Anatoli Nuriyev: "Penaltini Ronaldu kimi vurmuram"

"Aşağı liqalarda heç vaxt penaltini boşa verməmişəm. 14 zərbəmin hamısını dəqiq vurmuşam".

Newsport.az-ın məlumatına görə, bunu Ukraynanın "Minay" klubunun əslən azərbaycanlı hücumçusu Anatoli Nuriyev "football24.ua" saytına müsahibəsində deyib.

Cari mövsüm Premyer Liqada 8 qolun 5-ni penaltidən vuran 26 yaşlı forvard burada xüsusi bir sirrin olmadığını bildirib: "Bəzən topu qapıçıya tərəf vururam, bəzən də küncləri nişan alıram. Topa yaxınlaşırsan və qərar verirsən. Bu, psixologiyadır. Cari mövsümdə 2 penaltidən yararlana bilməmişəm. Bundan sonra eyni əminlik olmadı".

Nuriyev 11 metrlik cərimə zərbələrini İtaliya "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu kimi yerinə yetirmədiyini vurğulayıb: "Yəqin, mənim əsas hiyləm budur. Heç vaxt topu Ronaldu kimi bir küncə vurmuram. O, tez-tez sol küncü nişan alır, hərdən isə sağı seçir. Mən isə topu həm mərkəzə, həm də sağ və sol künclərə vururam".

Azərbaycanla bağlılığına da toxunan forvard deyib ki, atasının babası ölkəmizdə anadan olub: "Əvvəlcə Kiyevə, sonra isə buraya - Zakarpatyeyə gəliblər. Babam və atam isə burada dünyaya gəliblər".

Qeyd edək ki, Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right