Dobro Belqrad

Yola yeni başlayanda, adətən, yıxılıb-durursan. Bu yıxılıb-durmalar sənə yeriməyi öyrədir və püxtələşirsən. “Sumqayıt”ın klub kimi ilk avrokubok səfəri olsa da, yıxılıb-durmağını görmədim, yaxşı hazırlaşmışdılar. Kiçik kollektivlə təşkilati işlərin çox yüksək səviyyədə görülməsi gənclər şəhərində futbol komandası ilə yanaşı, yaxşı idarəedici komandanın formalaşmasını da göstərir. Burada adlar çəkib uğurlu təşkilati işləri fərdiləşdirmək istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, klub admistrasiyasında yer alan hər kəs öz işinin öhdəsindən layiqincə gəldi.
 
Soyuqqanlılıq 
Bizi Bakıdan Serbiyanın paytaxtı Belqrada aparacaq təyyarədə qəribə bir rahatlıq vardı. Deyirlər, inanmaq uğurun yarısıdır. Hər şeydən öncə “Sumqayıt” futbolçularının, məşqçi və texniki heyətin gözlərində bir inam qığılcımı vardı. 
Bəlkə də deyə bilərsiniz ki, əşi Konfrans Liqasının ikinci təsnifat mərhələsidir də, nə mərhələdir ki bu? Amma bütün məqamlarda obyektiv davranmaq şərtdir. 
Premyer Liqada 3-cü olan komanda Konfrans Liqasından öncə Mehdi Cənnətov və Xəyal Nəcəfov kimi oyunçularını itirib. Demək olar ki, heç bir transfer etmədən futbol ölkəsi kimi tanınan Serbiyaya ilk səfər oyununa gedir. Bütün bunların fonunda komandanın bu qədər soyuqqanlı olması alqışlanmalıdır. 
 
Ayxan Abbasov faktoru 
Xəyal və Mehdinin gedişi ilə bağlı bir də onu deyim ki, bəlkə də məsələnin daha çox xeyirli tərəfi olacaq. Onların gedişi ilə Aydın Bayramovla Rüfət Abdullazadəyə daha çox oynamaq imkanı yaranacaq, bəlkə başqa oyunçulara da. Bu, artıq Ayxan Abbasovun işidir. Abbasov  futbolçuluqdan məşqçiliyə çox tez və inamlı keçid edib və təsadüfi deyil ki, rəhbərlik və futbolçuların ona böyük ümidi var. Kollektiv işin də əsası məhz qarşılıqlı inamdır. Ayxan Abbasov və onun məşqçi korpusu kollektivdə öz işləri ilə lazımi avtoritet yarada biliblər. Heyətdə təcrübəli futbolçu öz, gənc futbolçu öz, legioner futbolçu öz yerini bilir, birlik və münasibət yüksək səviyyədədir. Nəticələrdən asılı olmayaraq, bu faktlar bir komandanın artıq qələbəsidir. 
 
İsti Bakıdan yaşıllıqlar vadisinə
Bakının xarakterik istisindən Belqradın sərin, mülayim iqliminə uyğunlaşmaq heç də çətin olmadı. Bəlkə də bu hava şəraiti və şıdırğı yağış Bakı günəşindən sonra Allahın bizə hədiyyəsi idi. “Çukariçki” klubunun stadionu isə sanki bir başqa aləmdə - yaşıllıqlar vadisindədir. Düzdür, çox dəhşətli infrastruktura malik deyil, amma kiçik imkanlar daxilində futbol üçün hər bir şərait yaradılıb. Stadion tamamilə böyük və yamyaşıl ağaclarla əhatə olunmuş bir ərazidə yerləşir və “Kapital Bank Arena” ilə müqayisədə daha üst imkanlara malikdir. Ümumiyyətlə, idman, yaşıllıqlar, üzgüçülük hovuzları, fitnes zalları, insanlar üçün qaçış zolaqları şəhər həyatının əsas hissələrindəndir. Siz Belqrad şəhərində günəşin şəhəri salamlamasından onun ayla yerini dəyişməsinə qədər olan müddətdə idman edən adamlar görə bilərsiniz. 
 
