Vaqif Cavadovun 10 çəpəri

Yuvarlaqlaşdırsaq, həyatın iki üzvü var: Uğurlu və uğursuz. Buna rəng çaları qatıb ağ-qara da demək olar. 

Həyat belədi: Bir gün zirvədə olan adam bu gün tamamilə günəş işığından uzaq ucu-bucağı görünməyən kölgədə paslana bilər. Bəzən zaman, bəzən mühit, bəzən dövr, bəzən süni yaradılan problemlər, bəzən də insan özü durumun əsas günahkarı olur. 

Vaxtilə zirəvədə olan insan bunu öz əməyi ilə edibsə, hazırkı uğursuzluğuna görə sadəcə, tənqid oluna bilər. Heç kim qarşısındakına lağ edəcək dərəcədə, onun belə deyək, qüruru ilə oynayacaq dərəcədə təmiz, saf, günahsız, ideal deyil.

Həyat axarı Vaqif Cavadovla da zirvə və kölgə imtahanını keçirib. Vaxtilə həqiqətən də ölkənin ən yaxşılarından olan Cavadovun karyerasında son vaxtlar çox böyük eniş yaranıb. Amma Cavadov bunun qarşılığında sadəcə tənqid oluna bilər. Ona lağ etmək düzgün deyil. Vaqif Cavadovu gülüş obyektinə yaxın qoymayan çəpərləri var. Sadalayaq…

1. Cavadov “Qarabağ”a soyadından istifadə edib gəlsə də, buradakı futbolu “Cavadov” soyadı deyil, özü oynayıb.

2. Qurban Qurbanovlu “Qarabağ”ın ilk uğurlarında Cavadov imzası böyük hərflərlədi.

3. Milyonlar içindən seçilmək hər adama nəsib olmur. Vaqif Cavadov məhz 2009-cu ildə bir neçə milyonluq Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

4. Müstəqil Azərbaycan futbolu səviyyəsində ən səs-küylü transferə imza atıb. Bəli, Cavadovun həmin vaxt üçün Hollandiyanın ən güclü klubu “Tvente”də karyerası uğurlu alınmayıb. Amma ona qədər olan proseslər müstəqil Azərbaycan futbolu üçün yenilik idi. Hollandiya klubunun rəsmilərinin Azərbaycana gəlməsi, “Azersun”un binasında mətbuat konfransının təşkili böyük iş idi.

5. Vaqif Cavadov hər zaman legioner həyatı yaşamağa meyilli olub. Hollandiya ilə yanaşı, Rusiya və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. “Volqa”da oynayarkən yerinə yetirdiyi penalti uzun müddət müzakirə edilib.

6. Azərbaycan çempionu olub, oynamasa da, Hollandiya çempionatının qızıl medallarını kolleksiyasına qatıb.

7. Milli komandamızda ən çox oyun keçirən futbolçular siyahısındadır. Bundan əlavə Cavadov çox kritik, Azərbaycan üçün əhəmiyyət kəsb edən oyunlarda səhnəyə çıxıb, qollar vurub.

8. Cavadov aktivindəki 9 qolla milinin bombardirləri siyahısındadır.

9. Azərbaycanın ən iddialı klublarında oynayıb. “Qarabağ”da uğurlu karyera qurduqdan sonra “Bakı”, “İnter” kimi medallara iddiası olan komandalarda kapitan sarğısı daşıyıb.

10. Azərbaycan futbolçusuna xas olmayan xarakteri var. Hər zaman ölkə xaricində oynamağa meyilli olub, bunun öhdəsindən pis-yaxşı gəlib. Klubsuz qalmasına görə karyerasını birdəfəlik bitirməyib, çalışıb, geri dönüb, odur ki, hazırda “Keşlə”nin heyətində yer alıb.

ELGİZ ABBASOV

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right