Meydan sahiblərinin devizi: 1:0 olsun, bizim olsun! Layihə

Premyer Liqanın 22-ci turunda qeyri-adi olay baş verdi. Maraqlıdır ki, 4 oyunun hamısında meydan sahibləri 1:0 hesabıyla qalib gəldi. Bu, son 13 ildə ölkə çempionatında yaşanan bir ilkdir. Dördüncü dövrənin ilk turu liderin növbəti dəfə dəyişməsiylə nəticələndi. Yenidən “Qarabağ” hamıya yuxarıdan aşağı baxır.

“Kəpəz” seriyasını davam etdirdi

18-ci turda Gəncədə “Qarabağ”a minimal fərqlə uduzan “Kəpəz” həmin oyundan bəri məğlubiyyət üzü görmür. Şahin Diniyevin yetirmələri ardıcıl 3 heç-heçədən sonra doğma meydanda “Zirə”ni məğlub etdi. Bununla da məğlubiyyətsiz oyunlar seriyası 4 matça çatdı. Meydan sahibləri 5-li müdafiə xəttinə üstünlük vermişdi. Cinahlarda Tural Axundovla Novruz Məmmədov qərarlaşmışdısa, Şəhriyar Rəhimov, Renan və Şəhriyar Əliyev mərkəzdə yer almışdı. Yeganə dayaq yarımmüdafiəçisi Kərim Diniyev idi. Serjinyo və Dario Federiko cinahlardan, Orxan Əliyev isə mərkəzdən Jülien Ebahı topla təchiz etməliydi. Maraqlıdı ki, qonaqlar da eyni taktiki sxemlə mübarizə aparırdı. Təmkin Xəlilzadə və Akim Latifu cinahlarda yer almışdı. Stopper “3-lüy”ü Yovan Krneta, Adil Nağıyev və Sadiq Quliyevdən ibarət idi. Vüqar Mustafayevlə Milan Duriçdə dayaqda qərarlaşmışdı. Sezar Meza Kolli və Amadu Sanqar cinahlardan Riçard Qadzeyə dəstək verirdi. İlk hissəni bütünlüklə “Kəpəz”in hesabına yazmaq olar. Meydan sahiblərinin hesabı açmasına Kamal Bayramov bir neçə dəfə imakn vermədi. Nəhayət, çox saylı cəhdlər ikinci hissədə faydasını verdi və Jülien Ebah hesabı açdı. Bundan sonra nisbətən qonaqlar fəallaşdı. Xüsusən Elvin Məmmədov meydana çıxdıqdan sonra “Zirə” mütəşəkkil hücumlar qurmağa başladı. Ancaq sonrakı dəqiqələrdə qarşılıqlı hücumlar fayda vermədi və “Kəpəz” qələbə həsrətinə son qoydu.

Məşqçi fikirləri

Ayxan Abbasov: “Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Gəncədəki oyunlar hər zaman çətin olur və onlar yerli azarkeşlərin dəstəyinə arxalanaraq yaxşı oyun sərgiləyirlər. İlk hissədə normal futbol nümayiş etdirə bilmədik. İkinci yarıda futbolçulardan daha əzmkar oyun göstərmələri tələb olundu. Baxmayaraq ki, meydan amili bir qədər çətinlik yaradırdı. Ancaq meydanı bəhanə edə bilmərik. Çünki “Kəpəz” də bu meydanda oynayırdı. Bir-iki qol vəziyyəti yaxalasaq da, sonda istədiyimiz alınmadı. Qarşıda bizi hələ çox oyun gözləyir”.

Füzuli Allahverdiyev: “İlk hissədə çox yaxşı oynadıq və rəqib bizə müqavimət göstərməkdə çətinlik çəkirdi. Hava toplarının əksəriyyətində də biz qalib idik. Hesab daha da böyük ola bilərdi”.   

 

