“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli müsahibə verib.
Newsport.az-ın məlumatına görə, ölkə kubokunun finalında “Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayan Paraqvay əsilli italiyalı futbolçu “Keşlə”dəki gələcəyinə də toxunub.
- Çempionatın son turunun “Səbail”lə oyununu zədə səbəbindən buraxdınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Artıq zədəm tam sağalıb. Özümü əla hiss edirəm. Final oyununa 100 faiz hazıram.
- Söz düşmüşkən, “Qəbələ” ilə Qəbələdə keçiriləcək kubokun final oyunu haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, şanslar bərabərdir. İstənilən nəticəyə açıq oyun olacaq. Hər iki komanda ilk dəqiqələrdən qol vurmağa çalışacaq.
- “Keşlə”yə qış fasiləsində gəlsəniz də, öz oyununuzla komandaya çox xeyir verdiniz. Özünüzdən bu cür performans gözləyirdiniz?
- Özümə inanırdım. Çünki oyun səviyyəmi qorumaq üçün daim çalışıram. “Keşlə”yə gələndə də yaxşı vəziyyətdə idim. Özümü hər oyuna elə hazırlayırdım ki, meydana çıxıb əlimdən gələnin ən yaxşısını edə bilim.
- Müqaviləniz başa çatır? Gələcək karyeranızla bağlı qərar vermisiniz? “Keşlə”də qalmaq istəyirsiniz?
- İndi yalnız kubokun finalı haqda düşünürəm. “Qəbələ” ilə oyundan sonra oturub hadisələrin gedişini izləyəcəm. Amma şadam ki, mənim haqqımda çox yaxşı sözlər danışırlar.
- “Qarabağ”ın sizinlə maraqlandığı barədə xəbərlər dolaşır. ..
- “Qarabağ” Premyer Liqanın son çempionudur. Belə bir komandaya “yox” demək çətindir. Amma indiki məqamda məni yalnız kubokun finalı maraqlandırır.
- Bir ara Riçard Almeyda kimi sizin də milliləşdiriləcəyiniz gündəmə gəlmişdi. Maraqlıdır, AFFA-dan belə bir təklif alsanız, cavabınız necə olar?
- Azərbaycan millisinin formasını geyinsəm, buna görə ancaq qürur hissi keçirərəm. Amma düşünürəm ki, sizin özünüzdə kifayət qədər yaxşı futbolçular var.
Qol.az