Anlamlı addım 
Səfərin ikinci günü “Sumqayıt” klubu tam heyətlə öz mənəvi borcunu ödədi. Belqradın demək olar ki, tam mərkəzində yerləşən çox geniş bir parkda Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdik. Hər kəs ayaq saxlayıb bu izdihama tamaşa edir və maraq içində bizim kim olduğumuzla bağlı suallar verirdilər. Yeri gəlmişkən, Serbiyada insanlar gülərüz və mehribandırlar. Sözsüz, bizə çata bilməzlər. Amma onlar Avropanın bəzi şəhərlərində rast gəlmədiyimiz insani davranışlara malikdirlər. Yol göstərmək, kömək etmək, daha yaşlı insanlara yer vermək və digər xüsusiyyətlərlə də yaddaşımda qalacaq bu şəhər. 
 
Qala meydanda türk izləri
Belqrad regionun hər zaman önəmli şəhəri olduğu üçün burada müxtəlif tarixi izlərə rast gəlmək mümkündür. Tarixi mənbələrə görə, şəhər 100 dəfədən çox dağıdılsa da, hələ də bəzi tarixi abidələr qalmaqdadır. Mənə görə, şəhərin əsas əzəmətli abidəsi Qala meydandır. Knez Mihailova  küçəsinin bitməsi ilə sizi müasir küçədən sonra tarixlə qovuşduran Qala meydanı qarşılayır. Deyilənlərə görə, Osmanlı İmperiyası qalanın açarlarını təhvil adığına görə buranı dağıtmayıb. Qala qədər oradan şəhərin simvolu olan Dunay və Sava çaylarının birləşməsinə açılan mənzərə də olduqca gözəldir. Əgər bir gün hər hansı bir məqsədlə Belqrada səfər etməli olsanız, Nikola Tesla muzeyinə və Qala meydana baş çəkməmiş geri qayıtmayın. 
 
Tez oyanan şəhər 
Yaşıllıqlar, çaylar və şəhərdə avtomobilin o qədər də çox olmaması  havanı çox asanlıqla ciyərlərinizə çəkməyə imkan verir. Şəhərdə əsas nəqliyyat vasitələri avtobus və trolleybusdur. Nə qədər qəribə səslənsə də, şəhərdə metro yoxdur. Amma nəqliyyat intensivliyi Belqradda Bakı metrosunu sizin yadınıza salmır. İnsanlar nəqliyyat mədəniyyəti hesab olunan səssizliyə riayət etsələr də, onlarda bizdə olduğu kimi “kart vurma” mədəniyyəti yoxdur. Əlbəttə, bütün nəqliyyat vasitələri kart sisteminə uyğunlaşdırılıb, amma insanlar nədənsə ödəniş etmirlər, heç sürücü də buna əhəmiyyət vermir və orta, eləcə də arxa qapıdan daxil olanları yerə düşürmür. Açığı bu məqam bizi bir az nəqliyyat xərclərindən azad etdi. 
Ümumi götürsək, şəhər çox hərəkətli və tez oynan insanlarla zəngindir. Günəşin şəhəri salamlamasından dərhal sonra siz küçələrdə xeyli adam görə bilərsiniz. 
 
Sumqayıtda görüşənədək, “Çukariçki”
“Sumqayıt” səfərə oyundan iki gün öncə getdiyi üçün iki məşq etdi. Son məşq görüşün keçirildiyi stadionda baş tutdu. Yerli komanda  “Sumqayıt” klubu üçün demək olar ki, hər cür şəraiti yaratmışdı. Təşkil etmələri məcburi olmayan məqamlarda da bizə çox yaxından kömək etdilər və əsil qonaqpərvərlik göstərdilər. Oyuna gəldikdə isə maraq kifayət qədər idi. İcazə verilən həcmdə tribunalar tamamilə dolmuşdu, VİP lojada Azərbaycan futboluna tanış sima olan Branimir Subaşiçi qarınlı halda görmək, eləcə də “Çukariçki”nin qapıçılarından birinin  Vladimir Miçoviçin oğlu olması faktı zamanın nə qədər sürətlə axmasından xəbər verirdi. Oyun isə o qədər sürətli deyildi, daha çox taktiki savaşlara tamaşa etdik və qol görmədik. Amma ümumilikdə götürsək, “Sumqayıt” ilk səfərindən sərfəli nəticə ilə döndü. İndi isə qaldı Sumqayıtda işi bitirmək. İşi uğurlu bitirmək lazımdır, “Sumqayıt”.
 
Yola davam, “Sumqayıt”. Yola davam, “Neftçi”. Yola davam, “Qarabağ”. Yola davam, “Keşlə”.
 
Elgiz Abbasov/Belqrad




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right