Ölkə kubokunda yarımfinalçılar müəyyənləşir: İkisi gərgin, ikisi formal Layihə

Bu gün ölkə kubokunda ¼ final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutacaq.

 

“Kəpəz” bacaracaq?

“Kəpəz” - “İnter”

    İlk oyun - 0:2

Günün ilk oyunu Gəncədə keçiriləcək. Yerli “Kəpəz” komandası paytaxtın “İnter” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk oyunda məğlub olan Gəncə təmsilçisinin işi heç də asan olmayacaq. Ölkə kubokunda ilk dəfə rəqib olan komandaların birinci duelində “bankirlər” sərfəli nəticə əldə etməyi bacarıb – 2:0. Şahin Diniyevin komandasının səfərdə qol vura bilməməsi bu oyunda onların işini çətinləşdirən amillərdəndir. Müdafiə xəttində səliqəli oyunu ilə seçilən “İnter”ə qol buraxmadan 2 və daha çox top vurmaq üçün əyalət klubu xeyli tər tökməli olacaq.

Formal xarakter daşıyan oyun

 “Sumqayıt” - “Qarabağ”

     İlk oyun - 0:6

“Sumqayıt” – “Qarabağ” matçının taleyinə ilk oyunda aydınlıq gəlmişdi. Qurban Qurbanovun kollektivi rəqibini 6 dəfə meydanın mərkəzinə dəvət edərək yarımfinalın açarını cibinə qoymağa müvəffəq olmuşdu. İlk oyunda Ağdam klubunun qarşısında aciz qalan “kimyaçılar” bu qarşılaşmada ən azı təsəlliverici qələbəyə sevinə bilər.

Kubok matçlarında 4 dəfə qarşılaşan komandaların duellərində “Qarabağ” bütün oyunlarda sevinən tərəf olub. Top fərqi də “atılar”ın xeyrinədir: 16-1.

Şüvəlanda gərgin oyun

AZAL - “Qəbələ”

  İlk oyun - 1:2

Günün maraq doğuran qarşılaşması AZAl və “Qəbələ” klubları arasında baş tutacaq. İlk oyunda 2:1 hesablı çətin qələbə qazanan “qırmızı-qaralar” cavab qarşılaşmasında üstünlüyü qorumağa çalışacaq. Premyer Liqanın son turunda “Neftçi”ni məğlub edərək cari mövsümdə ölkə çempionatında ilk qalibiyyətini əldə edən Tərlan Əhmədovun komandasında əhval-ruhiyyənin yaxşı olduğunu söyləmək olar. Nəzərinizə çatdırmaq lazımdır ki, əyalət təmsilçisinin Premyer Liqada keçirilən oyunlar çərçivəsində Şüvəlana bu mövsüm etdiyi səfəri xal itkisiylə nəticələnmişdi – 0:0. 

Bu kollektivlər 3-cü dəfə kubokda rəqibdirlər. Komandaların əvvəlki iki dueldə 4 qarşılaşma baş tutub. Hər komanda 1 dəfə mərhələ keçməyi bacarıb. Topların fərqi “Qəbələ”nin xeyrinədir: 5-4. 3-cü dueldə hansı tərəfin mərhələ adlayacağına bu gün “AZAL Arena”da aydınlıq gələcək.

“Zirə” möcüzəni reallaşdıra biləcəkmi?

“Neftçi” - “Zirə”
   İlk oyun - 3:0

Ölkə kubokunda ilk dəfə rəqib olan komandaların duelində “Neftçi” “Zirə”ni mübarizədən kənarlaşdırmağa çox yaxındır. “Ağ-qaralar” ilk oyunda səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Böyük üstünlüyə sahib olan Elxan Abdullayevin komandasının üstünülyünü əldən verəcəyi inandırıcı görünmür. Həmçinin “Zirə”nin də möcüzəni reallaşdıracağına.

newsport.az

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right