Ramil şeytanın qıçını Gəncədə qırdı YAZI

Peşəkar Futbol Liqası (PFL) növbəti dəfə Gəncəyə səfər təşkil etmişdi. Bu dəfə “Kəpəz” - “Qarabağ” oyununu yerindəcə işıqlandırmaq üçün. Əvvəlcədən deyək ki, görüş ərzində tribunaya toplaşanlar cəmi 1 qol gördü.

PFL-in protokoluna görə bu qarşılaşmanı tribunalardan 8000 nəfər izləyib. Sırf epizod sarıdan götürsək, o qədər də maraqlı oyun keçdiyini söyləyə bilmərik. Qol epizodları sarıdan yoxsul qarşılaşma oldu. Amma bu matçlar maraqlı elementlər də yox deyildi.

Heyətlər

Əvvəlcə komandaların ilk “11-liy”inə nəzər salaq. İlk növbədə meydan sahiblərinin əsas heyətinə baxaq. Qapıda Sergey Litovçenko durmuşdu. Şəhriyar Rəhimov müdafiənin solunda, Tural Cəlilov sağında yer almışdı. Stopper kimi Şəhriyar Əliyev – İqor Korotetski tandemi çıxış edirdi. Tərzin Cahangirovla Quili Mandqaladze dayaq yarımmüdafiəçisi kimi oynayırdı. Dario Federiko yarımmüdafiənin sağında, Roman Hüseynov solunda, Tural Rzayev isə mərkəzdə yer almışdı. Yeganə hücumçu Şadon Vinçester idi.

“Qarabağ”a gəlincə, qapını İbrahim Şehiç qoruyurdu. Ansi Aqolli ehtiyatda qaldığından Donald Qerye solda yer almışdı. Sağda Maksim Medvedev yer almışdı. Qurban Qurbanov müdafiənin mərkəzini Rəşad Sadıqovla Elvin Yunuszadəyə həvalə etmişdi. Miçellə Qara Qarayev dayaqda qərarlaşmışdı. Bir qədər öndən Dani Kintana, Riçard Almeyda və Pedro Enrike hücum xəttindəki Ramil Şeydayevə dəstək verməliydi.

Ramil şeytanın qıçını Gəncədə qırdı

“Qarabağ” oyuna başlayan kimi ərazi üstünlüyünə yiyələndi. Topa sahib çıxan qonaqlar aramla, tələsmədən hücumlar qürurdular. Əvvəlcə Miçel hesabı açmağa yaxın oldu. Almeydanın asmasını ispaniyalı yarımmüdafiəçi qapıya göndərsə də, əvvəlcə Litovçenko, daha sonra tir ona sevinməyə imkan vermədi. Nəhayət, Şeydayev “qol oruc”unu pozdu. Mərkəzdən qurulan hücum zamanı Riçardın ara ötürməsi ilə müdafiəçilərin arxasına sızan Ramil topu Sergeyin yanından tora göndərdi. Beləliklə, buna qədər Azərbaycanda ancaq əvəzedicilərin çempionatında qollar vuran yığma üzvü Premyer Liqada qolla tanış oldu.

Şəhriyar o topu vursaydı... “Kəpəz” bəxtini əks-hücumda sınayırdı.

Federiko kifayət qədər fəal idi. Bir epizodda Elvindən sıyrılan Darionun zərbəsi istədiyi kimi alınmadı. Yeri gəlmişkən, Yunuszadə birə-birdə zəif təsir bağışladı. Stopper başqa bir epizodda Enrikenin driblinqi qarşısında aciz qaldı. “Kəpəz”in ilk hissədə ən real qol vəziyyətini kapitan boşa verdi. Rəhimov Hüseynovun asması zamanı tam nəzarətsiz olsa da, başla topu qapıdan keçirə bilmədi. Roman özü də hesabı bərabərləşdirməyə yaxın oldu. İlk hissənin sonlarında “Qarabağ”ın sol cinahında böyük boşluq yarandı. Bunu yaxşı görən Federiko topu dərhal Hüseynova atdı. Lakin “Qəbələ” Futbol Akademiyasının yetirməsinin zərbəsi qapıdan xeyli yuxarı keçdi.

18 dəqiqəlik futbolçu

Yunis Hüseynov ikinci hissəyə əvəzetməylə başladı. O, Vinçesterin yerinə İlkin Sadıqovu meydana buraxdı. Onun 70-ci dəqiqədə meydana buraxdığı Dieqo Souza isə o qədər zəif oynadı ki, mütəxəssis onu cəmi 18 dəqiqə meydanda saxladı. Braziliyalı futbolçu son dəqiqələrdə Murad Səttarlı ilə əvəzləndi. Qurban Qurbanov isə bütün əvəzetmələrini son dəqiqələrə saxladı. Ağabala Ramazanov Kintananın, Əfran İsmayılov Enrikenin, Rahid Əmirquliyev isə Almeydanın yerinə meydana çıxdı.

Ümid standart vəziyyətlərə idi

Hiss olunurdu ki, ustalıq səviyyəsinə görə rəqibə aşkar uduzan gəncəlilər qolu yalnız standart vəziyyətlərdən vura bilər. İkinci hissənin əvvəllərində də Şəhriyar başla diqqət mərkəzinə düşdü. Amma yenə “çərçivə”ni tapmadı. Oyunun sonlarında İlkin hava ötürməsini qola çevirə bilmədi. Bir epizodda isə Tərzinin vuruşu az fərqlə qapıdan aralı keçdi. Əlbəttə, “Qarabağ”ın 2-ci qolu vurmaq şansları da oldu. Şeydayev, Almeyda və Enrikenin bəxti gətirmədi. Amma bütün bunlar qələbənin kölgəsində qaldı. Ağdamlılar ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atdı.

Köhnə hamam, köhnə tas

Bu məsələyə bir daha toxunmağı özümüzə borc bilirik. Çünki nə qədər irad tutulsa da, hələ də problem aktuallığını qoruyur. Jurnalistlər üçün media sektoru ayrılmayınca bu nöqsan aradan qaldırılmayacaq. Yenə KİV nümayəndələrini elə yerdə oturdurlar ki, oradan oyunu diqqətlə və istənilən səviyyədə işıqlandırmaq çox çətindir. Çünki azarkeşlər başının üstündə yer alır və komandalarına dəstək verir. Səs-küydən isə heç yanındakı həmkarına sözünü deyə və ya onun dediyini eşidə bilmirsən. Bu mövsüm artıq başa çatır. Klub rəhbərliyi heç olmasa, növbəti mövsümə qədər bu problemi aradan qaldırsın. İstənilən halda, sabah “Kəpəz” bu stadionda avrokubok oyununu keçirmək istəyirsə, bu problemi həll etməlidir.

Mərdan HƏSƏNOV/Gəncə

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right