“Qarabağ” üçün düşərli hakim ilk dəfə Bakıda

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa” ilə keçirəcəyi oyuna təyinat alan Georgi Kabakov futbolumuz üçün yad sima deyil. Newsport.az saytının məlumatına görə, bolqarıstanlı referinin yolu dörd dəfə Azərbaycan təmsilçiləri ilə kəsişib.

2013-cü ildən FİFA referisi adını daşıyan Kabakov ilk olaraq həmin il U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə səfər görüşünün (0:1) dördüncü hakimi olub.

O, əsas millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə səfər matçında isə baş hakim kimi fəaliyyət göstərib. Bu, 2019-cu ilin martına təsadüf edib. Komandamız Zaqrebdə hesabı açsa da, sonda 1:2 hesablı məğlubiyyətə düçar olub.

Bolqar referi 2 dəfə də “Qarabağ”ın görüşünü idarə edib. O, 2015-16 mövsümündə “Qarabağ”ın oyununda ədalət təmsilçisi olub. Belə ki, o, Azərbaycan çempionunun Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”la səfər görüşünə fit çalıb. Reynaldonun 57-ci dəqiqədə vurduğu yeganə qol Ağdam təmsilçisinə Monteneqroda 1:0 hesablı qələbə qazandırıb. Qarşılaşmada 3 dəfə əlini cibinə atan 37 yaşlı hakim hər üç halda ev sahiblərinə sarı vərəqə göstərib.

Kabakov cari mövsüm Avropa Liqasının pley-offunda da “Qarabağ”ın matçında iş başında olub. Çempionumuz Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə yüksəlib. Həmin görüşdə Kevin Medina və Leandro Andrade fərqlənib, Julio Romao isə sarı vərəqə alıb.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right