Onun peşəkar yolu... (PORTRET)

“...47 yaşlı mütəxəssis “atlılar”ı ilk dəfə 9 avqust 2008-ci ildə meydana çıxarıb.  Komanda həmin oyunda “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib”.

Bu günün xəbəri bu idi. Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisi –  Qurban Qurbanovun... Və mütləq yanında qeyd etməliyəm; həm də futbolumuzun ən xarizmatik insanı.

“Qarabağ”adək “İnter”də idman direktoru, “Neftçi”də baş məşqçi olmuşdu. Böyük yolun başlanğıcı qısa ağ-qara zolaqdan başlamışdı...

Qurbanov məşqçi kimi gözümüzün qarşısında böyüdü. Böyüdü!

Bir insanın işgüzar obrazında  necə radikal transformasiya etməsinin ən xoşagələn nümunəsi... Qurbanov heç altı ay əvvəlki biri deyil, nəinki “Qarabağ”da yeni başlayan... O, daim inkişafdadır, axtarışdadır. Mükəmməl və həssas müşahidəsi var. 

Zahirən qapanıq biri kimi görünsə də, çox həssas və yaradıcı təfəkkürə sahibdir. O, özünü yenidən formalaşdırıb və bunu mükəmməl bacarıb.

Biz futbolçu Qurbanovla məşqçi Qurbanovun arasında çox böyük xarakter fərqləri görə bilərik. Lakin bu iki obraz arasında bir ortaq nöqtə var – sistemlilik və zəhmət. O, mütləq planlıdır, tədbirlidir və başladığı yolun onu hara aparacağını dəqiq bilir.

Qurbanovu çox sezmişəm. Mənimçün maraqlı personajdır deyə, hər danışığna, işdə və işsonrasındakı kimliyini həssaslıqla müşahidə etmişəm. Vahid bir Qurbanov obrazı var – bütün hallarda onu müşaiyət  edir – mükəmməl tədbirlidir və peşəkarlığı heç bir subyektivə qurban verməz.

Futbolumuzun içində nadirən şəxsi xarakteri ilə işgüzar obrazı uyğunlaşan adamlardandı və Qurbanovun bu sıranın önündə durduğunu vurğulamaq olar.

O, zəhmətin və dəqiqliyin hədər getmədiyinin bariz nümunəsidir. Nə qədər parlayan nüfuzuna zədə yetirməyə cəhd edilsə də, o, yeni məşqçilik dalğasının falqmanıdır və artıq  tarixdə iz qoyub.  

Bu/belə mətnlə Qurbanovun xarakterini tam, heç qismən də açmaq mümkün deyil. Bu, sadəcə, bugün Qurbanovun “Qarabağ”a baş məşqçi kimi gəlişinin 11 illiyinin tamamına ekspromt həsr edilmiş subyektivlərdən ibarət səmimi bir mətndir.

Qoy bu portret mətn Qurbanovun mənliyinə, şəxsi keyfiyyətlərinə hədiyyə olsun. Hər nə olsa da – radikal, subyektiv, hətta yanlış qeydlər olsa belə, heç vaxt mimikasını belə dəyişməyən bir Qurbanov gördüm bu illərdə. Hər bir jurnalistə ayrıca hörməti, şəxsiyyət kimi yanaşması onu üstün etdi, fərqləndirdi. Və ən əsası, ona ünvanlanan hər bir suala  keyfiyyətindən asılı olmayaraq, ciddi yanaşması və tam cavablaması... saya biləcəyim çox sayda müsbət keyfiyyətlərinə, əvəzsiz mənəvi keyfiyyətlərinə hədiyyə olsun. Qurbanovun adıyla bağlı olan yeni məşqçilər dalğasının ölkə hüdudlarını aşması, futbolumuzda layiqli yerlərə gəlməsi arzusuyla. “Qarabağ”lıların tərzində desək, uğurlar, hoca!

Elçin Cəlilov/futbolpress.az

 

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah