Olqa İsmayılova: "Bütün gücümü ortaya qoyaraq Azərbaycan adına lisenziya qazandım"

Ölkəmizi Olimpiadada trek velosipedinin sprint və keyrin növlərində təmsil edəcək Olqa İsmayılovanın newsport.az saytına müsahibəsi:

- Əvvəlcə bu lisenziyanı necə qazanmağınız haqda məlumat verməyinizi istərdik.

- İki il əvvəl elan olundu ki, Avropa və dünya çempionatı, Dünya Kubokunda lisenziya xalları toplamaqla Olimpiadaya qatılmaq mümkündü. Sözsüz, vəsiqələr uğrunda gərgin mübarizə gedirdi. Velosiped idmanında tez-tez dəyişikliklər baş verir. Texnologiyalar yenilənir. Hər il qaydalarda müəyyən dəyişikliklər olur. Buna baxmayaraq bütün gücümü ortaya qoyaraq Azərbaycan adına lisenziya qazandım.

- Buna qədər bu növlərdə Olimpiadada təmsil olunmamışdıq. Siz ölkəmiz adına ilkə imza atdız. Hisslərinizi bilmək maraqlı olardı.

- Olimpiya Oyunlarında iştirak etmək hər zaman xoşdu. Öz ölkəni orda təmsil edirsən. Olimpiadada uğurlu çıxış etməyə çalışacam.

- Rio-2016-ya qədərki hazırlıq prosesi necə olacaq? Olimpiyadayadək hansısa yarışlarda iştirak edəcəksiz?

- Artıq hazırlığın yekun mərhələsinə qədəm qoymuşuq. Bir-iki yarışda iştirak etməyi planlaşdırıram ki, Olimpiadanın startınadək daha hazırlıqlı olum. Polşada yarışda iştirak etdikdən sonra Portuqaliyada təlim-məşq toplanışı da planlaşdırılır.

- Dünya və Avropa çempionu olmusuz. Yəqin ki, indi Olimpiadada eyni uğura imza atmağı hədəfləmisiz.

- Ötən Olimpiya Oyunlarında Belarusun adından yarışmışdım. Yarışa 6 ay qalmış orda velosiped idmanına cavabdeh şəxs işindən ayrıldı və belədə Olimpiadaya yaxşı hazırlaşa bilmədim. Bu idman növü başsız qalmışdı. Uğurlu çıxış yaxşı hazırlıqdan və maliyyə dəstəyindən asılıdı. Bu, mənim üçün 2-ci şansdı. Bu şansdan maksimum yararlanmağa çalışacam.

- Rio-2016-da əsas rəqibləriniz kimlər olacaq?

- Avstraliya, Almaniya, İngiltərə və Rusiya təmsilçiləri əsas favoritlər hesab olunur. Əslində bu siyahını daha da uzatmaq olar. Çünki əksər idmançılar Olimpiadaya yaxşı formada qatılır. Hər federasiya idmançısının uğur qazanması üçün ona əlindən gələn dəstəyi verir.

- Ancaq sizdə özünəinam hissinin güclü olması müsbət məqamdı.

- Məncə hamı özünə inanır (gülür). Olimpiadaya vəsiqə qazananlarda bu inam daha güclü olur. Xüsusən də lisenziyanı əldə etdikdən sonra öz gücünə daha çox güvənməyə başlayırsan. Əlbəttə, burda yarış təcrübəsi də böyük rol oynayır. Ancaq gərək dayanmadan bu praktikanı artırasan. Tez-tez yarışlarda iştirak edəsən. Yerində saysan, öz üzərində işləməsən uğurların davamı gəlməyəcək. Hər zaman özünü tonusda, formada saxlamağa çalışmalısan.

Həsənov Mərdan

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right