Bir mövsümün tarixçəsi (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı ikinci yazısı

Daha bir ölkə çempionatını geridə qoyduq. Düzdür, hələ 2016/17 mövsümü başa çatmayıb. Çünki hələ Azərbaycan kubokunun finalı oyunu keçirilməyib. Ancaq Premyer Liqa başa çatıb. Deməli, 25-ci ölkə çempionatını təhlil edə bilərik. Layihəmizin ilk yazısında medalçıların çıxışını dəyərləndirmişdik. Bu dəfə cari çempionatda ümumi mənzərəyə nəzər salacaq, baş verənləri xatırlayacağıq. Amma hakimlərin buraxdıqları səhvlər o qədər çoxdur ki, onları ayrıca yazıda qələmə almağı məqsədəuyğun sayırıq.

Hələ belə cılızlaşmamışdıq

Gəlin, yazının başında ötən mövsümün yekunundan sonra ortaya çıxan vəziyyəti xatırlayaq. “Rəvan” 9-cu, “Xəzər Lənkəran” isə 10-cu yeri tutdu. Əslində bu klublar elitanı “zirzəmi”də yer aldıqları üçün yox, maliyyə probleminə görə tərk etdi. Aydın məsələ idi ki, maddi durumları normal səviyyədə olsaydı, AFFA bu klubları gözdən çıxarmazdı. Həqiqətdə Mübariz Mənsimov üz döndərdiyi üçün “gəmiçilər” dağıldı. Nuru Əliyevə isə elitada klub saxlamaq sərf etmirdi. Bu səbəbdən “Rəvan” 1-ci divizionda candərdi çıxış etdi və sonu da hamıya bəllidir. Aşağı dəstədən heç kimin elitada oynayacaq, lisenziya şərtlərini yerinə yetirəcək səviyyədə imkanı olmadığından acınacaqlı durum yarandı. Belə ki, ilk dəfə ölkə çempionatında 8 komanda mübarizə apardı. Bu, 25 çempionat arasında ən cılızı idi. AFFA bunu faciə saymadı və mayda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini xatırladıb, mövsümü apreldə başa vuracaqlarını və bu səbəbdən 8 iştirakçının olmasının daha doğru olduğunu əsaslandırmağa çalışdı.

İddialılar startdan bəlli oldu

Elə ilk turlardan medala iddialılar öz güclərini ortaya qoydular. Təsadüfi deyil ki, “Qəbələ”, “Qarabağ” və “İnter”in ilk dövrədən topladığı xalların cəmi digər 5 komandanın topladığı xalların cəmindən xeyli çox idi. AZAL bütün rəqiblərindən aşkar geri qaldı. “Təyyarəçilər” ilk dövrədə cəmi 2 xal topladı və 7 oyunda qələbə üzü görmədi. Təbii ki, maliyyə problemləri fonunda son onda yığılan heyətdən bundan artığını gözləmək insafsızlıq olardı. Ötən mövsümün gümüş medalçısı “Zirə” əsl şok yaşadı. Adil Şükürovun komandası üçün 7 oyuna cəmi 7 xalın yığılması müsbət göstərici sayıla bilməzdi. “Kəpəz” də bir o qədər xal topladı. Şahin Diniyevin yetirmələri ilk dövrənin ən “sülhpərvər” komandası kimi diqqət mərkəzinə düşdü. Amma onlardan daha ağır durumda olan bir “flaqman” var idi. Tarixinin ən uğursuz startını alan “Neftçi” yalnız AZAL və “Kəpəz”ə qalib gəlib, qalan 5 oyunda məğlub oldu. Vəli Qasımov baş məşqçi kimi ən ağır məğlubiyyətlərini aldı. Xüsusən “Qəbələ”dən alınan 0:8 hesablı tarixi rəzalət klub tarixinə qara ləkə kimi yazıldı. Elə bu ağır məğlubiyyət Qasımovun “Neftçi” karyerasını sonlandırdı. Onu isə Elxan Abdullayev əvəzlədi. “Sumqayıt” isə tarixinin ən uğurlu startını reallaşdırdı. Samir Abasovun gənclərlə təcrübəlilərin sintezindən qurulmuş komandası üçün ilk dövrədə qazanılan 8 xalı kifayət qədər yüksək göstərici saya bilərik. Başı Avropa Liqasının qrup mərhələsinə qarışan “Qarabağ” ilk dövrəni yumşaq desək, yola verdi. Ağdam klubu əsas rəqiblərinə uduzmaqla yanaşı, “Kəpəz”in öhdəsindən gələ bilmədi. Nəticədə çempion ilk dövrədə hesabına cəmi 12 xal yazaraq ilk “3-lüy”ü qapadı. Rəşad Qasımovun səyləri nəticəsində mehriban kollektivin formalaşdığı “İnter” elə ilk turdan “diş”ini göstərdi. “Qarabağ” üzərində əzmkar qələbə qazanan “bankirlər” növbəti turda çempionluğa daha bir iddialı “Qəbələ”yə boyun əymədi. “Ağ-göylər”in əsas problemi iddialı olmayan rəqiblərlə oyunlarda itirilən xallar idi. Hər halda, ilk dövrəni məğlubiyyətsiz başa vuran Zaur Svanadzenin komandası 2-ci pillədəki mövqeyindən gileylənmirdi. Gələk ilk dövrənin ən yaxşısına. “Qəbələ” çempionata fırtına kimi başladı. İlk dövrədə yalnız “İnter”i məğlub edə bilməyən “qırmızı-qaralar” qalan 6 oyunda maksimum nəticə əldə etdi. Diqqət çəkən digər məqam Roman Qriqorçukun yetirmələrinin ilk dövrədə ardıcıl 5 görüşdə qapısını toxunulmaz saxlaması və rəqibləri 17 dəfə məyus etməsiydi.

