Elşad Əhmədov: “Görmək istədiyim “Neftçi”də həmin keyfiyyətə sahib olan oyunçular olmalıdır”

"Neftçi”nin baş məşqçi əvəzi Elşad Əhmədov müsahibə verib.
 
- “Kəpəz”lə oyun barədə qısaca danışardınız. İlk dəfə komandanı matça çıxardınız. Görüşdən nə dərəcədə razı qaldınız?
- Uşaqlarda həvəs var idi, istəkli idilər. Taktiki cəhətdən danışsaq, 2 günə hər şeyi həll edə bilməzdik. Sürətli hücumda istədiyimiz kimi deyildik. Çatışmayan cəhətlərimiz var idi. Oyunda rəqibi topsuz qoymağı bəzən bacarırdıq.
 
- Oyundan sonra futbolçulara ilk sözünüz nə oldu?
- Bildirdim ki, sakit olun. Qalib gəlmədikləri üçün əsəbi idilər. Biz nəticə olaraq qalib gəlmək istəyirdik. Futbolçularda istək var idi. Hamısında bu var idi. Bu, futboldur. Daha çox çalışmalıyıq.
 
- Elşad Əhmədovun düşündüyü “Neftçi” necə olmalıdır?
- “Neftçi” xalq üçün flaqmandır. Rəqibi topsuz qoymalı və kombinasiyalı oynamalıyıq. Sürətli oyun nümayiş etdirməliyik. Bu da onu gətirib çıxarır ki, futbolçuların keyfiyyətlərində çatışmayan cəhətlər var. Demirəm ki, oyunçularmızın keyfiyyətləri lap aşağı dərəcədədir. Görmək istədiyim “Neftçi”də həmin keyfiyyətə sahib olan oyunçular olmalıdır. Normal kollektivimiz var. Amma düşündüyüm “Neftçi” üçün həmin keyfiyyətdə olan oyunçular yoxdur. Həmin dərəcədə deyillər.
 
- Legioner oyunçulara aşılaya bilmisiniz ki, “Neftçi”də oynayırlar?
- Bu, xalq komandasıdır. Bizi yaşda olan insanlar üçün hər zaman “Neftçi” olub. Bütün futbolçulara demişiəm ki, hər biriniz dərk etməlisiniz ki, “Neftçi”də top qovursunuz. Onlar bunu yaxşı bilirlər. Ancaq mən yenə də bunu çatdırıram.
 
- Bu heyət ilk “üçlüy”ə düşmək üçün qane edir?
- Heyət komplektləşdirilib. Super olmasa da nəsə var. İlk 4 yerdə qarşılaşmaq olar. Bunun üçün isə çox çalışmaq lazımdır. İstədiyimiz hədəfə çatmaq üçün çox işləməliyik.
 
- Adətən, yeni baş məşqçi gələndə zaman tələb edir...
-  Bu, mütləqdir. Mən olmasam da, başqası gəlsə də, zaman istəyəcək. Hərənin futbola baxışı fərqli ola bilər. Mənim də öz futbol fəlsəfəm var. 2-3 günə heç nəyi dəyişə bilməzdik. “Kəpəz”lə oyunda nəsə etməyə çalışdıq. Top saxlamağa və arxa xəttdə boşluq buraxmamaq üçün diqqətli olmağa çalışdıq. Sürətli hücumları isə yaxşı bacarmırıq.
 
- Elşad Əhmədov hansı müddətdən sonra “Neftçi”ni yüksək yerlərə qaldıracaq?
- “Kəpəz”lə oyundan sonra mətbuat konfransında dedim ki, bizə 6-9 ay vaxt lazımdır. Hamı qəribə yanaşdı. 1-2 oyun udmaqla uzunömürlü komanda yaratmaq olmaz. Vaxt mütləq lazımdır.
 
- Qış fasiləsində “Neftçi”ni gücləndirmək lazımdır?
- Əlbəttə, bu, mütləqdir. “Neftçi”də “10 nömrə” yoxdur. Bu mövqeydə yalnız Rəhman Hacıyev çıxış edə bilir. Demirəm ki, transferləri səhv ediblər. Amma mənim sistemimdə buna Rəhman uyğundur. Heyətdə elə mövqeylər var ki, boşluqlar var.
 
- “Neftçi”nin ən zəif nöqtəsi hası mövqeydir?
- Yarımmüdafiə xəttini qeyd etməliyəm. Rəhmanı məcburiyyətdən pleymeyker kimi oynadıram. O, cinahlarda oynamağı sevir. Ancaq Rəhman həmin yerdə də çıxış edə bilər. Mən onu həmin mövqeydə görürəm. Özünə də dedim ki, yaxşı oynayıb çox çalışsa, millidə də çıxış edə bilər.
 
- “Neftçi” hansı komandalardan geri qalır?
- “Qarabağ” və “Qəbələ”dən geri qalırıq. “Zirə”dən də oyun baxımından geriyik.
 
- “Neftçi”dəki legonerləri komandaya layiq görürsünüzmü?
- Elələri var ki, layiqdir. Ancaq “Neftçi” flaqmandır. Bayaq da dediyim ki, daha güclü oyunçular lazımdır. Olsa, daha gözəl olardu.
 
- Bir çox məşqçinin adı “Neftçi” ilə hallandı. Buna münasibətiniz necədir?
- Hələ rəsmi qərar verilməyib. Hansı qərar qəbul edilsə, buna hörmətlə yanaşacam. Mən əvəzedici komandanın çalışdırıcısıyam. Bəlkə futbolçulara mane ola bilər. Ancaq mənə mane deyil. Mətbuatı çox oxumuram. Qərar rəhbərliyə məxsusdur.
 
- Elşad Əhmədov “Neftçi”dəki işinin öhdəsindən gələ biləcək?
- Heç bir işdən çəkinmirəm. Bacardıqca “Neftçi”ni yüksək yerlərə aparacam.
 
- Köklü klublarda istənilən vəzifədə çalışan şəxslərin üzərində böyük təzyiq olur...
- Əlbəttə, bu, normal haldır. Bu, “Neftçi”dir. Belə də olmalıdır. İşimin öhdəsində gəlməyə çalışacam.
 
- Premyer Liqada 4-cü turda rəqibiniz “Sumqayıt” olacaq...
- “Sumqayıt” yaxşı komandadır. Onların 2 məğlubiyyəti və 1 qələbəsi var. Bizim isə cəmi 1 xalımız var. Hər iki komandaya qalibiyyət vacibdir. Qalib gəlmək üçün çalışacağıq.
 
Sportal.az




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right