“Keşlə”nin ölkə kubokunun finalında “Sumqayıt”a qalib gəlməsi (2:1) ətrafında qalmaqallı qeydlər, şübhəli məqamlar müzakirə edilməkdədir. Əksər mənbələrin hələ bu finalın tərəfləri müəyyənləşərkən “Keşlə”nin “qalib olacağı” haqda dedi-qodu eləməyini də vurğulayaq.
Oyuna diqqətlə deyil, hətta mütəxəssis nəzərləriylə baxmaq belə kifayət eməyə bilər, gərək bu təsərrüfatın kulisində baş verənlərdən məlumatlı olasan ki, əslində dedi-qoduların haqsız olmadığını anlayasan.
Saf hisslərlə yanaşsaq, əlbəttə, fubolda, idmanda təsadüflər çox normal haldır. Ancaq Azərbaycan fubolunda “Keşlə”nin “Sumqayıt”la final oynaması və qalib gəlməsi boyda təsadüfə inanacaq qədər saf deyilik.
“Keşlə”nin Müşahidə Şurasının sədri, de-fako isə klubun hərşeyşünası olan Zaur Axundov həmişə bu tip “uğurlar” üçün mənbə axtarışında olub.
AFFA-nın hüquqşünası olmuş Rəmiş Malıyevin “Keşlə”yə “transferi” ərəfələrində Axundov üçün belə axtarışları icra etdiyinə dair mlumatları qeyd etmişdik. Malıyevin bu işləri məhsuldar şəkildə icra edə bilməməsi onun klubdakı, ümumiyyətlə isə futboldakı varlığına son qoydu.
Axundov həmişə axtarışda oldu. O, AFFA-ya birbaşa nüfuz etmək imkanına malik olsa da, bunu öz şəxsində etmək istəmir. Çünki əsas fiqurlar özlərini “qara işlərə” bulaşdırmaz... və elə bilərlər ki, insanlar bu hiyləgər davranışlarından xali olmaz.
“Keşlə”yə 6 milyon manata yaxın (qeyri-rəsmi məlumat) büdcə ayrılır. Bunun böyük hissəsi SOCAR-dan dotasiya hesabına... Bəs bu qədər maliyəni doğrultmaq lazımdırmı?
Axundov hesab edir ki, bu maliyyəni doğrultmağın yeganə yolu mükafat qazanmaqdır. Əlbəttə ki, normal sistemi olmayan bir klubun mükafat qazanması da nə onunçün dayanıqlı olar, nə ölkə futbolunun inkişafına təkan verər. Bəs “Keşlə”nin hərşeyşünası niyə özünü və hamımızı aldadır?
Bu tip klublar – hansı ki, uşaq futboluna yatırımı yox, dayanıqlı inkişaf strategiyası yox, hər transfer mövsümündə xaotik gəl-getlərə, sahsız-hesabsız məşqçi dəyişikliklərinə əl atan və s. – bizə nə verəcək?
Axundovun şəxsi nüfuzuna hesablanmış addımlardan başqa hansı ciddi prosesin səbəbkardır “Keşlə”? Buyurub, platformalarını açıqlasınlar, qeyd edək, müzakirəyə qoyaq. Belə klubların varlığından qazanan Axundov kimi mənfəətbazlar, itirənsə bütün ölkədir. Niyə “bütün ölkə”? Çünki SOCAR-dan ayrılan vəsait dolayısıyla xalqın payından gedir və bizi maarifləndirən də yoxdur ki, anlayaq – itirən bizik, qazanan bir ovuc başqaları.
Niyə Azərbayca kubokunu bu cür anarxik, perspektivi olmayan klublar “qazanmalıdır”?
Futbolpress.az