Fasiləyə bərabər yollandılar

İkinci dövrədə autsayder daha çox xal topladı. İlk qələbəsini qazanan Tərlan Əhmədovun komandası bu dövrədə 5 xal topladı. Acınacaqlı durum onda idi ki, 70 illik yubileyinə doğru addımlayan “Neftçi” ikinci dövrədə cəmi 3 xal topladı. Elxan Abdullayev baş məşqçi kimi ilk qələbəsini “İnter” üzərində qeyd etməsi də maraqlı məqam idi. “Neftçi”dən danışırıqsa, Katalin Tiranın meydana çıxan azarkeşi vurmasını və klubdan qovulmasını unutmaq olmaz. Bu, “ağ-qaralar” adına növbəti fiasko idi. Yeri gəlmişkən, Zaur Svanadzenin komandası bu dövrədə həddən çox xal itkisiylə üzləşərək mövqeyini itirdi. “Zirə” və “Kəpəz” yenə eyni miqdarda – 8 xal topladı. Bu dəfə “Sumqayıt” daha inamlı təsir bağışladı. Samir Abasovun yetirmələri 9 xal qazanaraq Avroliqaya vəsiqə uğrunda mübarizə aparacağını nümayiş etdirdi. “Qəbələ” ardıcıl 5 “quru” qələbədən sonra arxayınlığın qurbanı oldu. Xüsusən “Sumqayıt” və AZAL-la oyunlarda itirilən xallar “Qarabağ”ın onları haqlamasına yol açdı. Ağdamlılar 2-ci dövrədə yalnız 1 oyunda – “İnter”lə matçda qələbə qazana bilmədi. Ardıcıl 6 zəfərlə “Qəbələ” ilə xallar bərabərləşdi. Ancaq tərəflər arasında “Azərsun Arena”da keçirilən qarşılaşma uzun müddət müzakirə edildi. Çünki Rəhim Həsənovun idarəçiliyi birmənalı qarşılanmadı. “Qəbələ” bu məğlubiyyətə görə təkcə hakimi və Hakimlər Komitəsini yox, həm də PFL və AFFA-nı qınaq obyektinə çevirdi.

“Qəbələ” yenidən təşəbbüsü ələ alsa da...

