"Neftçi"nin məşqçisi kateqoriya almaq üçün bankdan kredit götürüb

Vaxtilə top dalınca qaçanların böyük əksəriyyətinin niyyəti məşqçilik kateqoriyasına sahib olub özlərini yeni peşədə sınamaqdı.

Newsport.az-ın məlumatına görə, yaxın keçmişdə yığmanın şərəfini qoruyanların çoxu lisenziyaya sahib olsa da, bəziləri “kəsilə-kəsilə” gedir.

Onlardan biri də vaxtilə “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi komandaların şərəfini qorumuş, yığmada 19 oyun keçirmiş Ədəhim Niftəliyevdi. 

Əldə etdiyimiz bilgiyə görə, hazırda “Neftçi”nin uşaq komandalarının birində məşqçi işləyən Niftəliyev bankdan 1500 manat kredit götürüb kateqoriyaya sahib olmaq istədə də, arzusu növbəti dəfə gözündə qalıb.

Mütəxəssislər sabiq müdafiəçinin bacarığının yetərli olmadığını, ona bəxtini növbəti dəfə sınamalı olduğunu deyiblər. Xəbər maraqlı olduğundan səbəbkarla əlaqə saxlamağı vacib bildik.

- Hansı kateqoriyaya sahibsiz?
- Məndə indi C-di. B-ni oxudum, imtahandan “kəsdilər”.

- Niyə?
- Öz hesabıma kurslara qatılmışdım. Praktika ilə nəzəriyyənin öhdəsindən gəldim, yazılıdan “kəsdilər”.

- Bildiyimə görə, kursda iştirak etmək üçün bankdan 1500 manat kredit götürmüsüz.
- Elədi, qardaş. Bankdan götürmüşdüm ki, kateqoriyaya sahib olum. Vermirlər, canları sağ olsun. Tüpürüb çıxdım ordan.

- Oxumayacaqsız?
- Bankı “bağlayım”, imkan edib Ukraynaya gedəcəm. Orda keçmiş futbolçulara hörmət edirlər, bizdəki kimi deyil. Ardıcıl üçüncü dəfədi “kəsirlər”. Bunlarda üz yoxdu. Belə çıxır ki, bunlara futbol lazım deyil. Yazıb-pozan adamlardan xoşları gəlir. 

- Yazı yaza bilmirsiz, yoxsa...
- Yazıram, niyə yazmıram. Daha o dərəcədə deyiləm ki. Sadəcə, elə suallar var ki, yazı ilə cavab verməlisən, məşq prosesini yazılı formada təqdim etməlisən. İndi bir az çətinləşdiriblər. Sistemə uyğun oyun qurmalısan və bunu yazılı formada izah etməlisən. Əslində cavabları bilirdim, sadəcə, vaxt bitdi deyə çatdırmadım. 1 saat vaxt verirlər. Vaxtı çatdırmadığıma görə “kəsdilər”. Üçüncü dəfədi, hamısında da yazılıdan “kəsilmişəm”. Hər dəfə də pulum batır. İndi də bankın borcunu ödəyirəm. 

- 4500 manat vermisiz, ortada heç nə yoxdu.
- Elə çıxır da. Bankı “bağlayıb”, maşınımı satıb, gedib Ukraynada oxuyacam. Orda hörmət edirlər. Bizdə keçmiş futbolçuları görəndə elə bil qutuda ilan görürlər. 

- “Kəsən” kimdi?
- Orda iki nəfər var da. Aslanla Osmandı (Aslan Kərimovla Osman Rəhimovu nəzərdə tutur, Azərbaycan futbolunun ulduzları. 

- Allah köməyiniz olsun...
- Mən yığmada 10 il can qoymuşam. Belə baxanda mənə “B”ni hədiyyə etməlidilər. Tanıyanlar bilir ki, necə futbolçu olmuşam. 

- Bildiyimə görə, sabiq yığma üzvlərinə C-ni hədiyyə edirlər axı.

- Dünyanın hər yerində hədiyyə kimi B-ni verirlər. A-nı və PRO-nu özün oxuyursan. Bir də ki, guya mənə C veriblər? Onu da özüm almışam. 

- Maraqlıdı...
- Ona görə deyirəm ki, bunlara futbolçu lazım deyil. Kim qabağa çıxıb nağıl danışır, onlar xoşlarına gəlir. Biabırçılıqdı, vallah. Özüm utanıram daha. Dəvət etsələr də, ora getməyə utanıram. Elə uşaqlar ki, futbol aləmində heç kimin tanımadığı adamlardı. Mən 5 ildi “Neftçi”də işləyirəm. Şükür Allaha, nəticələrim də var. 17 yaşlılarla 2015-də çempion oldum, 2003 doğumlularla “qızıl” qazandım. İndi 2004 təvəllüdlülərlə işləyirəm, 1-2-ci yerləri bölüşürük. Mən işləyə bilməsəydim, Nikolay (Nikolay Adamı nəzərdə tutur) mənə iş verməzdi. Nemes nemesliyi ilə mənə “elit”də iş verdi. Belə çıxır ki, bunlar Nikolaydan savadlıdılar da. Neçə ildi uşaq futbolundayam, kateqoriyam olmadığına görə yuxarı qalxa bilmirəm. Kimdənsə iş, vəzifə istəmirəm axı. Heç olmasa, kateqoriya almağımın qarşısını kəsməsinlər. Tək mən deyiləm ki. O qədər uşaqları “kəsiblər”...

- Kimlər var köhnələrdən?
- “Bakı”da Asif Abbasov var idi, o yazıq da üçüncü dəfədi “kəsilir”. Sonra Əsəd var idi o vaxt, qapıçı, onu da “kəsdilər”. Belə deyim də, keçmiş futbolçular “kəsildilər”. Elə adamlar keçdilər ki, futbol tarixində mən onları görməmişəm. Bilmirəm, nə edirlər, necə edirlər. Yolunu desinlər, biz də edək. Banka girirəmsə, onun da yolunu öyrənərdim (Futbol+).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right