Qurban Qurbanov: "VAR sisteminin olması bizim üçün əlavə yükdü"

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" matçından öncə ev sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis sabah Macarıstan çempionuna qarşı keçiriləcək oyunla bağlı danışıb:

- Yaxşı komandaya qarşı oynayırıq. Rəqibin çox yaxşı, çox təcrübəli, Rusiya futbolunda öndə gedən simalardan olan baş məşqçisi var. Həm futbolçu, həm də baş məşqçi kimi geniş karyerası var. Bu komandaya qarşı çox diqqətli olmalyııq, çox yaxşı hücum potensialı, çox yaxşı müdafiə xətti var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Sabah meydanda ən yaxşısını etməyə çalışacağıq. Futbolçuların üzərinə çox böyük iş düşəcək. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Sabah ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

- Oyun ətrafında sanki süni ajiotaj və daha çox Qurbanov – Çerçesov mübarizəsi ab-havası yaradılır. Bu, üzərinizdə əlavə təzyiq yaratmır?
- Bu günlərdə mətbuatdan uzaq olmağa çlışmışam. İlk günlərdən çox fikir bildirildi. Ümumən, buna normal baxıram. Hərtəfərli maraqlı qarşılaşmadır. Məndə heç bir həyəcan, təzyiq yoxdur. Yaxşı komandalara, məşqçilərə qarşı oynamaq mənim üçün maraqlı olur. Potensialımı artırmaq, təcrübə toplamaq üçün bu, yaxşıdır. Fərqli oyun üslubu olan məşqçiyə qarşı oynamaq maraqlıdır və bu da gələcəkdə işimin daha da yaxşılaşmasına səbəb olacaq.

- Komandada hazırda üç ciddi itki var. Daha böyük itkilərinin olmaması üçün çempionat oyunu təxirə salınacaq?

- Müraciət etmədik. Sağolsunlar, federasiyadan bizimlə maraqlandılar ki, beləı fikriniz varmı? Biz təşəkkür etdik və dedik, hələ ki, belə fikrimiz yoxdu. Digər futbolçularımız da var, istəyirik, onların da oyun təcrübəsi daha da yaxşılaşsın. Çünki futbolçuların daha yaxşı idman formasında olması tələb olunur. İtkilərimiz var. Amma futbol mübarizədi, belə oyundu. Çempionlar Liqasının adı böyükdü, digər turnirlərdən daha çox enerji itirirsən, daha çox emosialar olur. Hələ ki, belə fikrimiz yoxdu.

- Pley-offdakı potensial rəqiblər də bəllidi. Demək olar ki, ən güclü rəqib "Ferentsvaroş"du. Belədi?

- İlk oyunda demişdim ki, sanki ən yaxşıları gəlir. Bu gün bura qədər gəlib çıxıbsa, özü də böyük üstünlüklə gəlib çıxıbsa, hazırda "Ferentsvaroş" daha yaxşı idman formasındadı. Bu mərəhləni kim keçəcəksə, həmin günlərdə həmin komanda daha yaxşı olacaq. Hər ölkənin öz çempionu oynayır. Əlbəttə ki, biz ümumi çempionatları nəzərə ala bilərik. Rəqiblərin çempionatları bizim çempionatlardan daha üstündü. Bizim də təcrübəmiz var. Əlimizə şans düşüb, maksimum yararlanmaq istəyirik. Nə qədər alındıracağıq, deyə bilmərəm. Hər bir halda birini digərindən üstün saymazdım. Balanslı komandaya qarşı oynayacağıq. Hücum və müdafiə xətti keyfiyyətli oyunçulardan yığılmış komandadı. Biz bura kimi gəlmişiksə, bizim də gücümüz də bir o qədər az deyil.

- Sabahkı oyunda VAR sistemi tətbiq olunacaq. Bu barədə fikriniz necədi?

- Bizim üçün oyunda bir neçə detal varsa, ona oyunda əməl etməyə çalışacağıq. VAR sisteminin olması bizim üçün əlavə yükdü.  Elə epizod var ki, VAR olmasa, həmin epizoda bir o qədər diqqət yetirilmir. Amma bu sistem işləyəndə, heç bir epizod gözdən qaçmır. Futbolçulara hər epizodda əlavə yük düşəcək. Cərimə meydançasında, rəqib meydanında da diqqətli olmalıdılar. Futbolçular üçün ilk oyunda əlavə yükləmə olacaq. Amma get-gedə faydası daha çox görünəcək. İstəmərəm ki, hər hansı komanda nəyinsə acısını çəksin. Hər bir halda buna sevinirəm. İnşallah ədalətli qərarlar olar. Hətta VAR sistemində belə, üst-üstə düşməyən fikirlər yaranır. Bizim üçün maraqlı olacaq. Amma istəməzdim ki, VAR-la bağlı nəyisə müzakirə edək. Bu da futbolun əlavələrindən biridi. Hər il futbolda yeniliklər olur. İnanırıq ki, ədalət öz yerini tapacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right