Yığmanın potensial heyəti (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 9-cu yazı

Futbolda uğura gedən yol optimal heyət, düzgün hazırlıq və taktikadan keçir. Bizim yığmamızda heç vaxt bunların üçü də bir arada olmayıb. Ona görə də milli səviyyəsində böyük uğurlara imza atmamışıq. Əlbəttə, Türkiyə, İsveçrə, Slovakiya, Serbiya və Çernoqoriya və s. ölkələrə qalib gəlmişik. Ancaq bunlar bir çox hallarda təsadüfi qələbədən başqa bir şey olmayıb. Çünki davamı gəlməyib.

İndi yığmanın sükanı Qurban Qurbanova tapşırılıb. Bəs niyə məhz o? Niyə milyonlar məhz bu mütəxəssisin “Qarabağ”da ola-ola yığmanı çalışdırmasını istəyirdi? Səbəb hamımıza aydındır.  Qurbanov klub səviyyəsində bir vaxtlar xəyal kimi görünən zirvələri fəth edib. Həm ölkə çempionatında hegemonluğu ələ keçirib, həm də Avropa səhnəsində adından söz etdirib. Vəziyyət o həddə çatıb ki, artıq sıravi futbolçuların bir çoxu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni sıradan nəticə saymağa başlayıb. Təkcə nəticəmi? Əlbəttə, yox. Qurbanov həm də gözəl oyun üslubu və matçı “oxumaq” bacarığı ilə seçilir. Onun uğurunun sirri də burdadır. Pep Quardiolanın oyun modelini mənimsəyən mütəxəssis topa nəzarət, tez-tez futbolçuların yerdəyişməsi, kiçik ötürmələr, çoxgedişli kombinasiyalar və bəzən ani, kəskin hava ötürmələrini cəmləşdirən sistemi tətbiq edir. Bu, çox  uğurlu da alınır.

İndi azarkeşlər həmin baxımlı oyunu yığmada da görmək istəyir. Düzdür, Robert Prosineçkinin vaxtında bunun işartılarını gördük. Həm də onu gördük ki, yığma üzvlərinin potensialı var. Deməli, yaxşı baş məşqçinin sərəncamında oynasalar, daha yaxşı çıxış edə bilərlər. İndi komanda ölkənin ən yaxşı çalışdırıcısının əlindədir. Qurbanov futbolçuları “cilalaya” və istədiyi qəlibə sala bilər.

Qurban bəy həm də optimal heyət formalaşdırmalıdır. Bu mənada Antalya toplanışı yerinə düşür. Yeni baş məşqçi mayda da komandanı bir araya gətirmək istəyir. Qarşıdakı 6 ayda iki hazırlıq prosesi Millətlər Liqası və AÇ-2020-nin seçmə mərhələsi ərəfəsində optimal heyəti tapmağa imkan verəcək. Hər halda, biz bu gün üçün perspektivli və formada olan futbolçuları nəzərdən keçirək. Görək sabah yığma yarışa çıxsa, hansı heyətdən ibarət olsun.

Qapı

Burda seçim o qədər də çox deyil. Dərhal birinci ağıla Kamran Ağayev gəlir. Beynəlxalq oyun təcrübəsinə görə digər qapıçılarımızı bir baş üstələyir. Refleksləri pis deyil. Bir vaxtlar penalti qaytarmaq bacarığını da bizə nümayiş etdirmişdi. Ancaq zaman keçdikcə bu keyfiyyətini yadırğadı. Ağayevin əsas problemi intizamsızlığıdır. Altı aydan bir müxtəlif səbəbləri əsas gətirərək klub dəyişir. Qurbanovun yığma üzvlərinin intizamlı oyunçular olacağını söyləməsi ilk növbədə Kamranın kürkünə birə salmalıdır. Yeni baş məşqqçi prinsiplərinin ziddinə getməsə, Ağayev ən yaxşı halda qarşılaşmaları ehtiyat oyunçular skamyasından izləyəcək. Belə olan halda Səlahət Ağayev və ya Anar Nəzirov qapıya keçə bilər. Bu qolkiperlər Kamrandan sonra ən çox yığmaya çağırılan qapıçılardır. Ancaq “1 nömrə”nin kölgəsində qaldıqlarından əsas heyət üzü görmürlər. Halbuki potensialları heç də Kamrandan zəif deyil. Gənclərdən Orxan Sadıqlı və Rəşad Əzizlini də millinin toplanışlarına cəlb edib, yoldaşlıq oyunlarında sınaqdan keçirmək olar.