“İnter” yenə ümidləndi

Bürünc medalı praktiki olaraq təmin etmiş “İnter” gümüş medala da iddiasını davam etdirir. Düzdür, Zaur Svanadzenin yetirmələri ötən tur “Qəbələ”yə uduzmaqla şanslarını xeyli azaltdı. Əvəzində 22-ci turda “Sumqayıt”a qalib gələrək yenidən ümidlərini cücərtdi. Axı bu tur “Qəbələ” meydandan məğlub ayrıldı. “Sumqayıt”ı “İnter” üçün münasib rəqib saymaq olardı. Çünki ilk 3 dövrədə 2 oyunda bakılılar qalib gəlmiş, bir görüşdə isə heç-heçə qeydə alınmışdı. Svanadzenin komandasında itkilər var idi. Səlahət Ağayev zədəli, Abbas Hüseynov isə xəstə olduğu üçün meydana çıxa bilmirdi. Belədə gürcü mütəxəssis sol cinahı Tərlan Quliyevə həvalə etmişdi. Maraqlıdır ki, Svanadze nədənsə Slavik Alxasovu ehtiyatda saxlamış və stopperi cinahda oynatmışdı. Hər halda, buna görə əcnəbi mütəxəssisi qınaq atəşinə tutmaq olmaz. Axı komandası meydandan qalib ayrıldı. Hətta “Sumqayıt”ın 5-li müdafiə xəttindən yararlanması da məğlubiyyətdən qurtulmaq üçün kifayət etmədi. Robert Prosineçkinin oyun fəlsəfəsinə uyğun gəlməyən Nizami Hacıyev fərqlənərək yenə baş məşqçiyə ismarıc göndərdi. İkinci hissədə Samir Abasov Nicat Muxtarov və Amil Yunanovla hücum xəttini gücləndirsə də, Orxan Sadıqlı qapısını toxunulmaz saxladı. İndi “İnter”i ikinci pillədəki “Qəbələ”dən 7 xal ayırır. Son 6 turda hər şey ola bilər.

Məşqçi fikirləri

Samir Abasov: “Burdan xalla ayrılmaq istəyirdik, alınmadı. İkinci hissə bizim üçün daha yaxşı keçdi. “İnter”ə qolu isə özümüz hədiyyə etdik. Novruz bayramına hələ bir neçə gün qalıb. Ancaq futbolçularımız nədənsə hədiyyə verməyə tələsdi. Bu gün ənənəvi taktiki sxemimizə qayıdıb 5 müdafiəçiylə çıxış etdik. Uşaqlar bu taktikaya öyrəşiblər. “Qarabağ”la oyunda 4 müdafiəçiylə oynamaqla futbolçulara motivasiya vermək istəmişdim ki, mən qorxmuram, siz də qorxmayın. Açığı, qorxduğum başımıza gəlir. Heyət kasadlığı mövsümün sonuna doğru özünü göstərməyə başlayır. Gənc uşaqlardır. Ardıcıl məğlubiyyətlərdən sonra psixoloji böhran dərinləşir. Qarşıda Gəncə səfəri var. Elitada qalmaq vəzifəsinin öhdəsindən gəlmişik. Deməli, turnir cədvəlinə baxmaq lazım deyil”.

Zaur Svanadze: “Meydandan 3 xalla ayrılmaq asan olmadı. Ancaq bunu bacardığımız üçün sevinirik. Xüsusilə ikinci hissədə çətinlik çəkdik. Hesab elə idi ki, uşaqlar top buraxıb üstünlüyü əldən verəcəklərindən ehtiyatlanırdılar və həyəcan istənilən oyunu sərgiləməyə imkan vermirdi. Əsas məqsədimiz avrokuboklara düşməyə imkan verən yerlərdən birini tutmaqdır. Ancaq hələ də irəliləyə biləcəyimizə inam var. Əlbəttə, fövqəladə bir hadisə olsa və turnir cədvəlində irəliləsək, buna sevinərik. Biz sona qədər döyüşəcəyik”.

Ndlovu “Qarabağ”ı zirvəyə daşıdı

Qurban Qurbanov gözlənilən heyəti meydana buraxmış, rəqib üçün hər hansı sürpriz hazırlamamışdı. Ansi Aqolli müdafiənin solunda, İlqar Qurbanov sağında qərarlaşmışdı. Müdafiənin mərkəzi Rəşad Sadıqovla Bədavi Hüseynova tapşırılmışdı. Dayaqda Coşqun Diniyevlə Miçel yer almışdı. Riçard Almeyda oyunqurucusu kimi çıxış edirdi. Muarem Muarem sol cinahdan, Ağabala Ramazanov isə sağdan hücumlara qoşulmalıydı. Sivri ucda Dino Ndlovu məharətini göstərməliydi. Tərlan Əhmədov çempiona qarşı cəsur heyət buraxmışdı. Hər halda, başqaları kimi beşli yox, dördlü müdafiə xəttindən yararlanırdı. Ancaq top rəqibdə olanda komanda şəklində müdafiə olunurdular. Bu da çox vaxt işə yarayırdı. İlk hissədə xüsusən bu plan baş tutdu. Hətta bir neçə dəfə AZAL sürətli əks-hücumda diqqəti çəkdi. Sadəcə, Sadio Tounkara ağlından sürəti kimi istifadə edib, həlledici məqamlarda doğru qərar verə bilmədi. İkinci hissədə meydan sahibləri daha aqressiv oynamağa başladı. Xüsusən Əfran İsmayılov meydana daxil olduqdan sonra sağ cinahdan təzyiq artdı. Bu təzyiqə qonaqlar tab gətirmədi. Ndlovu qarşısına düşən topu “9-luğ”a göndərərək hücumçu kimi keyfiyyətini nümayiş etdirdi. Qoldan sonra da oyun anlayışını dəyişməyən “Qarabağ” hücumları davam etdirirdi. Ancaq Suraxanıda başqa qol olmadı və ağdamlılar yenidən liderliyə yüksəldi.

