Divizionu cənginə alan bəlanın qurbanları: Aşağı dəstəni necə xilas edək? Layihə

Ötən həftə futbolumuzun əsas gündəmi 1-ci divizionda danışılmış oyunlarla bağlı ittiham edilən futbolçular idi. AFFA birdən-birə 22 futbolçunu, bir klub inzibatçısını və bir hakimi danışılmış oyunlarda ittiham etdi. Əslində hələ ötən mövsümdən mətbuat aşağı dəstədə fırıldaqçıların bu yolla qeyri-leqal gəlir əldə etdiyini yazırdı. Özü də davamlı surətdə. Xüsusən də aşağı pillələrdə qərarlaşan komandaların “alver”lə məşğul olduğu vurğulanırdı. Ancaq Peşəkar Futbol Liqasının (PFL) prezidenti hər dəfə əllərində sübut olmadığını və bu səbəbdən də heç kimi cəzalandıra bilmədiklərini söyləyirdi. Amma bu dəfə əməli addım atıldı. Bunda UEFA-nın böyük rolu oldu. Məhz bu qurumun göndərdiyi videolar əsasında AFFA siyahı müəyyənləşdirdi.

İttiham olunanlar kimlərdir?

“Şahdağ”ın 5 futbolçusu “qara siyahı”ya düşüb. Bunlar Kamran Ağakərimov, İqrar Səmədov, Tofiq Şəfiyev, Mahiddin Ağamov və Faiq Ağarəhimovdur. Həmçinin Qusar klubunun inzibatçısı Rafael Kübərov da şübhəlilər sırasındadır. Bu baxımdan “Rəvan” liderlik edir. Onsuz da FİFA-nın cəzalarla zəlil etdiyi kluba daha bir zərbə 7 futbolçusundan gəlib. Belə ki, Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Elvin Əliyev, Omid Masumi, Fərid Quliyev və Cəmşid Məhərrəmov danışılmış oyunlarda ittiham olunur. “Bakılı”dan Bəhram Bəhramzadə və Xəzər Qəribov, “Göyəzən”dən Arzuman Vəliyev, Orxan Əsgərov, Tunar Şahtaxtinski, “Energetik”dən Elvin Əlizadə, Kamran Lalayev, Orxan Əlibalayev, “Şərurspor”dan Mehdi Rəsulov və Samir Musayev “qara siyahı”dadır. Hakimlərdən isə Anar Niyazovun mərc kontorlarına işlədiyi güman edilir. Göründüyü kimi, 1-ci divizionun 6 klubunun futbolçuları şübhəli bilinir. “Turan Tovuz”, “Zaqatala”, “Səbail”, “Ağsu”, “Şəmkir”, “Mil-Muğan”, MOİK və “Qaradağ-Lökbatan” bu siyahıdan yan keçib. Məlumatda qeyd olunur ki, UEFA-dan və digər mənbələrdən 1-ci divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılıb. Komissiyanın qərarına əsasən bu işdə şübhəli bilinən şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq. Ancaq məlumatda araşdırmaların nə zaman yekunlaşacağı vurğulanmayıb.

Bəs “akulalar”...

