Emil Balayev: “Mənim xəbərim olmadan maaşım müzakirədə idi”

Qış transfer pəncərəsinin ən qürurlu hadisəsi Emil Balayevin Qazaxıstanın “Tobol” klubuna keçidi oldu. Emil üçün karyera baxımından önəmli olan addımı Azərbaycan futbolu özü üçün də müsbət tərəf saya bilər. Qış toplanışında “Səbail”in düşərgəsində olan 24 yaşlı qapıçıya eyni oteldə məskunlaşan “Tobol” göz qoydu və qısa zaman kəsiyində məsələ həll olundu.

Newsport.az-ın məlumatına görə, bütün hadisələrin yekununda Futbol11.az saytına danışır “Tobol”un azərbaycanlı üzvü Emil Balayev... 

- İlk növbədə təbrik edirik. "Səbail" ilə toplanışa getsən də, bir neçə gün sonra “Tobol”la müqavilə imzaladın. Başlayaq, transfer tarixçəsindən... 

- Türkiyədə təlim-məşq toplanışında idik. Transfer təklifi gəldi və mən də peşəkar futbolçu kimi davranıb ilk növbədə müqavilə ilə məxsus olduğum klubu məlumatlandırdım. Daha sonra baş məşqçi ilə görüşüb, danışdım vəziyyəti izah etdim. Hərtərəfli razılıq əldə olunduqdan sonra “Tobol”a yollanmağı qərara aldım. 

- "Tobol" varinatı hansı özəllikləri ilə səni cəlb elədi?

- Bildiyiniz kimi, “Tobol” komandası avrokuboklara vəsiqə qazanıb. Məsələ təkcə bundan ibarət deyil. Gəldiyim gündən komandanın rəhbərliyindən, məşqçilər korpusundan, adminstrativ heyətdən böyük dəstək gördüm. Komandanın kapitanı Azat Nurqaliyev mənimlə maraqlandı. Komandaya yeni qoşulduğum vaxt məni kollektivdən ayrı tutmadı və balıq restoranında şam yeməyinə dəvət etdi. “Tobol” kollektivi çox mehribandı. Bu amil ümumi atmosferi çox yaxşılaşdırır.

- Transferin maliyyə şərtləri barədə nə deyə bilərsən? Çünki bəzi informasiyalar dolaşıb və müəyyən rəqəmlər qeyd olunub...

- Sadəcə, deyə bilərəm ki, özüm bu haqda heç bir məlumata malik olmadığım halda, informasiyalar dolaşırdı. Ona görə də özünüz nəticə çıxarın ki, bu, nə dərəcədə düzgün ola bilər? Mənim xəbərim olmadan maaşım müzakirə mövzusu idi. 

- Bir çoxları sənin dil biliyini, dünya görüşünü və digər insani keyfiyyətlərini qabardaraq, "Tobol"da uğur qazanacağını vurğulayır. Bəs sənə görə əsas üstünlüyün nədi?

- Bilirəm ki, üzərimdə çox diqqət var. Amma indidən bu barədə nəsə deməyim düzgün deyil. Sadəcə, hər şeyin fərqindəyəm və əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. 

- Yeni məşqçilərinin sənə ilk sözləri nə oldu?

- İlk növbədə kollektivə qaynayıb-qarışmağımı istədilər. Dedilər ki, özünü evindəki kimi hiss elə. Sən bizim komandanın bir üzvüsən!

- Sənin legioner həyatı yaşamağın Azərbaycan futbolçusunun ölkə xaricinə ayağının açılması baxımından nə dərəcədə rol oynaya bilər?

- Düşünürəm ki, Azərbaycan üçün vətəndaşının oyunçunun ölkə xaricində oynaması, legioner həyatı yaşaması az da olsa üstünlükdür. Hadisələrin necə inkişaf edəcəyini isə zaman göstərəcək. İstərdim ki, azərbaycanlı futbolçular xaricə üz tutsunlar. Bu, təcrübə baxımından çox vacibdir. 

- "Tobol"a keçidin milli komanda perspektivini nə qədər yaxşılaşdıra bilər? 

- Sadəcə onu deyı bilərəm ki, ölkə xaricində olmağım milli üçün də önəmlidi. Əgər milli komandaya yenidən dəvət alsam, bununla fəxr edəcəyəm.  

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right