Məşqçi fikirləri

Tərlan Əhmədov: “Çalışırdıq ki, yaxşı çıxış edək. Finişə yaxınlaşsaq da, kimdənsə çəkinəcəyimiz yoxdur. İlk hissədə daha yaxşı oynadıq. Fasilədən sonra isə müdafiəyə çəkildik. Qol da qarışıqlıqdan vuruldu. Futbolçulara iradım yoxdur. Mübarizə apardılar. Müdafiədə elə bir səhvə yol vermədilər. Ancaq 2-ci hissədə hücumlara sürətli çıxa bilmədik. Əvəzetmələrlə oyunun axarını dəyişmək istəsək də, arzumuza çatmadıq. Ümumilikdə komandadan razı qaldım. Bu gün 1 xal ala, böyük hesabla uduza da bilərdik. Martın 19-da “Qəbələ” ilə oyunumuz var. Vaxtımız çox qısadır. Artıq komandanı həmin görüşə kökləməliyik”.

Qurban Qurbanov: “Gərgin oyun keçdi. Çətin qələbə qazandıq. Futbolçuların oyunundan razı qaldım. Çox səbirli, təmkinli davrandılar. Oyunun sürətinin aşağı olduğunu düşünmürəm. Rəqib 9-10 futbolçuyla müdafiə olunanda tempi yüksəltmək çətin olur. Futbolçularımız uzun müddət idi mövqelərində bu dərəcədə yaxşı çıxış etmirdi. AZAL topla oynamağı bacarır. Bir neçə epizodda sürətli əks-hücuma çıxdılar. Bu komanda istənilən rəqibə qalib gələ bilər. Qarşıdakı oyunlar daha gərgin olacaq. Çünki çempionat sona yaxınlaşır”.

“Neftçi” sindromu qırdı

Bu mövsüm “Qəbələ” 80 yaşlı “qoca”nın kabusuna çevrilmişdi. Bütün oyunlarda “ağ-qaralar”a qalib gələn bölgə təmsilçisinin Masazırdakı tarixi qələbəsi (8:0) uzun illər unudulmayacaq. Ancaq qış fasiləsindən sonra toparlanan “Neftçi” artıq boş komanda olmadığını isbatladı. Rəqibindan daha yaxşı oyun sərgiləyən “ağ-qaralar” layiqli qələbə qazandı. Araz Abdullayevin yerinə heyətə cəlb olunan Namiq Ələsgərov nəyə qadir olduğunu nümayiş etdirdi. Bəstəboy yarımmüdafiəçi başla oynaya bildiyini də isbatladı. Bu qolda Tellur Mütəllimovun mövqe səhvini də qabartmalıyıq. Araz isə sabiq komandasına qarşı varlıq göstərə bilmədi. “Neftçi” ilk “5-lik”də yer almaq iddiasını davam etdirir.

Məşqçi fikirləri

Roman Qriqorçuk: “Gözlədiyimiz kimi ağır oyun oldu. Halbuki belə qarşılaşmalar zəngin qol epizodları ilə yadda qalmır. Lakin bu gün fərqlənmək üçün bir neçə imkanımız oldu. Xüsusilə ilk hissəni qeyd edərdim. Təəssüf ki, şanslardan maksimum yararlana bilmədik. Əsas səbəbi bunda görürəm. Qapımızda elə bir qol gördük ki, gözlərimə inana bilmədim. Mənim komandamda belə səhvlər yolverilməzdir. Cavid Hüseynov istisna olmaqla, başqalarının oyununda eniş hiss etdim. Onlar bu gün daha artığını edə bilərdi. Amma bunu yığmanın oyunu ilə əlaqələndirmək istəməzdim. Yəni buna görə kimisə günahlandırmaq doğru olmaz. Yığmanın formasını geymək hər futbolçu üçün fəxrdir. Mən günahı futbolçuların özündə görürəm. Hesab rəqibin xeyrinə olandan sonra “Neftçi”nin müdafiəçiləri mövqeyindəki yerini tez tuturdu. Bacardıqları qədər ehtiyatlı olmağa çalışırdılar və oyunu əks-hücum üzərində qurmuşdular”.

