Qurban Qurbanovla bağlı xatirə

Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdıran Qurban Qurbanovun bu gün 50 illik yubileyidir.

Newsport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”la bir çox ilkə imza atıb.

Həmçinin futbolçu karyerası da kifayət qədər uğurlu alınıb. Peşəkar Futbol Liqasının (PFL) hazırkı prezidenti Ramin Musayevin “Neftçi”yə rəhbərlik etdiyi dönəmlərdə Qurbanov ora həm futbolçu, həm də baş məşqçi kimi xidmət edib.

Futbolçu karyerasının son ilini isə “İnter”də (hazırkı “Şamaxı”) keçirib, ardından orada idman direktoru kimi çalışıb. Qurbanovun 2006-cı ildə “Neftçi”yə baş məşqçi kimi getməyi ilə Georgi Nikolovun “İnter”ə prezident təyin olunması eyni vaxta təsadüf edib.

“Qarabağ”ın çalışdırıcısının futbolçu dönəmində “Neftçi”də və Azərbaycan millisində uzun müddət çiyin-çiyinə çıxış etdiyi oyunçulardan biri isə Mahmud Qurbanov olub.

Bütün bu məqamları nəzərə alaraq, adıçəkilən şəxslərdən Qurban Qurbanovla bağlı xatirələrini bölüşməsini istədik.

Ramin Musayev (Peşəkar Futbol Liqasının prezidenti): “Qurbanla səhər görüşüb təbrik elədim. Onunla bağlı xatirələrim çoxdur, amma indi yadıma düşmür. Sadəcə, deyə bilərəm ki, Qurban həyatda düz yol seçib, həmin yolla da davam eləsin. O, Azərbaycan futboluna bir tapıntıdır. 50 yaş elə də çox deyil. Hələ görməli olduğu işlər irəlidədir”.

Georgi Nikolov (“İnter”in (indiki “Şamaxı”nın) sabiq prezidenti): “Qurbanla həmişə yaxşı münasibətlərimiz olub. O, hələ “Neftçi”nin baş məşqçisi olanda həmişə onu tərifləyirdim. Xatırlayırdım ki, bir dəfə “Neftçi” azarkeşlərindən biri ilə söz “atışmamız” oldu. O dedi ki, “Neftçi” məşqçilərin öyrənməsi üçün məktəb deyil. Mən isə cavabında bildirdim ki, Qurban özünü sübut edəcək. Qulaq asmadılar, istefaya göndərdilər. Sonra isə o, “Qarabağ”da qızıl karyera qurdu. Amma oyunçu Leo Roşa ilə bağlı aramızda əsəbi söhbət də olub. Roşa ilə “İnter”ə qayıtmağa razılaşsaq da, birdən onu “Qarabağ”ın düşərgəsində gördük. Qurbana zəng elədim, ona öz iradlarımı kifayət qədər sərt şəkildə bildirdim. O da mənə eyni tərzdə cavab verdi. Qısası, bir-birimizə qarşı xoşagəlməz ifadələr işlətdik. Sonra görüşüb barışdıq və dost kimi qaldıq. O, “Qarabağ”ı heç kimə bənzəməyən, öz xarakteri, dəst-xətti olan kluba çevirdi. “Qarabağ” təkcə daxili səviyyədə deyil, beynəlxalq miqyasda tanınan kluba çevrilib. Mən indiyə qədər hesab edirəm ki, Qurban millidə qalmalı idi. Ona çox az şans verdilər”.

Mahmud Qurbanov (“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi): “Qurban Qurbanovu ad günü münasibətilə təbrik edirəm. Onun “Qarabağ”, Azərbaycan futbolu üçün elədikləri göz önündədir. Bunları deməyə ehtiyac yoxdur, hamıya məlumdur. “Qarabağ” avrokubokların çox oyunlarında azarkeşləri sevindirib. Qurbanla həm “Neftçi”də, həm də Azərbaycan millisində bir yerdə oynamışıq. Vacib qollar vurub, işgüzar, zəhmətkeş, xarakterli, iddialı futbolçu olub. Birgə yaxşı oyunlarımız olub. Ona həm məşqçi karyerasında, həm də həyatında uğurlar arzulayıram”.

Apasport.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right