“Həm rəqibə, həm də küləyə qarşı oynayırdıq” – Ağabala Ramazanov

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında Səudiyyə Ərəbistanından olan həmyaşıdları ilə qarşılaşan millimiz görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra yığmamızın ikinci qolunun müəllifi Ağabala Ramazanov fikirlərini bildirib:

- Komanda bu gün çox aqressiv görsənirdi. Qələbə qazanmaq istəyirdiniz, yoxsa oyundan öncə açıqlanan mükafatın məbləği sizi həyəcanlaşdırmışdı?

- Vallah, mükafat barədə heç nə eşitməmişəm. Bəlkə də futbolçuların bundan xəbəri var idi, amma mən xəbərdar deyildim. Məncə, aqressiya sırf qələbəyə görə idi. Oyundan öncə söz vermişdik ki, qələbə qazanmalıyıq. Çünki bilirdik ki, xal itirsək qrupdan çıxmaq çətin olacaq. Qələbə qazandığımıza görə sevincliyik.

- Bu gün meydanda ən sakit oyunçulardan biri idin. Həmişə səni əsəbi görsək də, bu gün fərqli görünürdün. Səbəb nə idi?

- Çalışırdım ki, söz-söhbət olmasın. Çünki oyun ərzində azlıqda qalsaydıq, komanda çox çətinlik çəkəcəkdi. Ona görə də bacardığım qədər uşaqları sakitləşdirməyə çalışdım.

- İlk oyundan fərqli olaraq, komanda bu gün daha inamlı görünürdü. Belə deyək, meydanda bütün istədiklərinizi edə bildinizmi?

- İlk yarıda istədiklərimizi edə bilmədik. Çünki həm rəqibə, həm də küləyə qarşı oynayırdıq. İkinci hissədə isə yaxşı oynadıq, hətta böyükhesabla da qalib gələ bilərdik.

- Növbəti oyunda Mərakeşlə qarşılaşacağıq və komandamıza bir xal da kifayət edəcək...

- Meydana 1 xal üçün çıxmayacağıq. Bütün fikrimizi qələbəyə yönəltmişik.

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right