Barıt qoxusu olmayan müharibə

Reallığımıza dönürük. Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinin oyunlarından sonra hərə öz məhləsinə gedib, öz işləri ilə məşğuldu. Bizim də Azərbaycan Premyer Liqası adlı məhləmiz və öz qanunlarımız var. 

8 tura 2 texniki məğlubiyyətin, çempionat başlar-başlamaz baş məşqçi dəyişikliyi, transfer pənəcərəsi bağlanmaq bilməyən liqanın doqquzuncu mərtəbəsindən sizi salamlayırıq. 

Azərbaycan derbisinin növbəti qarşıdurması 

Təhlilə turun elə lap sonuncu görüşündən başlayacağıq. Çünki bu adlar bizə çox mətləbdən xəbər verir: “Neftçi”  və “Qarabağ”. Komandaları Azərbaycan futbol tarixinin əsas yazıçıları da hesab edə bilərik. Həm daxili, həm də xarici arenalarda qeydə alınanlar, gördüyümüz və görmədiklərimiz bu iki komandanı fərqləndirməyə imkan verir. Müstəqil Azərbaycan çempionatları tarixinin daimi iştirakçılarının ifasında Azərbaycan derbisi formalaşıb. Amma bu dəfəki derbi çox sönükdü lap barıt qoxusu olmayan müharibə kimi. Avropa Liqasının qrup mərhələsində məğlub edə biləcəyi komandaya uduzan “Qarabağ”ın üzərinə elə bil su səpilib. Əzgindirlər, yorğundurlar, üstəlik məğlubiyyətdən öncə daxili yarışda texniki səhvə görə əldən gedən 3 xal “Qarabağ”ı bir qədər tərksilah olmuş döyüşçüyə bənzədir. Amma “Neftçi” ilə matç elə bir oyundur ki, “Qarabağ” hər zaman bu görüşə fərqli ab-havada çıxmaq üçün bir səbəb tapır. Əslində, Qurban Qurbanovun qarşıda çox sıx bir qrafiki var. “Neftçi” ilə oyundan sonra “Keşlə” ilə təxirə salınmış matç və “Sumqayıt”la daxili marafonun növbəti dayanacağı var. Daha sonra isə Qurbanov döyüşçülərini götürüb Poltava müharibəsinə yollanacaq. Amma indiki məqamda Qurbanovu düşündürən bir məqam var – “Neftçi”. “Qarabağ” nəyin bahasına olursa olsun çempionluq yolunda ən böyük rəqibi olan “Neftçi”ni sarsıtmalıdır. 

“Neftçi” də “Qarabağ”la oyuna çox ciddi və taleyüklü görüş kimi yanaşır. “Neftçi” çempionluq istəyirsə, mütləq şəkildə “Qarabağ”la matçları maksimum nəticə ilə yekunlaşdırmalıdır. Başqa çıxış yolu yoxdur. Sözsüz, bütün bu səbəblər görüşə marağı artırır və “Bakcell Arena”da indiki çempionatımız üçün səciyyəvi sayılan azarkeş limitini aşa bilərik. Amma stadionun tam dolacağı mümkün deyil. Bunun üçün hər hansı bir ciddi addımlar atılmayıb. Aurası möhtəşəm olmasa da, nə edək, bizim derbimiz də budu. Azərbaycan derbisini hazırkı hakimliyimizin ən parlaq nümayəndəsi Əliyar Ağayev idarə edəcək. 

Qələbə ruhlu "Qəbələ “Sumqayıt”a qarşı 

undefined

Bəzən vəziyyəti düzəltmək üçün bir uğurlu addım yetərlidir. Hələ sən bunu liderlə matçda və çox inamlı edirsənsə, bütün daşların yerinə oturduğuna inanmaq olar. Bəlkə də məhz “Neftçi” üzərindəki qələbədən sonra “Qəbələ” bütün problemləri geridə qoyub. Ötən turun fırtına komandası bu dəfə “Sumqayıt”la səfər görüşünə çıxacaq. Bu turun iki cəzalısı var i, hər ikisi bu oyuna aiddir. Belə ki, ötən tur qırmızı alan Təmkin Xəlilzadə və Vurğun Hüseynov cəza səbəbindən bu görüşü buraxmaq məcburiyyətindədirlər. “Sumqayıt”ınstadionu hazırda  təmirdə olduğu üçün görüş “Dalğa Arena”da baş tutacaq. Kifayət qədər maraqla gözlənilən oyunu Orxan Məmmədov idarə edəcək. 

Bombardirsiz qalan “Sabah”, yol axtaran “Zirə”

Image may contain: 2 people, people playing sports and outdoor

Bir neçə il bundan öncəki debütantların mövsüm ərzində yığmadığı qədər xal yığan “Sabah” çıxış yolları axtaran, vəziyyəti düzəltməyə çalışan “Zirə”ni qəbul edəcək. Hər zaman Marko Deviçə güvənən “Sabah” həm bu turda, həm də 10-cu turda çempionatın bombardiri olmadan mübarizə aparacaq. Məşqçilər korpusu nə qədər  bir futbolçudan asılı olmadıqlarını desə də, vəziyyət fərqlidir. Deviçlə “Sabah” nə qədər aydındırsa, Deviçsiz “Sabah” bir o qədər qaranlıqdır. Hər halda, Deviçin komandanın oyununda nə qədər  hakimiyyətə malik olduğunu matç zamanı biləcəyik. 

“Zirə”nin dərdi isə böyükdür. Edilən dəyişikliklər də hər hansı bir bəhrəsini verməyib. Fərqli durumlara düşən “Zirə”nin hələ ki konkret olaraq oyun stili, güclü tərəfi yoxdur. Komanda hələ də öz oyununu axtarmaqdadır. Bu isə  “Sabah” üçün həm müsbət, həm də mənfi amildir. Favoriti olmayan görüşün idarəçiliyi gənc Vüqar həsənliyə həvalə edilib. 

“Səbail” – “Keşlə”: 200 nəfərlik oyun

Image may contain: 2 people, people playing sports and outdoor

“Səbail” – “Keşlə” matçının azarkeş sayını indidən təxmin etmək çətin deyil. Oyunu 200-400 arası adam izləyə bilər. İkinci hal “Keşlə”nin gətirdiklərinin sayı ilə bağlı ola bilər. Aktivindəki xalların çoxunu texniki nəticələrə görə qazanan “Səbail” meydan sahibi kimi üstünlüyə malikdir. Amma bu o demək deyil ki, görüşün favoriti məhz “Səbail”dir. “Keşlə” hazırda çox qorxulu rəqibdir. Çünki Mladen Milinkoviçin komandası hər oyuna son matç və itirilməli heç nəyi olmayan döyüşçü kimi çıxır.

Azərbaycanın futbol nəbzini nə artıran, nə azaldan nə də tutan, böyük kütlə üçün ciddi bir əhəmiyyət kəsb etməyən oyun İnqilab  Məmmədovun ixtiyarında olacaq.

Çingiz ABASOV/futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right