Qurban Qurbanov: "Futbolçularıma onların yanında olduğumu dedim"

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix" - "Qarabağ" matçından sonra Ağdam klubunun baş məşqçisi mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis görüşlə bağlı danışıb:

“Futbolçularımı bağrıma basıram, təbrik edirəm. Həqiqətən bu gün təkcə oyun yox, yaxşı mübarizə gördük. “Qarabağ”a layiq inamlı insanlar gördük. Bu gün meydanda güclü kollektiv var idi. Futbolçularımı həmişə döyüşçü adlandırıram. Oyunun əvvəlindən taktiki savaş getdi. Amma get-gedə tam döyüşə çevrildi. Hər bir halda futbolçularım buna layiq idilər. Şükürlə olsun Allaha hər şey bizim tərəfimizdə oldu. Bizə çox uyğun olmayan rəqibə qarşı oynayırdıq. Bu gün də şahidi olduq. Çünki top havada çox olursa, bizim üçün xoş deyil. Buna baxmayaraq futbolçularım bacardı. Bütün qarabağlıları, azərbaycanlıları təbrik edirəm. “Sürix”ə də gələcəkdə uğurlar".

- Matçın 95-ci dəqiqəsində komandanız qol buraxandan sonra futbolçularınıza nə dediniz?
- Bir az gərgin dəqiqələr idi. Futbol dilində danışdıq. Futbolçularıma güvənirdim. Dəfələrlə demişəm, belə oyunlar futbolçuları, məni, klubu daha da böyüdür, daha da təcrübəli edir. Belə oyunlarda uduzsaq da belə, bəzən məyus olmuram. Çünki bu futbolun ən maraqlı, stressli dəqiqələrindən biridi. Ona görə bu hissləri yaşamaq məşqçi, futbolçu kimi yaşamaq lazım olur. Futbolçularıma onların yanında olduğumu dedim, tapşırıqlarımı verdim. Hazırda yadımda deyil. Həmin dəqiqələrə uyğun fikirlər dedim. Maraqlı oldu, böyük təcrübə qazandıq.

- Zədəli futbolçuların vəziyyəti nə yerdədi?
- Kevin Medinanın zədəsi deyəsən, ciddidi. Axşam saatlarında Bakıya çatacağıq. Daha dəqiq diaqnoz qoyulacaq. Digərləri isə yorğunçuluqdan idi. Ciddi problem olmalı deyil.

- “Slovan” yoxsa, “Ferentsvaroş” “Qarabağ” üçün daha uyğun rəqibdi?
- Rəqibin heç bir fərqi yoxdu. Əvvəl də demişdim ki, sanki bütün matçlarımız pley-off oyunlarıdı. Rəqiblər o səviyyədədi. Düzü, oyunlarına baxmamışam. Hansı komanda da olsa, biz daha çox özümüzü düşünməli və özümüzü yaxşılaşdırmalıyıq. Xeyirlisi nədirsə, o da olacaq. Bir o qədər düşünməmişəm və fərqi yoxdu.

- Əvvəlki və bugünkü oyunda dəyişiklikləri hansı məqsədlə etmisiz?
- Bu cür oyunlarda 5 dəyişikliyin olması üstünlükdü. Biz avrokuboklara daha tez başlayırıq. Yəni, komandanın optimal formasından uzaq olduğu vaxtda başlayır matçlarımız. Belə olduğu halda, ilk oyunları futbolçularımın hazırlıqsızlığına görə dəyişikliklərlə bağlı planımız olur. Amma get-gedə oyunların gedişatı məcbur edir ki, belə addım ataq. Bəzən də həmişə ehtiyatımızı saxlayırıq ki, zədəli və ya yorulan futbolçu olar. Digər matçlarda gedişata görə belə addım atırıq. Bu, hər bir komanda üçün üstünlükdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right