"Bu gün yerli futbolçularla bağlı seçim etməkdə çətinlik çəkirik" - Sadıqov

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin “Zirə” – “Neftçi” (0:0) ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Yarımfinala yaraşan oyun keçdi. Hər iki komanda istəkli idi, səhv etməkdən qorxurdu. İlk dəqiqələrdən pressinq edirdik. Yaxşı hücumlarımız oldu. Yüz faizlik qol imkanı yarada bilməsək də, şanslarımız var idi. Futbolçuların çıxışından çox razıyam. Oyunu yüksək səviyyədə keçirdilər. İkili oyunlardır. Qarşıda bizi cavab matçı gözləyir. Ona qədər çox önəmli çempionat oyunumuz var.

- Keytanın performansı sizi qane etdi?
- Bəli. Onun meydanda olması rəqib müdafiəisi üçün təzyiqdir. Amma sağlamlığı daha vacibdir. Yorğunluq hiss olunurdu. Zədələnməsindən çəkindiyimiz üçün əvəzlədik.

- Klublar Komitəsinin iclasında əvəzetmə sayı müzakirə olundu. Sizin klubdan mətbuata 4 əvəzetmə ideyasını dəstəklədiyiniz bildirilib, ancaq adətən say 5 olaraq müəyyənləşdirilir. Standartlardan kənara çıxmağa nə ehtiyac var?
- Standartlardan kənara çıxdığımız çox məsələlər var. Kimsə 5 edirsə, o demək deyil ki, biz də etməliyik. Mənim üçün fərqi yoxdur. Sadəcə, digər klublar təklif etmişdi, mən də dəstəkləmişdim. Bu, heyəti kasad komandalara elə də sərf etmir. Mən şəxsən orta mövqe kimi 4 deyirəm. Avropada hər 3-4 gündən bir oyun oynanılır. Güzəşt istənilirsə, məncə, 4 olması idealdır. Oyun sayımız da azdır. Ümumilikdə 32-33 matçdır. Qarşılıqlı güzəşt istəyiriksə, 4 fikirləşirik. 5 də ola bilər.

- Legioner limitinin ləğvini istəyirsiz. Bu ləğv olunsa, növbəti mövsümdə heyətdə coşqunları, təmkinləri görə biləcəyik?
- Təbii ki, görərik. Bu gün 7 yerli futbolçumuz start heyətdə idi. Nadir hallarda 6 legionerlə oynamışıq. Məşqçi işini bunun üzərində qurmamalıdır. Cəlal keçən il bir çox oyunlarda limit kimi meydana çıxmırdı. Zərurətdən futbolçu oynatmaq bir az qeyri-peşəkar gəlir. Bu hal aşağı liqalarda olar, amma komanda sayı artanda hamıya oynamağa yer olacaq. 10 olsa hər şey yerində qalacaq. Bu gün “Neftçi”də 2 limit oynayırdı. O qədər limit futbolçuları var ki, 1-2 il oynadılar və indi heç yerdə yoxdular. Bu da düzgün deyil. Beynəlxalq arenada komandaya problem yaranır. Rəqibdə 11 legioner olanda biz məcburən limitə görə heyət qururuq. Söhbət bu gündən gedir. Gələcəkdə yenə dəyişmək olar. Bu gün yerli futbolçularla bağlı seçim etməkdə çətinlik çəkirik. Futbolumuzla bağlı ümumi fikrimdir, “Zirə”nin baş məşqçisi kimi danışmıram.

- Həm kubok, həm çempionatda komandanı psixoloji olaraq kökləmək çətin olmur ki?
- Çətindir. İki cəbhədə mübarizə aparırıq. Vaxt da az olur, 3-4 gündən bir oynayırıq. “Neftçi” ilə eyni şəraitdəyik. Məşqçilər üçün çətindir. Bəzən Avropanı nümunə gəririrlır, amma düzgün müqayisə deyil. Bunun təməli aşağı yaş qruplarından qoyulmalıdır. Onlar belə qrafikə uyunlaşıb gəlməlidirlər. Ən vacibi bundan sonrakı oyunlardır. Bütün matçlar bizim üçün önəmlidir. Heyət, taktikanı düşünəcəyik.

- “Zirə-2” I Divizionda sonuncu yerdədir. Bu, sizi narahat etmir?
- Qətiyyən narahat deyiləm. O komanda ilə bağlı da düşüncələrimiz var. Keçən il U-19-da olan futbolçuları çalışırıq ki, orda oynadaq. Nəticəyə köklənməmişik. Orda məşqçi üçün işləyib nəticə vermək çətindir. Vacib olan futbolçuların lazım gələndə əsas komandada məşq etməsi, lazım olanda orda oynamasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right