Ruhunu musiqi oxşasın!

Təxminən 10 il əvvəl, bir yay axşamı dənizkənarı bulvarın alaqaranlıq bucağında bekarçılıqdan boş skamyalardan birini zəbt edib dövlət müstəqilliyimi elan etmişdim, siqaretimin tüstüsü heç kimin tanımadığı dövlətimin rəngsiz bayrağı kimi Xəzərdən gələn mehin ritmində dalğalanırdı. Amma “ərazi bütövlüyümü” səs-küyü ən azı 100 metr radiusda hər şeyin səsini batıran 2 uşağın "təcavüzü" pozdu. Uşaqlar skamyaya dırmaşan kimi siqaretimi söndürüb zibil qabına atdım. Balacalardan 10-12 metr arxada skamya-dövlətimə doğru yaşlı bir kişi gəlirdi, çox güman, 1 saniyə bir yerdə durmayan “əcinələrin” babası idi.
Salam verib əyləşdi. Onu salamlaşmazdan 2-3 saniyə əvvəl tanımışdım, özümü dərhal “yığışdırdım”. 10 dəqiqə ordan-burdan söhbətləşdik. Qəsdən az danışırdım; çox şirin danışıq tərzi vardı, televiziyada görəndə, radioda dinləyəndə tələffüzündən zövq alardım, hətta müsahibələrini oxuyanda belə, təsəvvür edirdim ki, hər cümləni kəlmə-kəlmə onun dilindən eşidirəm.
Çox əyləşməsinə nəvələri imkan vermədi. Kişini əməlli-başlı hövsələdən çıxardılar. Hərəsinə üzərində oyuncaq çətir olan bir dondurma almışdı – biri dedi mən qaşıqla yeyirəm, o biri qaşıqsız istədi. Qaşıqsız yemək istəyən dedi çətir açıq olsun, o biri dedi mənim çətirimi bağla. Qaşıqla yeyənin qaşığı əlindən yerə düşdü, qaşıqsız yeyən qaşığını ona vermədi ki, bir azdan özüm qaşıqla yeyəcəm. Bütün bu proses qulaqbatıran cingilti və ciyiltili çığırtı ilə müşayiət olunurdu. 
Baba sakmyadan qalxarkən dedi ki, “oğlum Türkiyədə işləyir, bu cüvəllağıları gəzdirmək mənim öhdəmə düşüb. Evə getməsək, uşaqlar sakitləşən deyil”.
Sağollaşdıq. Üç-dörd addım uzaqlaşıb geri döndü, gülərək: “Bir qarış boyu ilə bunlar mən boyda Ramiz Mirişlini gör nə günə salır”, - dedi…
Azərbaycan böyük məmləkət deyil. Bu balaca ölkənin mədəniyyətində böyük Ramiz Mirişli dünyası varDI. 
Ruhunu musiqi oxşasın!

Firuz Abdulla





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi AZAL Zirə Kəpəz