Təbii ki, futbolçular ittihamları yaxına buraxmır. Onlar heç bir danışılmış oyunun iştirakçısı olmadıqlarını iddia edirlər. Hətta Cəmşid Məhərrəmov maraqlı fikir səsləndirib: “Tora düşən kilkələr oldu, akulalar isə kənarda qaldı”. Təcrübəli futbolçunun nəyi nəzərdə tutduğu gün kimi aydındır. Yəni bu cür məsələləri yuxarı müstəvidə həll edən klub rəsmiləri sudan quru çıxdı. Əslində Məhərrəmov tam haqlıdır. Ola bilməz ki, bu qədər futbolçunun danışılmış oyunlarda əli olsun, ancaq rəhbər şəxslərin xəbəri olmasın. Bu, Azərbaycan kimi bir ölkədə qeyri-mümkündür. Burda bəzi məşqçiləri və klub rəhbərlərini də ciddi yoxlamaq lazımdır. Digər tərəfdən bir çox futbolçusu “alver”də ittiham olunan klublar birbaşa cəzalandırılmalıdır. Ya hesablarından xallar silinməli, ya şübhəli oyunlara görə texniki məğlubiyyətlər verilməlidir. Hətta başqalarına görk olsun deyə ən ağır cəzaya – çempionatdan uzaqlaşdırmaya da əl atmaq olar. Bu məsələdə kimsənin gözünün yaşına baxmaq olmaz. Haqq-ədalət bərpa olunmalı, divizion çirkin oyunlardan təmizlənməlidir. Amma...

AFFA bir az tələsdi

Yaxşı olardı ki, qurum İK-nın son qərarını gözləyəydi. Yəni araşdırmalar başa çatdıqdan sonra oyun alqı-satqısında fiqur olmuş şəxslərin adları açıqlanardı. Əgər sırf UEFA-dan gələn videolar, yəni divizion oyunlarında buraxılan kobud səhvlərə görə 22 futbolçu ittiham edilirsə, bu, doğru yanaşma sayıla bilməz. Sabah onlardan biri və ya bir neçəsi təmizə çıxsa belə onun adına vurulmuş ləkəni, imicinə endirilmiş zərbəni kim təmizləyəcək? Məsəl var, adın çıxınca canın çıxsa yaxşıdır. Bu məsələdə də belədir. Bu siyahıda elə futbolçular var ki, onların çirkli işlərlə məşğul olması inandırıcı görünmür. Bəlkə də AFFA sırf futbolçulara yüklənib ki, bu məsələnin aşağı müstəvidə qurbanlar verməklə yatışdırsın. Əgər belədisə, bu futbolçuların ahını kim götürəcək? Sırf hansısa epizodda kobud səhvə yol verib deyə “alver”lə məşğul olmuş sayılır? Belə yanaşma peşəkarlıqdan uzaqdır. Görək İK hansı qərarı verəcək.

Problemi necə həll edək?

İdmanda dopinq necə bir xəstəlikdirsə, futbolda da danışılmış, “fırladılmış” oyunlar bir o dərəcədə mərəzdir. Bir çoxları hətta iddia edir ki, dünya futbolunda 50 faizdən artıq görüşlərin nəticələri öncədən müəyyənləşdirilir. Əlbəttə, bu fərziyyədir və əldə tutarlı fakt yoxdur. Amma danışılmış qarşılaşmaların həddən artıq çox olduğunu, kontorların bu yolla milyonlar qazandığını hamımız bilirik. “Yuventus” boşuna A seriyasından uzaqlaşdırılmamışdı ki. Xüsusən çirkin oyunlar diqqətdən uzaqda qalan çempionatlarda, əsasən aşağı divizionlarda çoxluq təşkil edir. Çünki nəzərdən uzaq matçı “fırlatmaq” daha asan başa gəlir və onu tutmaq çətin olur. Bizim divizion da istisna deyil. Amma bu problemi tədricən yoluna qoymaq olar. “CBC Sport” ara-sıra aşağı dəstənin oyunlarını yayımlayır. Yaxşı olardı ki, telekanal bu çempionata daha çox diqqət ayırsın. Hər tur 1-2 oyun mavi ekranlarda nümayiş etdirilsin. Mətbuat da aşağı dəstəyə diqqəti ayırsın. Oyunlara reportyor göndərsinlər, matçı geniş işıqlandırsınlar. Belə olan halda nöqsanları daha tez aşkarlamaq olar. Fırıldaqçılar görəndə ki ictimaiyyət bu sahəyə ciddi diqqət ayırır, özlərini “yandırmamaq” üçün çirkli oyunlardan əl çəkəcək.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right