Qış fasiləsində “Qəbələ” Daniel Subotiç, Araz Abdullayev və Rasim Ramaldanovu, “Qarabağ” isə Ağabala Ramazanovla Elşən Abdullayevi heyətinə qatdı. “İnter” transfer qadağasıyla üzləşdiyi üçün heyətini gücləndirə bilmədi. Əksinə, əsas heyətin 2 üzvünü itirdi. Üstəlik, Beynəlxalq Bankın klubu maliyyələşdirməkdən imtina etməsi ilə maaş problemi də yarandı. Bu da nəticələrə təsirini göstərdi. Yaxşı ki, “İnter” yükünü əvvəldən tutmuşdu. Bu səbəbdən 3-cü yerdən sona kimi qopmadı. Ancaq mövsümün əvvəlindəki heyət qalsaydı və maliyyə durumu sabit olsaydı, Zaur Svanadzenin komandası ən azı gümüş medal uğrunda mübarizəni sona kimi apara bilərdi. “Zirə”də baş məşqçi dəyişikliyi oldu. Adil Şükürovu əvəzedici komandanı çalışdıran Ayxan Abbasov əvəzlədi. Gənc mütəxəssis ilk növbədə kollektivdə ab-havanı düzəltdi, komandaya özünəinamı qazandırdı. Qış fasiləsində edilən transferlər də özünü doğrultdu. Xüsusən Qadze və Latifunun uğurlu oyununu qeyd etmək lazımdı. Ən çox transfer edən klub “Neftçi” oldu. Petrov, Navolovski, Abışov, Seqoviya, Folprext, Dreksa, Erreyra və Barqası transfer edən “flaqman” 3-cü dövrəni pis keçirmədi. “Qarabağ” və “Qəbələ” ilə oyunlarda hakim haqsızlığıyla üzləşən “ağ-qaralar” 10 xal topladı. Bu da ilk 2 dövrəylə müqayisədə yüksək göstərici idi. “Qırmızı-qaralar” 3-cü dövrədə 15 xal topladı. Bölgə təmsilçisinin qışdan sonra yeni problemi ortaya çıxdı: qol vəziyyətlərini sağa-sola xərcləmək. “Sumqayıt” və “Kəpəz”lə heç-heçələri məhz bu problemin ayağına yazmaq lazımdı. Zirədəki məlum qalmaqallı “sülh”ə görə isə Əliyar Ağayev və briqadası məsuliyyət daşıyırdı. Ancaq ümumi götürdükdə vəziyyət nəzarətdə idi. Axı “Qəbələ” yenə evində əsas rəqibinə 2 cavabsız qolla qalib gəldi. “Qarabağ” üçünsə bu dövrəni uğursuz saya bilərik. Komanda həm “Qəbələ”yə, həm də “İnter”ə boyun əydi. “Neftçi” ilə heç-heçə edən ağdamlılar bu dövrədə qalan oyunlarda qələbə qazandı. 3-cü dövrəni “Qəbələ” 2 xal üstünlüklə qapadı. 

...son sözü “Qarabağ” dedi

Sonuncu – 4-cü dövrədə təcrübə sözünü dedi. Belə ki, “Qəbələ” çempionluq təcrübəsi zəngin olan “Qarabağ” kimi soyuqqanlı ola bilmədi. Stress, təzyiq nəticələrə təsir göstərdi. Əvvəlcə “Bakcell Arena”da “Neftçi”yə uduzan Roman Qriqorçukun komandası ardınca aşkar autsayder AZAL-ı məğlub edə bilmədi. 24-cü turda “Zirə” ilə evdəki qarşılaşmada qaçırılan 100 faizli qol vəziyyətləri fonunda əldən gedən qələbə praktiki olaraq çempionluğun da əldən getməsi anlamına gəlirdi. Çünki “Qarabağ” bunadək yetərincə xal yığıb 4 xal fərqiylə irəli çıxmışdı. Son ümid Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”a qalib gəlmək idi. Ancaq “Qəbələ” bunu da bacarmadı. Heç-heçə ağdamlalıların işini lap asanlaşdırdı. Artıq qəbələlilər də bilirdi ki, son 3 turda “Qarabağ”la 4 xallıq fərqi aradan qaldırmaq müşkül məsələdir. Son turlarda qeyri-adi hal baş vermədi və medalçılar gözlənilən ardıcıllıqla sıralandı. Əsas diqqətlər Avroliqaya kimin vəsiqə qazanacağıyla bağlı idi. Yığmanın Almaniya ilə oyunundan sonra “Neftçi” tam bir fiasko yaşadı və mövsümü 7-ci pillədə başa vuraraq təsəllidən - avrokuboka vəsiqədən də məhrum oldu. “Sumqayıt”ın da benzini 4-cü dövrədə tükəndi. Əvəzində “Zirə” və “Kəpəz”in yüksəlişi diqqəti çəkdi. Gəncəlilər evdə rəqibləri üçün məğlubedilməz oldu və ilk “5-liy”i qapadı. Bakılılar isə 7-ci yerdən 4-cü pilləyə yüksələrək Avroliqada oynamaq hüququ qazandı.   

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz