“Mançester Siti”nin futbolçusu La Liqa klubunda

İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçularla gücləndirib.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi braziliyalı sağ cinah müdafiəçisi Yan Koutonu, ispaniyalı yarımmüdafiəçi David Lopesi və argentinalı hücumçu Valentin Kastelyanosu heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yan Kouto İngiltərənin “Mançester Siti” klubundan qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb. 20 yaşlı futbolçu 2020-ci ildə “Koritiba”dan Mançester təmsilçisinə transfer olunsa da, hələ bu klubun əsas komandasında debüt etməyib. O, 2020/21 mövsümündə də “Jirona”da icarədə oynayıb. Həmin vaxt futbolçu 30 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Geridə qalan mövsümdə isə müdafiəçi Portuqaliya “Braqa”sında icarədə oynayıb, 42 oyunda 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

Valentin Kastelyanos da ABŞ-ın “Nyu-York Siti” klubundan bir illik icarəyə götürülüb. Argentinadan olan 23 yaşlı forvard 2018-ci ildən MLS təmsilçisində çıxış edir. O, ABŞ təmsilçisinin heyətində 137 oyuna 59 qol vurub. Gənc hücumçu daha öncə Çilinin “Universidad de Çili” və Uruqvayın “Torke” klublarında da forma geyinib. Kastelyanos həm də Argentinanın U-23 yığmasının üzvüdür.

David Lopes isə “Espanyol”dan birdəfəlik transfer olunub. Azad agent statusuna malik futbolçu ilə 2 illik müqavilə imzalanıb. 32 yaşlı futbolçu 2016-cı ildən “Espanyol”da çıxış edirdi. O, daha öncə “Terrasa”, “Leqanes”, “Hueska” və “Napoli”də də forma geyinib.

Yeri gəlmişkən, “Espanyol” David Lopeslə yanaşı, mərkəz müdafiəçisi Serxio Qomeslə də yollarını ayırıb. 30 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi hələ bilinmir. O, 2021-ci ildə “Sevilya”dan bu kluba transfer olunmuşdu. “Barselona”nın yetirməsi olan müdafiəçi, 2014-2018-ci illər aralığında da “Selta”da oynayıb.

“Espanyol” yarımmüdafiəçisi Alvaro Vadilyonu da “Malaqa”ya icarəyə verib. 27 yaşlı vinger bir mövsümlük icarəyə göndərilib. O, 2020-ci ilin oktyabrından “Espanyol”da çıxış edirdi. İspan futbolçu daha öncə “Betis”, “Hueska”, “Qranada” və “Selta”da da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right