Müdafiə

Bu mövqedə əsas itki Rəşad Sadıqovdur. Onun yerinə ən real namizəd Ruslan Abışovdur. “Neftçi”də yüksələn qrafiklə hərəkət edir və əvvəlki formasını yavaş-yavaş qaytarmağa başlayıb. Bədavi Hüseynovla çiyin-çiyinə oynamağa daha 2-3 namizəd var. Tərlan Quliyev stopper üçün yetərli fiziki göstəricilərə sahib olmasa da, döyüşkəndi və yerlə daha dəqiq oynayır. Şəhriyar Əliyev, Rasim Ramaldanov, Elvin Yunuszadə, Bəxtiyar Həsənalızadə və Bəhlul Mustafazadə variantları da var. Onların bir qismi hələ tam “bişməyib”. Bəziləri isə oyun praktikasından əziyyət çəkir. Bəs cinahlar? Burada rəqabət daha güclüdür. Maksim Medvedev sağ cinahda ağalıq edir. Yığmanın yeni kapitanı olmağa real namizədlərdən biri sayılan “Qarabağ”lı zədələnsə, uzun müddətdir yığmaya çağırılmayan İlqar Qurbanovu sınamaq olar. Digər “Qəbələ”liləri də unutmaq olmaz. Bunlar Ürfan Abbasov və Tellur Mütəllimovdur. Sol cinah üçün əsas iki namizəd var. Həm Pavel Paşayev, həm də Təmkin Xəlilzadə DÇ-2018-in seçmə mərhələsində az oynasa da, ümidləri doğruldub. Paşayev müdafiə, Xəlilzadə isə hücum planında daha faydalı ola bilər. Hər halda, seçimi Qurbanov edəcək. Onlar zədələnsə, cəzalı duruma düşsə və formada olmasa, o zaman Məhəmməd Mirzəbəyov variantını nəzərdən keçirmək lazım gələcək.

Yarımmüdafiə

Dayaqda Qara Qarayev sabit oyunu ilə seçilir. Adına layiq “qara” işi məharətlə görən gənc futbolçu həm də Riçard Almeyda ilə gözü yumulu anlaşır. Çox güman, Qurbanov “Qarabağ”da olduğu kimi, yığmada da yarımmüdafiənin mərkəzində bu futbolçulara şans verəcək. Qaraya alternativlər Rahid Əmirquliyev, Coşqun Diniyev, Kərim Diniyev, Elvin Camalov kimi futbolçular ola bilər. Nisbətən öndə Almeyda və Dmitri Nazarov kimi texniki keyfiyyətləri yüksək olan legionerlər var. Cavid Hüseynov da son vaxtlar əsas heyət üzvünə çevrilib. Daha doğrusu, “Qəbələ”nin kapitanı Prosineçkinin sevimli futbolçularından idi. Ancaq həbsdən çıxdıqdan sonra əvvəlki formasını qaytara bilməyən, oyun zamanı hakimlə tez-tez mübahisə edən Hüseynov böyük ehtimalla, Qurbanovun oyun modelində görünməyəcək. Ancaq Cavidin adaşı uzun fasilədən sonra yığmaya çağırıla bilər. Tərlan Əhmədovun “Neftçi”yə qaytarmaq istədiyi Cavid İmamverdiyev “Sumqayıt”da diqqətləri üzərinə çəkməyi bacarıb. Pleymeyker və ya ikinci hücumçu kimi effektiv ola bilər. İndi isə keçək cinahlara. Əfran İsmayılov sağ cinahda real namizəddir. Namiq Ələsgərov, Rəhman Hacıyev, Asif Məmmədov, Elvin Məmmədov və Elşən Abdullayev bu mövqe üçün Qurbanovun etimadını qazanmağa çalışmalıdır. Sol ayağı işlək olan cinah yarımmüdafiəçisi barmaqla sayılacaq qədər azdır. Sözsüz, Araz Abdullayev bunların başında gəlir. Yuxarıda adları çəkilənlər də bu mövqedə sınana bilər.

