələn, burada olan məşqçilərlə də danışdım. Bu seleksiya məni çox da qane etmədi. Çünki çox şeylər gözləyirdim. Uşaqlar 8+1 oynayırlar, belə yaşda fərdi keyfiyyətlər daha üstün olur. Amma həqiqətən də seçim barəsində sıxıntılar yaşayacağıq. Bu yaşda olan uşaqların toplanışı gözlənilir. Sevindirici tərəf orasındadı ki, bu yaşda olan uşaqlara toplanış keçə bilirik. Dediyim kimi məşqçilər olaraq çox şeylər gözləyirdik, ala bilmədik onu.
- Gördüklərinizin gözləntilərinizin aşağısında olması liqaların istənilən durumda olmaması ilə əlaqədardı?
- Bunun bir çox səbəbləri var. İki il pandemiya bütün dünyada tüğyan etdi. Tək bu yaşda deyil, 2005 və digər yaş qruplarında bu sıxıntıları yaşadıq. Bunu bir tərəfdən federasiyaya yükləməyimiz də doğru deyil. Turnirlər haqda klublar da çox düşünməlidi. Qonşu ölkələrdən klublar var ki, onlarla təmasda olub, turnirlər keçirə bilərlər. Avropanı götürün, orada klublar 2-3 aydan bir turnirlər keçirir. Yəni, ən azından uşaqlar qonşu ölkələrlə oynasalar, futbolçular özləri də inkişaf edə bilərlər. Bir də, təzyiq olmayanda futbolçu çox inkişaf edə bilmir. Futbolçular özlərindən bir yaş böyüklərlə oynayanda, daha çox şeylər əldə edə bilirik, nəinki öz yaşlarında. Səbəblər çoxdu, amma bunu tam da qabartmaq olmur. Çünki bəzən klubların xoşuna gəlmir, belə şeyləri danışanda. Ona görə çox şeyləri danışmaq istəmirəm. Biz öz üzərimə düşənləri etmək istəyirik. Onlar hamısı bizim öz övladlarımızdı, gələcəyimizdi. İstəyirik, Azərbaycan futbolu üçün də dəstək futbolçular olsunlar. Sıxıntılarımız çoxdu, arxadan gələn nəsil elə də keyfiyyətli olmur. Ümid edirəm ki, bu nəsil Azərbaycan futbolu üçün faydalı olacaq.
- Bölgədən gələn uşaqlar paytaxtdakı uşaqlara nisbətən çox zəif idi. Amma adətən bölgədən gələn futbolçular güclü olurdu. Bu nə ilə bağlıdı?
- Kütləviliyə gəlib çıxır. Əvvəlki illərdə Premyer Liqada bölgə klublarının sayı çox olduğu üçün valideynlərin də marağı çox olurdu. Bir yaş qrupunda 40-50 uşaq olurdu, onun içindən 6-7 istedadlı futbolçu çıxırdı. İndi Premyer Liqada bölgə klubunun sayı az olduğuna görə valideynlər də maraq göstərmir. Ona görə də bir yaş qrupunda 17-18 uşaq olur, 1-2 nəfər ortaya çıxır ya çıxmır. Kütləvilik yoxdu. Ən böyük səbəblərdən biri də, sosial şəbəkələrdi. Uşaqlar telefonla, komputerlə daha çox oynayır. Vaxtlarını idmana, futbola ayırmırlar. Valideynlərdən çox xahiş edərdim ki, uşaqlarını komputerdən, telefondan, komputer oyunlarından uzaq tutsunlar. Nə qədər uzaq olsalar, uşaq təhsil və idman baxımından inkişaf edə bilər.
- 2009-cu il təvəllüdlü 18-20 uşaqlardan ibarət komanda yaradıb, 2008-ci il təvəllüdlülərin çempionatında oynaması üçün AFFA-ya təşəbbüs irəli sürmüsüz?
- Bu, klubların üzərinə düşür. Əslində, belə kollektivlərimiz də var. Özlərindən üç yaş böyüklərlə oynayan komandalar da var. 2006-cı il təvəllüdlü oyunçular var ki, U-19 liqasında oynayırlar. Özlərindən 3 yaş böyüklərlə oynayırlar.  Bunlar klubların üzərinə düşür. Klublar da niyə bunu etmir? Sırf nəticə göstərmək üçün. Bu, federasiyanın üzərinə düşən məsələ deyil. Klublara gəldikdə, bəlkə də rəhbərlik bu şeyləri istəmir, məşqçi istəyir. 12-17 yaşa qədər uşaqlardan nəticə istəyən məşqçilər var ki, ona görə belə problemlər yaşayırıq. Klubda işləyən insanlardan, məşqçilərdən çox xahiş edərdim ki, bu, milli komanda deyil. U-19 liqasında yarışan komandaların qalibi Gənclər Liqasına vəsiqə qazanır deyə, onları demirəm.  Amma uşaqlara imkan yaratmalıyıq. U-11, U-12 liqasında məşqçilər var ki, bir çoxunu heç ehtiyatdan oyuna buraxmırlar. Sırf nəticə göstərmək üçün bunu edirlər. Problemimiz ondadı. Sağolsun, federasiya, növbəti il üçün bəzi işlər görür. Bəzi yaş qruplarında oyunların nəticəsi ləğv olunacaq, oyundakı qol hesabları nəzərə alınmayacaq. Bunlar düşünülür. Amma dediyiniz məsələlər ən çox klubların üzərinə düşən məsələlərdi.

Hacı Mərdan





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah