Emin Mahmudov: “O, cərimələri bağışlayırdı, futbolçuların pulunu kəsirdi”

“Düşünürəm ki, Emeri “Spartak”da uğursuz oldu. Çünki o, Avropa formatlı məşqçidir”.

Newsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov vaxtilə Moskva “Spartak”ında rəhbərliyi altında çıxış etdiyi Unay Emeri barədə danışarkən deyib.

İspaniyalı mütəxəssisin “Vilyarreal”ı Çempionlar Liqasının yarımfinalına daşıması Rusiya mətbuatının diqqətindən yayınmayıb. Həmkarlarımız 51 yaşlı çalışdırıcının 2012-ci ildə işlədiyi “Spartak”da uğursuz olmasının səbəblərini araşdırıblar. Moskva klubunun bir neçə sabiq oyunçusunun bu barədə fikirlərinə yer verilib ki, onlardan biri də Mahmudovdur.

“Neftçi”nin 30 yaşlı kapitanının fikrincə, Emerinin Rusiyada uğursuzluğa düçar olması iki amillə əlaqədar olub: “Birincisi, Emeri Rusiya Premyer Liqasına uyğun gəlməyən super-hücum futbolunu gətirmək istəyirdi. Demək olar ki, hamımız müdafiədən, əks-hücumlar zamanı dərindən oynayırdıq. İkincisi, komandanı yenidən quracaqdı və nə vaxtsa daha sərt olmalı idi. Bütün avropalılar ilk növbədə futbolçunun peşəkarlığına güvənirlər. Postsovet məkanında isə bu metod işləmir. Daim nəzarət eləməli, arxayınlaşmağa imkan verməməlisən. Emeri, demək olar ki, bütün cərimələri bağışlayırdı - gecikməyə, artıq çəkiyə görə... Onda ən yaddaqalan məqamlar futbolçuların pulunu kəsmək idi”.

Qeyd edək ki, Emin Mahmudov 2011-2014-cü illərdə “Spartak”da çıxış edib. Yarımmüdafiəçi 2017-ci ildən “Neftçi”nin formasını geyinir. Unay Emeri isə 2012-ci ilin iyulunda sükanı arxasına keçdiyi “Spartak”da həmin ilin noyabrında istefaya göndərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right