Qurban Qurbanov: "Futbolçunun fikirlərini yayındırmağa çalışırlar"

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Gərgin oyun alındı. Oyunçularımda bəlkə də stress var idi. Qələbə üçün çox əziyyət çəkdilər. Dinamik komandaya qarşı oynayırdıq. "Kəpəz" son turlarda baxımlı və fərqli futbol nümayiş etdirir, öz oyunundan əl çəkmir. Çox sürətli oyunçuları var, sürətli hücuma keçirlər. Müdafiə xəttində bir neçə səhvi nəzərə almasaq, futbolçularım rəqibin qarşısını ala bildi. Vacib üç xal qazandıq. "Kəpəz"ə uğurlar arzulayıram".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun "Kəpəz"lə(3:1) görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

- Bu mövsüm Avropa ölkələri arasında yerli liqada uduzmayan iki komanda var - biri "Qarabağ", digəri "Srvena Zvezda". Məğlubiyyətsiz çempion olmaq "Qarabağ"ın özü üçün stimuldur? 

- Belə hallar dünya futbolunda olur. Hələ çempionat bitməyib. Keçən mövsüm də bir məğlubiyyətimiz olmuşdu. Məğlubiyyət olmasaydı, yenə eyni ssenari yaşanacaqdı. İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq. Ancaq hələ məqsədimizə çatmamışıq. Qarşıda 7 oyun var. Bu da 21 xal deməkdir. Bizim üçün hər oyun çox önəmlidir. Amma o sıralarda olmaq bizim üçün xoşdur. Komandanı hər oyuna məğlub olmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda çox olub ki, ehtimal etmədiyin matçda məğlub olursan. Ona görə də, qarşıdakı oyunlara daha da hazır olmalıyıq. Bizim üçün vacib olan komandanın oyununu daha da yaxşılaşdırmaq və hücumlarımızın sayını daha da artırmaqdır. Ancaq çempionluq məğlubiyyətsiz olsa, pis alınmazdı.

- Yeni transferlərin mövsümün bu ərəfəsində belə vəziyyətdə olacağını gözləyirdiz, yoxsa daha artığını ehtimal edirdiz?

Düzü, planlarıma görə daha yaxşı gözləyirdim. Sadəcə həm Yasin Benzia, həm də Adama Diakabi düşünmədiyimiz anlarda zədə aldılar. Hazırlıq prosesləri uzandı. Get-gedə özlərinə gəlirlər və daha yaxşı performans əldə edəcəklər. Çalışacağıq ki, daha yaxşı səviyyəyə qalxsınlar.

- Mövsümün sonu yaxınlaşdıqca, futbolçularda həm psixoloji, həm də fiziki yorğunluq baş verir. Bu baxımdan komandanı hazırlamaq çətin deyil?

- Bəzən çətin olur. Amma istər-istəməz komandada yeni futbolçular olanda, adaptasiya üçün vaxta ehtiyac gəlir. Ola bilər ki, bura qədər onlardan fərqli tələblər olub, fərqli yanaşıblar futbola, burada tam fərqlidir. Dəfələrlə olub ki, dediyiniz nüanslar baş verib. Amma qarşısını almışıq. Futbolçularımın sona qədər istəkli, yaxşı performansda olmasını istəyərdim. Hər bir halda, təsiri olacaq. Çünki yorulan futbolçular var. Onlar da millidə oynayan futbolçulardır. Çünki oyun sayları daha çoxdur, istirahət vaxtları isə daha az. Özüm də bu yolu keçmişəm. Mövsümün sonuna yaxın istər-istəməz istirahət vaxtını gözləyirsən. Ancaq biz sona qədər işimizdə ciddi olmalıyıq. Futbolçular da bunu dərk edir. Biz fikirlərimizi onlara çatdırırıq. Çalışacağıq ki, hiss olunmasın. Hər halda, qarşıdakı matçlarda görəcəyik.

- "Qarabağ"ın bəzi futbolçuları xarici klubların diqqət mərkəzindədir. Toral Bayramovun "Qalatasaray", Abdullah Zubirin "Alanyaspor", Elvin Cəfərquliyevin isə "Anderlext"ə keçə biləcəyi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı fikirləriniz necədir?

- Ola bilər ki, sadəcə məlumatlar yayılıb. Çünki bizə heç bir rəsmi təklif yoxdur. Varsa da, normaldır. Çünki ilboyu istər-istəməz hansısa təkliflər olacaq. İş orasındadır ki, bəzən futbolçuları əldə etmək üçün onun klubuna müraciət etmirlər. Hansısa menecerlər futbolçularla danışır və ona "biz səni bu kluba, o kluba apara bilərik" kimi söhbətlər edirlər. Bununla da futbolçunun fikirlərini yayındırmağa çalışırlar. Bizə rəsmi heç bir təklif gəlməyib. Gələnləri də normal formada yola salmışıq. Kadi Borges, İbrahima Vadji başqa klublara yollandı. Onlarla masa arxasına oturduq, danışdıq, onları da, klubu da nəzərə aldıq və ayrılıqlar oldu. Amma dediyiniz məsələ haqda rəsmi məlumat yoxdur.

- Uğur qazandıqca, çətinlikləri də ortaya çıxır ki, futbolçulara təkliflər olur. Hər halda, real təkliflər olmasa da, futbolçunun beynində "Qalatasaray" və ya digər klub da olur. Bu, işinizə problem yaradır? 

Əfsuslar olsun ki, bu, qaçılmazdır. Bəli, işimizə çox mane olur. Biz 3-5 illik komanda formalaşdırırıq. Ki, yaxşı kollektiv əldə edək, oyunumuzu istədiyimiz səviyyəyə qaldıraq. Amma 5-6 aydan sonra hansısa təklif olur. Futbolçu gedəndə də problem olur, getməyəndə də. Gedəndə, fikirləşirsən ki, o səviyyədə futbolçu gətirəsən. Getməyəndə də, futbolçu düşünür ki, məni buraxmadılar. Onu ələ almaq üçün 1-2 ay lazım gəlir. Bəlkə nədəsə itirmişik, sürətdə uduzmuşuq, gücdə geri qalmışıq. Amma oyun modelini saxlamışıq. Bu gün bu səviyyədəyik, sabah daha yaxşı səviyyədə ola bilərik. Əlimizdə olan futbolçuların ustalıq səviyyəsini yaxşılaşdırmağa çalışmışıq. Problemsiz olsaydıq, işləmək də çox asan olardı. Amma problemlərin içində insan, məşqçi, futbolçu böyüyür. Problem çox olduqca, işinə daha çox ayırırsan. Ziyanı da var, faydası da. Amma minimum olduğumuz yeri qoruyub-saxlamağa çalışırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right