İtaliya ilə matçda Şimali Makedoniyanın qələbəsində pay sahibi olan “Qarabağ”lı kimdi?

Şimali Makedoniyanın DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanması üçün bir qələbəyə ehtiyacı var. Bundan əvvəlki pley-off matçında sürpriz şəkildə İtaliyaya 1:0 hesabı ilə qalib gələn şimali makedoniyalılar həlledici görüşdə Portuqaliya ilə qarşılaşacaq.

İtaliya ilə matçdakı qələbə isə səs-küy doğurdu. Bu oyunda qalib gələn şimali makedoniyalıların heyətində bir futbolçu var ki, Azərbaycan futbolu üçün tanış simadı. Belə ki, italiyalılarla matçın ikinci yarısında Milan Ristovskinin əvəzinə meydana daxil olan Boyan Miovski bir neçə il əvvəl Azərbaycanda oynayıb.

2017/2018 mövsümündə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandığı vaxtda U-19 heyəti də Gənclər Liqasında iştirak edirdi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandada 3 legioner futbolçudan biri məhz Boyan Miovski idi. “Qarabağ”ın U-19 komandasının “Çelsi” ilə səfər (0:5), “Roma” ilə ev və səfər görüşlərində (0:3, 0:3) oynamış şimali makedoniyalı sonradan “Rabotniçki”yə qayıtmışdı.

Forvardın yüksəlişə keçdiyi dövr isə 2019/2020 mövsümünə təsadüf edir. Belə ki, o, “Renova”da oynadığı vaxtda 25 matça 5 qol vurmuşdu. İki il öncə isə Macarıstanın MTK Budapeşt klubuna keçən hücumçu 2021-ci ildən Şimali Makedoniyanın əsas millisində debüt edib. Miovski Budapeşt klubundakı uğurlu çıxışından sonra hazırda Avropanın sayılıb-seçilən klublarının transfer mərkəzindədi.

Xatırladaq ki, İtaliya – Şimali Makedoniya matçında Miovski italiyalı futbolçu ilə mübarizədən sonra Aleksandr Traykovsiyə assist etmişdi.  

Mirbağırağa/sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right