Hakimin oyunu... YAZI

Azərbaycan Premyer Liqasında 20-ci tura “Sumqayıt” – “Neftçi” matçı ilə yekun vuruldu.  Qarşılaşma olduqca maraqlı keçdi. Meydan sahiblərinin hesabı açması və son dəqiqələrdə iki qol buraxması olduqca rəngli ab-hava yaratdı.

Elə bunların fonunda qalmaqallı epizodlar da az deyildi. Mehdi Cənnətovun qırmızı vərəqəsi, Ayxan Abbasovun texniki zonadan qovulması gərginliyin dərəcəsindən xəbər verirdi.

Lakin qarşılaşmanın hakimi Rəşad Əhmədovun matçın “ipi”ni əldən buraxması da xüsusi vurğulanmalıdır.

Bir çox epizodlara ikili yanaşan Əhmədov “Sumqayıt”ın əleyhinə də işləmiş oldu. Elə oyunun əvvəlində Tural Axundovun Ehtiram Şahverdiyevi arxadan əli ilə itələməsinə göz yuman Əhmədov daha sonra da kobud səhvlərlə yadda qaldı.

 Düzdür, qarşılaşmanın 32-ci dəqiqəsində Baqali Daboya qarşı olunan kobudluq zamanı Əhmədov 11 metrlik nöqtəni göstərmədi.  Bunu da onun passivinə yazmaq olar.

Lakin 2 dəqiqə sonra  “Neftçi”nin italiyalısı Sansonenin Vurğun Hüseynovu bilərəkdən vurmasına da göz yumdu. Düzdür, “gənclik şəhəri” təmsilçisinin kapitanı rəqibinə qarşı kobud oynadı.  Amma Sansone yıxıldıqdan sonra rəqibini ayağı ilə bilərəkdən vurdu.

Matçın digər bölümləri də hakim səhvləri ilə yadda qaldı. Mehdi Cənnətova verilən qırmızı vərəqəni də şübhəli qərar kimi saymaq olar. Hər halda “Neftçi” oyunçuları da qolkiperin üzərinə şığıyıb topu almaq üçün israr edirdi. Onların da bu hərəkətini sarı vərəqə ilə qarşılıqsız qoymamaq olardı.

Yanlış aut və künc zərbələri qərarları da yetərincə idi. Təəssüf ki, onların çox hissəsi “Neftçi”nin lehinə işləyirdi.

Kuliminasiya nöqtəsi isə Ayxan Abbasovun texniki zonadan qovulması oldu. Eyni hərəkətləri Roberto Bordin də dəfələrlə etməsinə baxmayaraq Əhmədovun gücü Abbasova çatdı. İtaliyalı hətta tək deyil, bütün köməkçiləri ilə etirazlara qalxsa da, gənc referi “Sumqayıt”ın çalışdırıcısını ehtiyat oyunçular skamyasından qovmaqla şübhələri üzərinə çəkməkdə davam etdi.

Yəqin ki, bütün bunlar Fritz Ştuxlikin də gözündən yayınmayıb...

Newsport.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah