Zaur Axundov: Görülən iş başa çatmadan, mükafatdan söhbət də gedə bilməz

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Hollandiya yığmaları arasında keçiriləcək cavab pley-off matçı (ilk oyun 5:1) öncəsi mwsahibə verib.

- Yığmamız hollandlarla cavab matçına necə hazırlaşıb?
- Biz tam hazırıq. Heyətdə heç bir itkinin olmaması sevindirir. Komanda üzvlərinin hamısı döyüşkən əhval-ruhiyyə ilə matçın startını gözləyir. Bu gün axşam sonuncu məşqimiz baş tutacaq. Amma indidən əminliklə söyləyə bilərəm ki, komandamız bu görüşə 100 faiz hazırdır.

- Bəs təşkilati məsələlər nə yerdədir?
- Arena vacib görüşə hazırdır. Hollandlar da artıq gəliblər. Onlar da bu gün Bakı İdman Sarayında məşq edəcəklər.

- Bakı İdman Sarayının bu oyunda dolması gözlənilir?
- Biz də dolu tribunalar gözləyirik. Komandamızın yaxşı dəstəklənməsini istəyirik. Biz ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa yaxınıq. Səfərdə keçirdiyimiz oyunda Hollandiya millisinin yaxşı azarkeş dəstəyi var idi. Bizim də elə dəstəyə ehtiyacımız var.

- İlk oyundakı böyük hesablı qələbə millimizi arxayınlaşdırmayacaq?
- Heç bir halda. Komanda üzvləri ilə son toplantımızda da bu barədə söhbətimiz olub. Böyük futbolda 5:1 hesabı çox böyük üstünlük hesab oluna bilər. Amma futzalda bu, uğur qazanmaq üçün zəmanət hesab oluna bilməz. Qarşıda bizi 40 dəqiqəlik daha bir oyun gözləyir. Bu 40 dəqiqəni də uğurlu keçirib, tarix yazmalıyıq.

- Uğurlu nəticə müqabilində mükafat nəzərdə tutulub?
- Oyundan öncə bu barədə heç kim bir söz deməyib. Biz hələ işin 50 faizini görmüşük. Görülən iş tam başa çatmadan, heç bir mükafatdan söhbət də gedə bilməz. Hədəfimizə çataq, ondan sonra AFFA rəhbərliyi bu məsələ ilə məşğul olacaq. İndi bizi yalnız oyun narahat edir. İstəyirik ki, dünya çempionatının keçiriləcəyi Kolumbiyada Azərbaycan bayrağı da dalğalansın.

azerisport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right