Canımızı boğaza yığan Canni

Bu gün millimiz bəlkə də qrupda qalib gələ biləcəyi yeganə görüşünə çıxacaq. Estoniya ilə oyun həm də Canni de Byazinin yığmadakı taleyinə aydınlıq gətirə bilər. Mümkün məğlubiyyət italiyalı mütəxəssisin ölkəmizdən qovulmasını sürətləndirə bilər. Bəlkə heç Bakıya da qayıtmadı. 
Ancaq əksi də ola bilər. Komanda səfərdə 3 xal qazansa, Byazi ilə əməkdaşlığın davam etdiriləcəyi də istisna deyil. Əslində AFFA-nın baş katibi Sərxan Hacıyevin ötən gün Tallinə ezam edilmiş jurnalistlərə verdiyi müsahibədə işlətdiyi ifadələr sual yaradır. Söhbət “bizə nəticə yox, baxımlı oyun lazımdır” sözlərindən gedir. Belə çıxır ki, italyana və onun rəhbərlik etdiyi məşqçilər korpusunun başından hər il milyonlar ona görə səpilir ki, ölkənin əsas komandası sadəcə, gözəgəlimli futbol nümayiş etdirsin. Vəssalam. Sən demə, AFFA üçün nəticə bir o qədər vacib deyilmiş. Bax belə...
Xalqın sərvəti olan neftdən gələn gəlirlərin bir qismini əcnəbi mütəxəssisə məhz bunun üçün sərf etməyə dəyərmi? Biz sanki uşaq futbolundan danışırıq. Çünki yalnız orada məşqçilərdən nəticə yox, məzmunlu oyun tələb edilir. Belə yanaşmayla biz çətin ki, irəli gedək.
Hərçənd qurumun baş katibinin sələfi Elxan Məmmədovla bağlı fikirləri suları daha da bulandırır. Hiss olunur ki, Məmmədovun kadrı hesab edilən Hacıyevin “müəllim”iylə münasibətləri soyuyub. Əvvəlki tək ünsiyyət qurmurlar. Sanki Sərxan bəy artıq FİFA-da məsul vəzifədə fəaliyyət göstərən eks baş katibdən idarəçilik və strateji qərarlarla bağlı məsləhətlər də almır. Əslində bu məqam De Byazinin milliylə tsiklin sonunda vidalaşmaq ehtimalını da gücləndirir.
Qayıdaq italyanın oyundan əvvəl keçirilən mətbuat konfransındakı fikirlərinə. Millinin Tofiq Bəhramov adına Respublika stadionuna dönüşünü sıradan olay kimi qiymətləndirən baş məşqçi “Nou Kamp” kimi arenalarda oynadığını və bu səbəbdən stadionun ona fərq etmədiyini deyib. Adama deyən lazımdır ki, səndən soruşan oldu ayın neçəsidir? Sənin futbolçu kimi hansı arenalarda top dığırlatmağının bizə nə dəxli var? Söhbət milli üzvlərinin “Tofiq Bəhramov”da özlərini necə hiss etmələrindən gedir. Çünki statistika məhz bu stadionda nəticələrimizin daha yaxşı olduğunu göstərir.
Əslində Canni müəllimin suala belə cavabı onun bizə və bizim futbola yuxarıdan aşağı baxmasının göstəricisidir. Vaxtilə Berti Foqtsun etdiyi kimi. Mətbuatın tənqidlərinə etinasız yanaşması da alman həmkarına bənzədiyini göstərir. Əks halda, Höccət Haqverdini israrla hər oyunda meydana buraxmazdı. Ondan daha çox millidə oynamağı haqq edənləri kənarda qoymazdı. Qara Qarayevi “ofsayd”a salan De Byazi son vaxtlar zədə üzündən “Neftçi”də düz-əməlli yaşıl meydan üzü görməyən Eddi İsrafilova qucaq açır. Ukraynada hər tur meydana çıxan Emil Mustafayevin də üzünə yığmanın qapılarını bağlayıb. Təcrübəli Maksim Medvedev də yadına düşmür. Bir sözlə, elə öz bildiyini edir. Ortada isə nəticə yoxdur. Baxmayaraq ki, Sərxan Hacıyevin də etiraf etdiyi kimi, bu komandanın potensialı çox böyükdür. 
Canımızı boğaza yığan Canninin isə heç yerə getmək fikri yoxdur. Nə deyək?! Allah bizə səbr versin.
Hacı Mərdan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right