"Məşqçi Sadlqovla futbolçu Sadıqov arasında elə bir fərq görmürəm" Ağabala Ramazanov

Newsport.az-ın məlumatına görə, öncə baş məşqçi Zaur Həşimovla yollar ayrıldı, onun yerinə Rəşad Sadıqov təyin olundu.

Büdcəsi azaldığı deyilən “Zirə”dən Ağabala Ramazanovun da gedəcəyi söylənilirdi. Düzdü, bəstəboyun müqavilə müddəti davam edirdi. Sadəcə, maliyyənin aşağı düşməsi Ağabalanın planlarına qətiyyən daxil deyildi.

- “Zirə”nin Avroliqaya vəsiqə qazana bilməməsi sənə necə təsir etdi?
- Necə təsir etdi deyəndə ki, sonluğun belə alınmasının günahını özümüzdə görməliyik. Açıq danışmaq lazımdı, öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq. Bəzi oyunlarda itirdiyimiz vacib xallar bizi çətin duruma saldı. Ona görə də düşdüyümüz vəziyyətlə barışmalıyıq.

- Zaur Həşimovun “Zirə”dən ayrılması çoxları üçün gözlənilməz oldu. Sənin üçün də?
- İlk növbədə Zaur Həşimovu yaxından tanıdığım üçün şad olduğumu deməliyəm. Həqiqətən gözəl, nümunəvi xarakterə sahib biridi. Rəhbərliklə nə danışdıqlarını, aralarında hansı nöqtədə fikir ayrılığı yaşandığını bilmirəm. Bu mövzuda nəsə demək çətindi. Yəqin ki, hər iki tərəfin bildiyi nəsə olub. Yenə deyirəm, mənim üçün olduqca gözəl insan idi.

- Komandada köklü dəyişikliklər müşahidə olunmaqdadı. Bu qədər yeniliklərdən sonra qısa müddətdə yeni kollektivin formalaşması çətin olmayacaq?
- Düz qeyd edirsiz, vaxtımız azdı. Dəyişikliklər bütün komandalarda olur və zamanla hər şey yoluna qoyulur. Sadəcə, bu dəfə vaxtımız çox azdı. Deyilənə görə, avqustun ortalarında yeni mövsüm başlayacaq. Bu isə bir aydan az vaxt deməkdi. Ümid edirəm ki, qısa müddətdə də olsa, yaxşı kollektiv formalaşacaq. Əsas istəkdi, istək olandan sonra qalan məsələlər həllini tapır.

- Cari mövsümdə qarşınıza konkret hədəf qoyulub?
- Açığı, nə klub rəhbərliyi, nə də baş məşqçi bizimlə hədəf barədə söhbət edib. Hər bir iş pillə-pillə olur. Hazırda qarşımızda duran əsas məsələ mehriban və döyüşkən kollektiv yaratmaqdı. Bunu edəndən sonra gələcəkdə hədəf barədə danışmaq olar. Futbolda ailə mühiti, mehribanlıq olduqca önəmlidi.

- Müsahibələrində legioner həyatı yaşamaqda maraqlı olduğunu deyirsən. Bu dəfə də Azərbaycanda qaldın. Nə mane oldu?
- Legioner həyatı yaşamaqda maraqlı olduğumu həmişə demişəm, yenə həmin niyyətdəyəm. Amma bunun üçün gedib kiminsə qapısını döyə bilmərəm. Dəvət, təklif olmalıdı ki, gedə bilim. Budəfəki fasilə dönəmində heç bir əcnəbi klubdan təklif almadım. Pandemiya dünyanın hər yerində futbol planlarına təsir edib. Ona görə də harasa gedəcəyim inandırıcı görünmürdü. Gələcəkdə belə bir variant olsa, dəyərləndirməyə çalışacam.

- Karyeranın “Səbail” bölümü sənin üçün uğurlu alındı. Qolları sıraladın, özünü yaxşı tərəfdən göstərdin. Həmin “Səbail” bu gün çətin günlərini yaşayır. Ürəyin ağrıyır?
- Əlbəttə, bu mənzərəni görmək çoxları kimi, mənə də xoş deyil. Amma durumun belə davam edəcəyinə qətiyyən inanmıram. İnşallah, çətinliklər ən qısa zamanda geridə qalar və yenidən əvvəlki “Səbail”i görərik. Bir də ki, bu dəqiqə çətinlik təkcə “Səbail”də yox, hər yerdə var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right