Hücum

Bu mövqe hər zaman bizim yaralı yerimiz olub. Çünki bizdə hücumçu qıtlığı var. Xüsusən də taran tipli forvard çatışmazlığı aşkar görünür. Bu baxımdan Rauf Əliyevin adını önə çıxara bilərik. “Kukesi”dən ayrılan ötən mövsümün bombardiri “Keşlə”yə qayıdıb əvvəlki formasını bərpa etsə, Qurbanov fikirləşmədən onu yığmaya dəvət edəcək. Bu mövsüm Mahir Mədətov çox yaxşı çıxış edir. Sürətinə, texnikasına və özünəinamına söz ola bilməz.Ramil Şeydayev də millidə pis təsir bağışlamır. Döyüşkəndir, fiziki göstəriciləri yaxşıdır, rəqib müdafiəsini daim təzyiq altında saxlamağı bacarır. Elə təkcə Kayzerslauterndə reyd edərək Almaniyanın qapısına vurduğu qol nəyə desən dəyər. Əsas çatışmazlığı hələ də “Qarabağ”da qol hesabını aça bilməməsidir. Bunu bacarsa, özünəinamı birə beş artacaq ki, bu da oyun keyfiyyətini yüksəldəcək. Almaniya futbol məktəbinin yetirmələrini də unutmaq olmaz. Dadaşov qardaşları da yığmaya fayda verə bilər. Rüfət karyerasının ən məhsuldar mövsümünü keçirir. Regional liqada bütün zonalar üzrə 20 qolla bombardirlər siyahısına başçılıq edən Dadaşov indi yaxşı formadadır. Çox güman, Qurbanov Prosineçkidən fərqli, onu diqqətdən kənarda qoymayacaq. Rüfətin kiçik qardaşı Renat texnikasına görə daha istedadlıdır. Amma gəncdir və bir qədər artıq çəkisi var. Təcrübəsini artırsa və formaya düşsə, yığmanın əvəzolunmaz simalarından birinə çevrilə bilər.

Yığma üçün iki variant

Qurban Qurbanov rəqiblərdən asılı olaraq müdafiəyə və ya hücuma meyilli heyəti meydana buraxa bilər. Təbii ki, nəhəng komandalarla oyunlarda riskə getmək avantürist addım olar. Ona görə də ilk növbədə arxa xəttin etibarlılığını düşünmək lazımdır. “11-lik” isə belə ola bilər: qapıda Kamran Ağayev durur. Müdafiənin mərkəzində Bədavi Hüseynov və Ruslan Abışov tandem təşkil edir. Sağ cinahda Maksim Medvedev, sol cinahda Pavel Paşayev yer alır. Yarımmüdafiənin solu Dmitri Nazarova, sağı Əfran İsmayılova tapşırılır. Qara Qarayevlə Rahid Əmirquliyev dayaqda, Riçard Almeyda isə pleymeyker kimi oynayır. Yeganə hücumçu kimi Ramil Şeydayev çıxış edir.

Qələbə istəyi ilə meydana buraxılması mümkün “11-lik” belədir: bu dəfə qapını Səlahət Ağayevə həvalə edirik. Stopperlər dəyişmir. Hüseynov – Abışov cütlüyü öz mövqeyində qalır. Ancaq müdafiənin cinahlarında hücuma daha çox qoşulan futbolçular yerləşdirilir. Solda Təmkin Xəlilzadə, sağda İlqar Qurbanov yer alır. Dayaqda Qara Qarayevlə Riçard Almeyda, onların önündə Dmitri Nazarov qərarlaşır. Yarımmüdafiənin solundan Araz Abdullayev, sağından isə Mahir Mədətov ön xətdəki Rauf Əliyevə dəstək verir.

Əlbəttə, bu, bir jurnalist baxışıdır. Sözsüz, biz Pro kateqoriyalı baş məşqçi qədər bu işi bilmərik. Sadəcə, ehtimalımızı irəli sürdük. İnanırıq ki, Qurbanovun yığmada atdığı bütün addımlar ədalətli və doğru olacaq.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah