"Qəbələ" və Dabodan məhsuldarlıq rekordu

Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”la qarşılaşan “Qəbələ” mövsümdə son səfər matçını keçirib. “Qırmızı-qaralar” rəqib meydanında 2:0 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, bu oyunda vurulan iki qolla "Qəbələ" özünün səfərdəki məhsuldarlıq rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ” cari mövsüm rəqib meydanında keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci mövsümdür yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək göstəricisinin təkrarıdır. Komanda 2014/15 mövsümündə də rəqib meydanlarında rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən “Qəbələ” bu dəfə daha az – 14 qarşılaşmada fərqlənib.

Sumqayıtdakı görüşdə hesabı açan Baqali Dabo isə “Qəbələ”nin tarixinə mütləq rekordla düşüb. O, çempionatın bir mövsümündə ən çox qol vuran futbolçu olub. Qol hesabını 13-ə çatdıran hücumçu 2013/14 mövsümündə rəqib qapılarına 12 dəfə yol tapan Daniel Subotiçin rekordunu arxada qoyub.

13 qolla hazırda Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O, ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer Liqada 14-cü dəfə “Qəbələ” azarkeşlərinə qol sevinci yaşadıb.

“Qəbələ”yə qələbə qazandıran qolların müəlliflərindən Baqali ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan fransalı bombardirlər siyahısında 3-cüdür. İlk “üçlük”dən başqa, Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı yerdə qərarlaşan Daniel Subotiçə çatıb.

“Sumqayıt”la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O, “Qəbələ”nin heyətində  60-cı oyununu keçirib. O, bu göstəricidə klub tarixinin 29-cusudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right