"Avropa Liqasına düşsək, güclənməliyik" Kamran Quliyev

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi" səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəlib. 

Matçdan sonra "ağ-qaralar"ın prezidenti Kamran Quliyev Newsport.az-a müsahibə verib. Klub başqanı "Zirə"yə Premyer Liqada ilk dəfə qalib gəlmələrinə toxunub:

- Bəli, ilk dəfə qalib gəldik, özü də bu cür. Pis çıxış etmədik, oyun xoşuma gəldi. Qəbələdəki qələbədən sonra komanda yorğun idi. Bu, meydanda görünürdü. Hələ qarşıda "Qəbələ" ilə cavab görüşü və çempionat oyunu da var. Meydan amili də öz sözünü deyirdi. Ardıcıl təbii örtükdə oynadıqdan sonra süni meydanda çıxış etmək bir qədər ağır idi. Amma şərtlər hamı üçün bərabər idi. Əsas odu ki, "Zirə" ilə xal fərqini minimuma endirdik.

- Komandanız həm Premyer Liqa, həm də Azərbaycan Kubokunda Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparır. Bunu nəzərə alaraq, növbəti mövsüm üçün çalışmalara başlamısız?

- Bu barədə yalnız çempionat başa çatdıqdan sonra danışarıq. Öncədə danışmağı xoşlamıram. Avropa Liqasında düşsək, güclənməliyik. Bu, birmənalıdır. Hətta düşməsək də, güclənməliyik. Böyük hədəflərimiz var.

- 3-cü yer və ölkə kuboku uğrunda "Neftçi" və "Sumqayıt" mübarizə var. Bu gün keçmiş klubunuzun "Keşlə" üzərində qələbəsinə sevindiz, yoxsa...?

- Təbii ki, "Sumqayıt"ın keçmiş prezidenti kimi sevinir və onları təbrik edirəm. Amma mən hazırda "Neftçi"dəyəm və hədəfimiz ən yüksək yerlərdə olmaqdır. "Sumqayıt"ı nə qədər istəsəm də, mübarizəmiz elə "Sumqayıt"la davam edir.

- "Zirə"nin futbolçusu Yani Urdinova göstərilmiş qırmızı vərəqə "Neftçi"nin qələbəsində nə dərəcədə rol oynadı?

- Oyunun gedişinə birmənalı olaraq, təsirini göstərdi. Çünki ilk yarının son 25 dəqiqəlik bölümündə "Zirə"nin təzyiqi çox yüksək idi. Amma Urdinovun qırmızı vərəqə almasından sonra "Zirə" nə etdiyini bilmədi. Daha doğrusu, konsentrasiyanı itirdi.

- "Qalib komandanı mühakimə etməzlər" deyiblər. Amma maraqlıdır ki, "Neftçi"ni ağır durumdan nə çıxardı? 

- Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik və sponsorumuz. Bu "5-lik"!

- Bəs bunu sizin gəlişinizlə əlaqələndirmək olar?

- Xahiş edirəm, bu sualı mənə verməyin. Çempionat bitsin, sonra danışarıq.

- Soni Mustivar sizin gəlişinizdən sonra transfer olunub. Onun oyunundan razısız?

-  Özünüz görürsünüz. Mən nə deyim? Hər oyunda can-başla çıxış edir. Deyirdilər ki, 8 ay oynamayan futbolçunu necə transfer etmisiz? Amma keyfiyyət ortadadır. "Qəbələ" ilə görüşün 85-ci dəqiqəsində Mustivar topu alaraq, irəli getdi və məhsuldar ötürmə verdi. Bütün oyunlarda belə çıxış edir. Məncə, bu, onun maksimumu deyil. 

- "Qəbələ" ilə cavab görüşündən nə gözləyirsiz?

- Azarkeşlərdən stadiona gəlib komandanı dəstəkləməyi xahiş edirəm. Görüş iş vaxtından sonra - saat 20:00-da başlanacaq. Finalın bir addımlığındayıq. Meydana qələbə üçün çıxacağıq. Bizə istənilən nəticə yox, qələbə lazımdı. Bu, əhval-ruhiyyə baxımından da önəmlidir. Çünki gələn həftənin bazar günü də "Qəbələ" ilə çempionatda üz-üzə gələcəyik. Mən azarkeşlərə səslənirəm: Xahiş edirəm, gəlin, komandanıza dəstək olun!

- 8-ci km - Əhmədli zonasından azarkeş cəlb etmək üçün aksiya keçirmək fikriniz var?

- Əvvəla, məlumat hər yerə verilib. Digər tərəfdən, sadiq azarkeşlərimizlə görüşlərim də olub. Görüşlərimiz yenə də davam edəcək.

Mərdan HƏSƏNOV/ Zirə





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right