Elxan Abdullayev: “3 xal hər iki komandaya hava-su kimi lazım idi. “Zirə”yə məğlubiyyətdən sonra növbəti dəfə uduzmaq haqqımız yox idi. “Qəbələ” və “Qarabağ”a qarşı oynamaq daha asandır. Çünki açıq futbol oynayırlar. Elə rəqiblər var ki, bizimlə qarşılaşanda heç-heçə də onları qane edir. “Kəpəz”, AZAL və “Zirə”nin adını çəkə bilərəm. Əsas diqqəti müdafiəyə ayırdıqlarından onlara qalib gəlmək çətin olur. Rəqibdən-rəqibə fərq var. Bu mövsüm 3 dəfə “Qəbələ” bizə qalib gəlmişdi. Bir dəfə də biz udmalıydıq da. Bütün oyunları uduzmamalıyıq ki”.    

Mütəxəssis rəyi

Elçin Cəlilov: “Şübhəsiz ki, turun əsas matçı “Neftçi” – “Qəbələ” oyunu idi. “Neftçi” qış fasiləsindən sonra 4-cü qələbəsini qazandı. “Zirə”yə uduzduqda yenidən eniş olduğunu hiss etdirmişdi. Ancaq “Qəbələ”yə qalib gəlib, bütün şübhələri alt-üst elədi. Çox baxımlı, yaxşı futbol sərgilədi. “Qəbələ”nin “Qarabağ”la çempionluq uğrunda amansız mübarizə apardığı vaxtda qeyri-sabit çıxış etməsi böyük problemlər yaradacaq. “Qarabağ” AZAL-la qarşılaşdı. AZAL Vaqif Sadıqovun vaxtında bu komandaya 6:2 hesabıyla qalib gəlmişdi. Ancaq son 2 mövsümdə bu komandaların oyunlarında sürpriz nəticə qeydə alınmır. Bəlli məsələdir ki, AZAL Premyer Liqanın ən kasıb komandasıdır. Heyət sarıdan aşkar səviyyə fərqi nəzərə çarpır. Oyunda AZAL müdafiədə oturub, əks-hücumda şansını gözləsə də, qapısını toxunulmaz saxlaya bilmədi. Ndlovu hesabı açdı. “Qarabağ” bu oyunda aşkar üstün idi. “İnter” – “Sumqayıt” oyununun nəticəsi də sürpriz olmadı. Samir Abasovun komandasının özünəməxsus oyun sistemi var. Gənclərdən qurulan heyət bu templə davam etsə, böyük inkişaf əldə edəcək. “İnter” isə avrokuboklara düşmək uğrunda mübarizəsini davam etdirir. Gəncədəki matça gəlincə, “Zirə” yüksəlişdə idi və ötən tur “Neftçi”yə möhtəşəm futbol sərgiləyərək qalib gəlmişdi. Müdafiədən hücuma yaxşı çıxırdı. “Kəpəz” evində çox vacib qələbə qazandı. “Kəpəz” bu qələbə sayəsində avrokuboka düşmək şansını cüzi də olsa artırdı. Yəqin ki, bu nəticədən sonra Şahin Diniyevə qarşı radikal mövqe tutan bir qisim gəncəli azarkeş də nisbətən liberallaşar”.     

Haşiyə

“Qarabağ” – AZAL oyunu ərəfəsində bir məsələ daha çox müzakirə olundu. Bu da “Qarabağ”ın tərcüməçisi Əfqan Xəlillinin sosial şəbəkədə PAOK-la Salonikidəki oyundan əvvəl keçirilən mətbuat konfransında Miçellə çəkilən şəklini paylaşıb, “növbəti axmaq sualı dinləyərkən mən” sözlərini əlavə etməsi üzərində yaranmış ajiotaj idi. Bəzi həmkarlarımız buna kəskin reaksiya verdi. Bununla Əfqanın jurnalistləri təhqir etdiyini iddia etdilər. Halbuki Xəlilli heç kimi təhqir etməmişdi. Hər hansı bir şəxsin axmaq sual verməsi, axmaq hərəkət etməsi onun hələ axmaq olmağı anlamına gəlmir. Buna qara güruhçu reaksiya vermək savadlı təbəqəyə yaraşmır. Nəticə nə oldu? Savadlı bir kadr layiq olduğu işdən məhrum oldu. Bunu hətta onu işindən azad edən verən Qurban Qurbanov da etiraf etmişdi. Əfqan həqiqətən işini bacaran bir şəxs idi. İndi onu işdən çıxartdınız. Di rahat olun! Okey?!

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right