"Qarabağ" Azərbaycan(ın)dır!

Azərbaycan insanının xoş günü çox azdır. İlboyu maddi və sosial problemlər, həyatın müxtəlif sferalarında üzləşdiyi haqsızlıqlar canını boğaza yığıb.

Amma neyləsin. Hər adam vətəni, doğma torpağı, böyüyüb boya-başa çatdığı məkanı, yaxınlarını tərk edib, ölkə xaricinə köçə bilmir. Məcbur qalıb öz qazanında qaynayır. Hərə bir şeydən təsəlli, təskinlik tapır. Kimisi övladının təbəssümündən, gələcəyinə olan inamdan, kimisi də...

“Qarabağ” isə ümummilli təsəllidir. Qarabağ boyda dərdi olan ölkənin “Qarabağ” boyda da qürur mənbəyi var. 2009-cu ilin yayından Qurban Qurbanovun rəhbərliyi altında böyük fəxarətə çevrilib bu komanda bizim üçün. Heyəti çox dəyişib, kimlər gəlib, kimlər gedib, çox şey dəyişib. Bir şeydən başqa: sabit nəticə. Söhbət ardıcıl ölkə çempionluqlarından getmir. Bizi azərbaycanlı olmağımızla qürur duymağa vadar edən “Qarabağ”ın avrokubok uğurlarıdır. Biz “köhlən atlar”ın hər qələbəsinə necə seviririksə, mənfur qonşularımız bir o qədər məyus olur. “Qarabağ” qolları təkcə rəqiblərin qapısına vurmur, həm də ermənilərin...

Bu adın, işğal olunmuş torpaqların bizə məxsus olduğunu bütün dünyaya yaşıl meydanda hayqırır və isbatlayır bu komanda. Ermənilər buna qıcıqlanmasın, partlamasın neyləsin. Ona görə də öz simalarını idmanda da göstərməyə başlayıblar. “İdman hara, siyasət hara” deməyin. Artıq bu fikir çoxdan köhnəlib. Buna indi ağzı əmzikli uşaqlar da inanmır. Hər şey ortadadır. Yaşananlardan sonra idmanı siyasətdən ayrı tutmaq mümkünmü? YOX!

Üzdəniraq qonşularımızın çirkin əməllərindən birini ötən il “Arsenal”la Londonda keçirilən oyunda gördük. Özünə hörmət etməyən dığalardan biri meydana Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağıyla çıxdı. Əslində bu, gələcək təxribatın xəbərçisiydi. Albanların vaxtilə etdiyini ermənilər Lüksemburqda etdi. Dronla qondarma bayrağı stadionda havalandırmaqla əsəblərimizlə oynadılar. Söyüşümüzü qazandılar.

Amma... “Qarabağ”ı təbdən çıxara, təxribata çəkib, məğlubiyyətə səbəb ola biləcək addımlara sürükləyə bilmədilər. “Köhlən atlar”a bu yerdə böyük bir əhsən düşür. Çünki soyuqqanlılıqlarını qorudular. Legioner Riçard Almeydadan tutmuş, azarkeşləri sakitləşdirən Rəşad Sadıqova kimi - hər biri əsl peşəkarlıq göstərdi. Onlar ermənilərin cavabını meydanda verdi. Onların ürəyinə növbəti çalım-çarpaz dağ çəkdi.

Klub rəhbərliyinin də məsələyə dərhal reaksiya verməsi alqışlanmalıdır. Nəticədə Lüksemburqun idman naziri üzrxahlıq etdi. AFFA isə UEFA-ya şikayət etdi. Bəs bundan sonra necə olacaq? Aydın məsələdir, düşmənlərimiz sakit dayanmayacaq. “Qarabağ”ın hər uğuru sanki arı yuvasına çomaq soxur. Ona görə də heç kim növbəti təxribatın Kiprdə və ya İspaniyada yaşanmayacağına zəmanət verə bilməz. Deməli, biz də boş oturmamalıyıq. Elə hər şeyi “Qarabağ”dan gözləmək ən azı insafsızlıq olar. Bu vəziyyətdə nəinki AFFA, hətta dövlət də maddi-mənəvi dəstəyini əsirgəməməlidir. Artıq ölkənin brendinə çevrilən “Qarabağ”a ümummilli dəstək labüddür. Kim bilir, bəlkə elə Qarabağa gedən yolun cığırını “köhlən atlar” açacaq.

Yolun açıq olsun, “Qarabağ”!

Hacı MƏRDAN





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah