“Qəbələ” daha yüksək məbləğdən imtina edib

“Qəbələ” Amin Seydiyevə görə təklif olunan daha yüksək məbləğdən imtina edib. İnandırıcı görünməsə də, başqa bir paytaxt klubunun daha cəlbedici təklifi geri çevrilib.

“Sabah”ın 100 min manat civarında bir məbləğ ödəyərək transfer etdiyi müdafiəçinin perspektivi nəzərə alınaraq, belə qərar verilib. “Qəbələ” rəhbərliyi yetirmələrinin perspektivini daha rahat aça biləcəyi, inkişafına töhfə olacaq klubda oynamasını istəyib. “Sabah”da bu baxımdan daha peşəkar mühit olduğundan Aminlə bağlı digər təkliflər geri çevrilib.

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov apasport.az saytına açıqlamasında məhz bu məqamı qabardıb: “Sabah”la razılaşmamızdan əldə olunan məbləğdən daha yüksək təkliflər var idi. Bunu “Sabah”la yanaşı, bir neçə klubumuz da təsdiqləyə bilər. Lakin bizi futbolçumuzun karyerasının növbəti mərhələsi də maraqlandırır. Akademiyamızın üzvlərinin daha böyük uğurlarını izləmək istəyirik. Bizim üçün ilk növbədə futbolçunun karyerasını xaricdə davam etdirməsi önəmlidir. Necə ki, Fərid Nəbiyev, Samir Qurbanov, Kamran Quliyevlə bağlı belə qərar vermişdik. Aminin xaricə yollanmaq variantı da var idi, amma pandemiya planlarımızı bir qədər pozdu. Bununla belə, məhz o yöndə hər hansı əngəl yaratmayacağını bildiyimiz üçün “Sabah”la razılaşmağa üstünlük verdik”.

Nəcəfov onu da əlavə edib ki, “Qəbələ”nin əsas missiyası Azərbaycan futboluna yeni adlar bəxş etməkdir: “Bəhlul Mustafazadə getdikdən sonra Amin Seydiyev daha da ön plana çıxdı. Əmin olun ki, Aminin də gedişi akademiyanın daha bir futbolçusu üçün şans olacaq. Dediyim kimi, əsas ölkəyə yeni futbolçular qazandırmaqdır”.

Qeyd edək ki, Amin Seydiyev “Sabah”la 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right