Millimizin baş məşqçisi: "Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu" Müsahibə

Xəbər verdiyimiz kimi, gələn ay Bakıda Türk Universiadası keçiriləcək ki, oyunların proqramına daxil edilən idman növlərindən biri də futzaldı.

 

Newsport.az xəbər verir ki, Türkiyə, Qazaxıstan və Qırğızıstanla qalib adı uğrunda mübarizə aparacaq millimiz bu gündən etibarən hazırlığa başlayıb. Komandanı yarışa millimizin baş məşqçi Joze Alesio da Silva və köməkçi-məşqçi Namiq Quliyev hazırlayacaq. Braziliyalı mütəxəssis hazırlıq planı ilə bağlı AFF-nin rəsmi səhifəsinə açıqlama verib:

 

“Məşqlərə bu gün başlamışıq. İlkin heyətimiz də məlumdu. Düzdü, yekunda bizə 10 oyunçu və 2 qapıçı lazımdı. Amma heyətə 18 futzalçı dəvət etmişik. İndiki məqamda toplanış həm də seleksiya xarakteri daşıyır. Vaxtımız çox azdı. Bir qədər əvvəldən toplanışa başlamaq istərdik, amma bayramlar buna imkan vermədi. Çalışacağıq qarşıdakı günlərdən maksimum istifadə edək”.

 

Rəqiblərimiz məlumdu. Türkiyə və Qırğızıstanı deyə bilmərəm, amma Qazaxıstanı yaxşı tanıyırsınız və potensialına bələdsiniz. Bu turnirdə millimizin şanslarını necə dəyərləndirirsiniz sualına braziliyalı mütəxəssisin cavabı bu cür oldu: “Çox çətin olacaq. Türkiyə və Qırğızıstan haqda məlumat toplayacağıq. Ancaq Qazaxıstanla matçın çox çətin keçəcəyi danılmazdı. Çünki onlar gənc futzalçılarınn yetişdirilməsi işinə çoxdan başlayıblar. 17-18 yaşlı oyunçular artıq “Kayrat”, “Ayat”, “Aktobe”, “Jetısu” kimi komandaların üzvləridir. Yəni qazaxlar işə əvvəldən başlayıblar və əllərinin altında müəyyən qədər hazır gənc futzalçılar var. Qazaxıstanda 2-3 ildi gənclər komandaları yaradılıb. Bura 17-21 yaşlı futzalçılar cəlb edilib. Bu da məşqçi üçün geniş seçim imkanı yaradır”. 

 

Açıqladığınız heyətdə yer alan futzalçıların əksəriyyəti Yüksək Liqada çıxış edən oyunçulardı. Belədə şikayət etməyə bu qədər əsas varmı? “Komanda ilə bağlı müəyyən planlarım, düşüncəm var. Bu yarışa ciddi hazırlaşacağıq. Çünki komandanın məqsədi maksimum nəticə əldə etməkdir. Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu. Məşqlərdə müəyyən tapşırıqlar üzərində işləyəcəyik. Düzdü, hazırlıq keçdiyimiz müddətdə çempionat oyunları da keçiriləcək.. Ancaq bunun işimizə mane olmayacağına inanıram”.

 

Joze Alesion da Silva Birinci Liqada çıxış edən 17 yaşadək futzalçılardan ibarət Azərbaycan millisini nəzarətdə saxladığını qeyd etməklə yanaşı, bu yarışa o komandadan oyunçu dəvət etməməsinin səbəbini də açıqlayıb: “O komandada perspektivli uşaqlar var. Ancaq onların əksəriyyəti əvvəllər futbol oynayıblar. İndi-indi futzal oynamaq istəyirlər. Futbolla futzal isə fərqli idman oyunudu. Meydançadan tutmuş topa, oyun fəlsəfəsinə qədər bir-birindən fərqlənir. Ona görə də gənclər üzərlərində çox işləməlidirlər. Bu komandanın oyunlarını mümkün qədər izləyirəm, ehtiyac duyulduqda məsləhətlər verirəm. Hər dəfə də deyirəm ki, çalışın özünüzü inkişaf etdirəsiniz. Bunun üçün də çoxlu məşqlər etmək, məşqçilərin dediklərini qavramaq və onu tətbiq etməyə çalışmaq vacibdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right