"Əsl mübarizə bundan sonra başlayacaq" - Mahir Məmmədov

“Olimpiadanın ekvatoruna çatmışıq. Sabah olimpiadada istirahət günüdü. Əsl mübarizə də bundan sonra başlayacaq. Ümidvaram ki, yarışın gedişatı şahmatsevərləri və media nümayəndələrini qane edir”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, 42-ci Ümumdünya Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.

Mahir Məmmədov Bakı Kristal Zalın media mərkəzində bu gün yerli və əcnəbi jurnalistlər üçün mətbuat konfransı keçirib.

O, olimpiadanın hazırlıq prosesinin gərgin keçdiyini bildirib:

“Olimpiadanı keçirmək hüququ qazananda qarşımıza məqsəd qoymuşduq ki, yarışı ən yaxşı şəkildə keçirək. Məqsədimiz olimpiadanı şahmat bayramına çevirmək idi. Hazırlıq prosesi gərgin alındı. Bakı Şahmat Olimpiadasının digərlərindən nə dərəcədə seçildiyini demək təvazökarlıqdan uzaq olar. Olimpiada başa çatdıqdan sonra işimizə qiymət veriləcək. Çalışırıq ki, olimpiadanın hər bir iştirakçısı üçün gözəl şərait yaradaq”.

Mahir Məmmədov Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri olduğu üçün şahmatçılarımızın çıxışını yaxından izləyə bilmədiyini bildirib:

“Əminliklə deyə bilmərəm ki, hansısa şahmatçının çıxışını diqqətlə izləyirəm. Ümumi olaraq komandaların əhval-ruhiyyələrinə baxıram, debütlər, kombinasiyalar haqda çox səthi məlumatım var. Kişilərdən ibarət əsas millimizin liderlər arasında olması, qadınların cəmi 1 xal itirməsi sevindirici haldı”.

Məmmədov olimpiadanın gedişi zamanı ortaya çıxan problemlərdən də söz açıb:

“Çalışırıq ki, hansısa problem çıxanda yerindəcə həll edək. Əlbəttə, nə qədər yarışa diqqətlə hazırlaşsan da, fors-major hallar qaçılmazdı. Hazırda şahmatçıların kənardan informasiya almamaları ciddi nəzarətdə saxlanılır. Giriş-çıxış qapılarında nəzarət çox güclüdü. Oyunlardan əvvəl bildirilmişdi ki, kapitanlar yalnız bir dəfə çıxa bilər. Ancaq Yunanıstan yığmasının kapitanı bu şərti pozmuşdu. Ona görə də mühafizə xidməti haqlı olaraq onu zala buraxmaq istəmirdi”.

Milli komandalarımızın formaları digərlərindən seçilir. Məmmədov bu ideyanın Əməliyyat Komitəsinin üzvlərindən birinə məxsus olduğunu vurğulayıb:

“Forma mənim ideyam deyildi. Təklif Əməliyyat Komitəsinin üzvlərinin birindən gəldi. Bir çox yarışlarda xüsusi geyimlə çıxış etmək istəsək də, təklif olunan variantlar dəbli olmadığı üçün bəyənilməmişdi. Amma hazırkı geyim xoşagələndi”.

Olimpiada ilə əlaqədar olaraq “Socar-Azerbaijan” şahmat klubunun çıxışına fasilə verildiyini bildirən Məmmədov, olimpiada və FİDE-nin konqresi ilə əlaqədar olaraq xarici qonaqların ölkəmizə gəlişinin davam etdiyini söyləyib:

“Nüfuzlu qonaqların gəlişi yenə də gözlənilir. Ancaq indidən onların adlarını çəkmək istəmirəm. Əsas tədbirlərdən biri növbəti Olimpiadanın təqdimatı olacaq”.

Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri yarışın gedişi zamanı Bakıda şahmat bayramının yaşandığını qeyd edib:

“Əvvəldən məqsədimiz qonaqları yarışa cəlb etmək, bayram əhval-ruhiyyəsi yaratmaq idi. Bu işin öhdəsindən gəlmişik. Şəhərdə bayram əhval-ruhiyyəsi hiss olunur. Kristal Zalda gözəl sərgi əyləncə mərkəzi yaradılıb. Şahmata aid xeyli maraqlı, baxılası yerlər var. Hər kəsi qonaqpərvərlik zonasına dəvət edirik”.

Sabah olimpiadada istirahət günü olsa da, şahmatçılar üçün hər hansı tədbir nəzərdə tutulmayıb. Mahir Məmmədov bunun səbəbini belə izah edib:

“Bu gün qonaqlar üçün “Bermuda Party” var. Bakının gözəlliyi qonaqların ixtiyarındadı. Biz xüsusi hər hansı proqram təşkil etməmişik. Birincisi, qonaqların sayı çoxdu. Bu, bizi bir tərəfdən sevindirir, amma xüsusi proqram tərtib etmək üçün çətinlik yaradır. Olimpiadanı elə nəzərdə tutmuşuq ki, idmançılar daim bulvar ətrafında olsunlar. Qonaqlara ilk növbədə İçəri Şəhəri gəzməyi məsləhət görərdim”.

Sonda Mahir Məmmədov gələcəkdə də Azərbaycanın mötəbər şahmat yarışlarına ev sahibliyi edəcəyini deyib:

“Azərbaycan gələcəkdə də şahmat yarışlarının təşkilindən kənarda qalmayacaq. Əlimizdə olan turnirləri davam etdirəcəyik. 3 ildi Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş yarış keçirilir. Həmin turnir gələcəkdə də baş tutacaq. Həm uşaq olimpiadası, həm də FİDE qran-pri-lərininin təşkili ilə bağlı bizə müraciətlər var. Olimpiada başa çatan günün ertəsi FİDE ilə müzakirələrə başlayacağıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right