"Belə məğlubiyyətlər adama pis təsir edir. Son dəqiqədə buraxdığımız qol üzücü idi. Amma futbolçular hazırlaşmışdı, istəkli idi. Oyunda da mübarizə apardılar. Danışılası çox şey yoxdu. “Sabah”la oyunda xal qazanmaq vacib idi ki, turnir cədvəlində çox geri düşməyək. Amma təəssüf ki, bu, baş verdi. Qarşıda oyunlar var. Gərək həmin oyunlara köklənək".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sabah"ı qəbul edən "Keşlə" 0:1 hesabı ilə uduzub. Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- "ASK Arena"da son matçınız idi. Buradan hansı təəssüratla ayrılırsınız?
- Pis təəssüratla ayrılırıq. İstəməzdik ki, uzun müddət oynadığımız yerlə belə vidalaşaq. İnanırıq ki, Şamaxı bizim üçün düşərli olacaq, qol imkanlarından yararlanacağıq. Sanki üzərimizdə lənət var.
- Amil Yunanov bir neçə qol epizodunu vura bilmədi...
- Amil güvəndiyimiz futbolçudu. Məşqlərini edir, bu gün şans qazandı. Yaxşı olardı ki, qol vursun. Amma meydanda hərəkətli idi. Qol imkanları yaratmağa çalışırdı. Çalışacağıq ki, gələcəkdə hamıya şans verək.
- Şamaxı ilə bağlı planlarınız necədi?
- Oyundan bir gün qabaq Şamaxıya gedəcəyik. Hələ ki, belə olacaq. Ondan sonra necə olacağı bizə deyiləcək. “Sumqayıt”la oyundan bir gün əvvəl Şamaxıya yollanacağıq. Mən də planlaşdırıram ki, gedim stadiona baxım. Rəhbərlikdən gedən olub, meydança yenidi, oynamaq lazımdı. Qalacağımız yerə də baxıblar, hər şey qaydasındadı.