Qurban Qurbanov: “Bu məsələnin üzərinə ciddi düşmüşük”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov U-19 Liqasında "Qarabağ" - AZAL matçını stadiondan izləyib və oyundan sonra "Qarabağ"ın U-19 komandasına çempionluq kubokunun təqdim olunma mərasimində iştirak edib. Matçdan sonra Qurban Qurbanov newsport.az saytının əməkdaşının suallarını cavablandırıb:

-“Qarabağ”ın U-19 komandasının oyununu izlədiniz. Qarşılaşmanı necə dəyərləndirirsiniz?

-Medalların təqdim olunmasına görə bura gəlmişəm. Maraqlı oyun alındı, həm əsas komandamız, həm əvəzedici heyətimiz çempion oldu, bu gün də U-19 komandamız. Bu klubumuzun inkişafı üçün böyük addım oldu. Qızıl medal qazanmaq hər zaman futbolçulara əlavə güc verir. Rəşada görə çox şadam. Məşqçiliyin ilk ilində qızıl medal qazandı. 19 yaşlılardan ibarət komanda olmasına baxmayaraq, bu, hər bir məşqçi vacibdir.

-U-19 komandasından Avropada nə gözləyirsiniz?

- Bu gün oynayan uşaqlardan çoxu yaş məhdudiyyətinə görə Avropada kömək edə bilməyəcək. Amma bizim üçün böyük bir təcrübə olacaq. Düşünürəm ki, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək.

-Mətbuatda yayılan xəbərlərə görə, Rəşad Sadıqov növbəti mövsüm U-19 komandasından gedəcək.

-Bu barədə ətraflı oturub danışacağıq. Hələ tam qərar verməmişik.

-“Qarabağ”ın hazırlıq planı məlumdur?

-İyunun 1-dən Bakıda yığışacağıq. İyunun 16-sı Avstriyaya yollanacağıq. Avstriyada minimum 3 yoxlama oyunu keçirəcəyik, dördüncü oyunun olub-olmaması Çempionlar Liqasının püşkatmasından asılı olacaq. İlk oyunumuz evdə olsa, Bakıya erkən qayıtmalı olacıq, gox əgər səfərdə olsa, daha bir yoxlama oyunu keçirib təlim-məşq prosesindən birbaşa oyuna yollana bilərik. Rəqiblərin kimliyi isə hələ ki bilinmir.

-Komandaya cəlb olunacaq futbolçular məlumdur?

-Hələ ki yox. Yalnız danışıqlar gedir, bu məsələnin üzərinə ciddi düşmüşük. Futbolçuların sayı çoxdur, hər biriylə maraqlanırıq, həm klubları , həm də futbolçuların özləriylə danışıqlar aparırıq. Həm də digər ölkələrdə çempionatlar davam edir, bu da bizə çətinlik yaradır.

- Hansı mövqeydə yeni oyunçular görmək istəyirsniz?

- Bütün mövqələrdə.

-“Adanaspor”un aşağı liqaya düşməsindən sonra Reynaldonun Azərbaycana qayıdacağı deyilir. Yenidən “Qarabağ”a qayıtmaq ehtimalı var?

-Yox, məndə bu haqda heç bir məlumat yoxdur.

-Növbəti mövsümdə də 8 komanda olacaq. Çempionatının səviyyəsinin zəifləməsi klublarımızın Avropada çıxışına mane olmayacaq?

-8 komanda olması o demək deyil ki, çempionatın səviyyəsi zəif və ya güclü olacaq. Əgər 10-12 komandanın maliyyə sıxıntısı olsa, bu çempionatın səviyyəsinə təsir edə bilər. Əgər 8 komanda yaxşı heyət qurub və maliyyə sıxıntısı olmasa bu daha yaxşı olar. Ümumi götürsək, çempionatın səviyyəsi az da olsa aşağı düşür. Amma biz "Qarabağ" olaraq iştirak etdiyimiz hər turnirdən maksimum yararlanmağa çalışırıq, həm nəticə baxımından, həm də futbolçuların performansi baxımından. Biz də öz proqramımızı 8 komandalı çempionata görə quracağıq və çalışacağıq ki, komandanı yüksək yerlərdə saxlayaq.

- Rəşad Sadıqov zədə səbəbindən millinin məşqlərində iştirak etmir...

- Məncə zədəsi ciddi deyil, iki gündür ki, fərdi məşqlərə başlayıb. Həm də müalicəsini davam etdirir. Özüylə hələ ki danışmamışam, məndə olan məlumat bunlardır. Ola bilsin ki, 2-3 günə komandayla məşqlərə başlasın.

- Riçard Almeydanın milliləşdirilməsi məsələsi nə yerdədir?

- Hələ ki milli komandayla məşqlərini davam etdirir, amma FİFA-dan cavab gəlməyib. Yəqin Şimali İrlandiya ilə oyuna qədər cavab gələr. İnanmıram ki, mənfi cavab gəlsin.

- Şimali İrlandiya ilə oyunda milli komandamızdan nə gözləyirsiniz?

- Millimizi çətin oyun gözləyir, lakin fikirlərim müsbətdir. İnanıram ki, milli komandamız yaxşı oyun göstərərək qələbə qazanacaq.

Mərdan Həsənov





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz