Bu həftə Azərbaycan Premyer Liqasında 16-cı turun üç oyunu keçiriləcək.
Newsport.az-ın məlumatına görə, "Qəbələ” turun açılış matçında “Səbail”lə görüşəcək. “Qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Bu, iki komanda arasında yubiley – 20-ci matç olacaq. Əvvəlki 19 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 10 qələbəsi olan “Qəbələ” 5 görüşdən sülhlə ayrılıb. Komanda 4 matçda uduzub. Bu üstünlük top fərqində əksini tapıb – 36:18. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 17 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 8 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 31 qol vuran “Qəbələ” 16 top buraxıb.
“Qəbələ” 10-cu dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək "qırmızı-qaralar" evdəki 9 görüşdə uduzmayıb. 6 qələbəsi olan komanda 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 20 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.(gabalafc.az)
Xatırladaq ki, fevralın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.