"Bakıda daha təhlükəli "silahlarımız" olacaq"

"Partizani"nin baş direktoru Olsi Rama yerli mətbuata müsahibəsində Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirilən ilk oyunu dəyərləndirib. Newsport.az saytı xəbər verir ki, Tiranada 0:0 hesabı ilə nəticələnən qarşılaşma barədə fikirlərini bölüşən klub rəsmisi növbəti mərhələni hədəflədiklərini vurğulayıb.

- Rəqib necə göründü?

- "Qarabağ" kağız üzərində bizdən güclüdü. Onlar bizdən 3 dəfə bahalı komandadı. Meydançada ürəklə və xarakterlə mübarizə aparmaq lazımdı. Fəxr edirəm ki, "Partizani"nin futbolçuları bu cür çıxış etdilər. "Qarabağ"ın öz keyfiyyətləri var, onların futbolçuları uzun müddətdi bir yerdə oynayırlar. Bu, ciddi üstünlükdü. 90 dəqiqə ərzində gördüklərimə əsasən deyə bilərəm ki, onlar topa daha çox sahib olurlar. Ancaq bizim də kifayət qədər qol şanslarımız yarandı.

- Qol epizodlarında hansı hissləri keçirdiniz?

- Oyunu sakit tərzdə izləməyə çalışdım. Hədəfdən çox komandanın meydanda özünü necə aparması önəmli idi. Futbolçuların fədakarlıqları, məşqçinin tapşırıqlarına əməl etmək istəkləri nəticəsində ikinci hissədə oyunun səviyyəsini yüksəltdilər. Xətlər arasında məsafəni yaxşı qorudular. Uşaqların meydandakı mübarizəsi nəticəyə uyğun oldu. Bir qol tortun üzərindəki albalı qədər gözəl olardı. Ancaq cütlükdə suallar hələ açıq qalır. Qarşıda daha 90 dəqiqə var.

- "Partizani"nin növbəti mərhələ şansı nə qədərdi?

- Böyük sürpriz üçün böyük zəhmət çəkmək lazımdı. Fikrimcə, bu, baş məşqçinin ilk matç üçün qurduğu sistem idi. Bu oyunda lazım olan cavabları aldıq və performansımızı artırmaq üçün bir həftəmiz var. Qarşıda daha bir oyun bizi gözləyir. Ümid edirəm ki, bu bir həftəlik məşq Braun, Solomon və Broyeni tanımaq baxımından kifayət edəcək. Bir həftəlik hazırlıq bizə kömək edəcək və səfərdə rəqibi təhdid etmək üçün daha təhlükəli "silahlarımız" olacaq.

- Bir il əvvəl "Qarabağ"a yenilən "Kukesi"dən fərqli iş ortaya qoyacağınıza inanırsınız?

- Mən rəqiblərimizə baxmıram. Oyuna gedəcək, "Partizani"ni şərəfli şəkildə təmsil edəcəyik. Necə olacağını birlikdə görəcəyik.

- Lorents Traşi ehtiyatda qalmışdı. Onunla bağlı problem var?

- Mən Traşini futbolçu kimi çox sevirəm. O, "Partizani"yə əlavə keyfiyyət gətirib. Heç bir problem yoxdu. O, məşqçinin oyun sxeminə daha çox köməklik göstərəcək futbolçudu. Baş məşqçi rəqibə uyğun olaraq Esin Hakaya şans verdi. Çünki onun müdafiə keyfiyyətləri lazım idi. Traşi oyundan sonra baş məşqçiyə yaxınlaşıb onu qucaqladı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah