Bədavi söz verdi: “Vuruşacağıq”

“Prinsipial oyun idi. “Neftçi” ilə matçlarımız həmişə maraqlı keçir. Bu qarşılaşma da istisna olmadı”. Bu sözləri “Qarabağ”ın kapitanı Bədavi Hüseynov deyib.

Təcrübəli müdafiəçi Misli Premyer Liqasının 25-ci turunda “Neftçi” üzərində qazanılan 4:1 hesablı qələbəni belə şərh edib: “İlk hissə tam istədiyimiz kimi keçmədi. Amma fasilədən sonra oyun daha gərgin idi, çoxlu hücum edirdik. Hesabda önə keçdikdən sonra daha açıq oyun getdi. Artıq “Bayer”lə oyunu düşünməliyik. Bugünkü görüş həmin matçdan öncə yaxşı təcrübə idi”.

Hüseynov matçın taleyini vurduqları 3-cü qolun həll etdiyini qeyd edib: “Neftçi” fərqi azaltdıqdan sonra təzyiqi daha da artırdı. Hesab 1:2 olanda onlar ard-arda təhlükəli künc zərbələri yerinə yetirirdilər. Buna görə də matç sona kimi çox gərgin alındı. Arxayınlaşmadıq, sona qədər mübarizə apardıq. Vurduğumuz üçüncü qol həlledici oldu”.

O, 25 turdan sonra ikinci pillədəki “Səbail”dən 23 xal öndə olmalarına belə münasibət bildirib: “Bəli, fərq çoxdur. Amma arxayınlaşmaq olmaz. Avropada da çıxışımızı davam etdiririk. Eləcə də ölkə kuboku var. Hər matça maksimum dərəcədə köklənmək lazımdır”.

Bədavi “Bayer”lə görüşdə uğurlu nəticə qazanmaq istədiklərini söyləyib: “Rəqib çox güclüdür. 30-dan çox oyundur ki, uduzmurlar. Daha əvvəl də onlara qarşı oynamışıq. Artıq “Bayer” bizim üçün tanış rəqibdir, üstün tərəflərini bilirik. Əlimizdən gələni edəcəyik. Rəqibə layiqli müqavimət göstərməliyik. Vuruşacağıq, bütün gücümüzü meydanda qoymalıyıq. Bütün fikrimizi yalnız qələbəyə yönəltmişik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right