Emil Balayev: "Bunu etsək, yuxarı pillələrdə yer ala bilərik"

Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edən "Səbail"in qapıçısı Emil Balayev müsahibə verib.

- Hesab sizi qane etdi?

- Oyundan öncə məşqçinin verdiyi tapşırıqları hər bir futbolçu maksimum şəkildə yerinə yetirməyə çalışdı. Ağır və çətin oyun olacağı bəlli idi. “Zirə” çox yaxşı rəqibdir. Onlar son yerdə getsə də, çox yaxşı oyun sərgiləyirlər. Yevgeni Koçuk ötən oyun qırmızı vərəqə aldığı üçün oyunu qaçırdı. Heyətimizdə itkilər var idi. İkinci hissədə Şəhriyar Rəhimov bizi azlıqda qoydu. Son 30 dəqiqəni 10 nəfərlə oynadıq. Bizim üçün daha da çətinləşdi. Buna baxmayaraq, komandada döyüşkənlik ruhu var idi. Ən azından qapımızı toxunulmaz saxlamağa çalışdıq.

- İlk hissədə “Səbail” meydanda yox idi. Ancaq müdafiə olunmağı düşünürdünüz?

- Xeyr, müdafiə olunmaq tapşırığı verilməmişdi. Ola bilər ki, əvvəlki oyunlarımızı nümayiş etdirə bilmədik. Ancaq niyyətimiz sırf müdafiə olunmaq deyildi. Ola bilər başqa amillər var. Bildiyiniz kimi,  evdə süni örtüklü meydanda oynayırıq. Ola bilər ki, davamlı olaraq, eyni tempdə oynamaya bilərsən. Buna baxmayaraq, bir xal qazana bildik. Komanda yoldaşlarımı təbrik edirəm.

Image may contain: 1 person, playing a sport and outdoor

- “Səbail” 3-cü pillədə qərarlaşıb. Bu yeri möhkəmləndirə biləcəksiniz, yoxsa aşağıdakı komandaların təzyiqi hiss edilir?

- Bunu dəqiq deyə bilmərəm. Çünki bizim işimiz məşqçinin verdiyi tapşırıqları maksimum şəkildə yerinə yetirməkdir. Fikirləşirəm ki, futbolçular Aftnadil müəllimin tapşırıqlarını yerinə yetirsələr, yuxarı pillələrdə yer ala bilərik.

- Növbəti turda rəqib ən yaxın izləyiciniz “Sabah” olacaq. Rəqibi necə dəyərləndirirsən?

- “Sabah” çox yaxşı komandadır. Baxın, onlar debütant olsalar da, yaxşı oyun sərgiləyirlər. Fikirləşirik ki, heç də asan olmayacaq. İlk işimiz məşqçinin tapşırıqlarını yerinə yetirməkdir. Baş məşqçimiz rəqibləri analiz edir və buna uyğun tapşırıqlar verir.

- “Sabah” məğlub edə biləcəyiniz rəqibdir?

- Futbolda məğlub edilməz komanda yoxdur.

Image may contain: 3 people, people playing sports

- Bu mövsüm iki texniki qələbə qazanmısız. Maraqlıdır, buna görə klub sizə mükafat verib?

- Bu, klubun daxili işləridir. Bunu cavablandırmaq istəmirəm.

- Son dəfə milliyə dəvət almadın. Bu gün vacib qurtarışlar etdin. Bu dəfə millidən dəvət gözləyirsən?

- Kosovo və Malta ilə oyunlar üçün dəvət almışdım. O anda fəxr edirdim ki, mən yığmaya dəvət almışam. İkinci dəfə dəvət almayanda, fikirləşirəm ki, özümdən asılıdır. Yəqin ki, uğursuz çıxışlar etmişəm. Çalışacam ki, dəvət alım. İşim meydanda yaxşı işlər görməkdir. Ola bilər ki, hansısa oyunda zəif olmuşam. Davamlı olaraq, yaxşı çıxış etsəm, dəvət ala bilərəm. Əgər yığmaya çağırılsam, üçrəngli formanı qürurla geyinməyə hazıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right